36649
16:48
02 İyun 2020

Sabiq məmurun qızı vətəndaşa söyüş yağdırdı: "Gecə evə zəng vurub..." - FOTO

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova vətəndaşı təhqir edib. Bu barədə sosial mediada çoxsaylı statuslar paylaşılıb və sosial şəbəkə istifadəçiləri tərəfindən sabiq məmur qızının yazdıqları sərt tənqid olunub. Belə ki, A.Şükürova özünün instaqram hesabında hekayə bölümündə vətəndaş Cavid Rəcəbovu təhqir edib, mobil nömrəsini paylaşaraq, ünvanına alçaldıcı söyüşlər yazıb.

Məsələ ilə bağlı Cavid Rəcəbov özü Lent.az -a münasibət bildirib. Onun sözlərinə görə, A.Şükürovanın paylaşımına rəy yazdıqdan sonra belə hal ilə üzləşib:

“Aysel Şükürova instaqram sosial şəbəkəsində etdiyi paylaşımda atasını tərifləyirdi Mən də vətəndaş olaraq, fikrimi bildirdim ki, sənin atan xalqın pullarını oğurlayıb, korrupsionerdir. Onun atası barədə mediadan məlumatlar əldə etmişəm ki, korrupsioner olduğu üçün işdən qovulub. Mənim nömrəmi də özümün instaqram profilimdən tapıb. Profilimdə sürücülük vəsiqəmin fotosunu paylaşmışdım. Oradan ev nömrəmizi götürüb. Dünən gecə evə zəng edib, anamı, bacımı söyüb. Ev nömrəmizə zəng edəndən sonra mobil nömrəmi verdim ki, nə sözün var, mənə de. Əri zəng edib ki, gəl görüşək, söhbət eliyək. Mənim də vaxtım yoxdur onunla görüşəm, bütün günü işləyirəm. Zərgərəm. Aysel Şükürova profilinin hekayə bölümündə fotomu paylaşıb, ünvanıma ağır söyüşlər söyüb. Etdiyi təhqirlərə görə onu məhkəməyə verəcəm”.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürov 2018-ci il oktyabr ayının əvvəlində vəzifəsindən azad olunub. Barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılmışdı.