Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX
29 may 2020 13:00 (UTC +04:00)

Film qəhrəmanı, Bakının əfsanəvi müdafiəçisi, Bayılda gecəyarısı güllələnmə... - TARİX

 

“O olmasın, bu olsun” filmində qoçu obrazı var ha, keçisi də olur - həmin obraz realdır. Yəni Bakıda qoçu Nəcəfqulu adlı birisi yaşayıb - 1920-ci ilin mayın 29-na qədər. Həmin gün adamın başına nə gəlib nəql edəcəm, hələlik onun kimliyindən bəhs edim. Hörmətli adam olub, çünki haqqı nahaqqa verməzmiş. Hətta keçinin belə başqa keçilərdən fərqini tutub onu bir qızıl onluğa çobandan alıb. Çoban şikayət edib ki, bu keçinin əlindən sürünün rahatlığı yoxdur. Özündən böyük heyvanları da buynuzlayıb sürüdən didərgin salır. Yetənə yetir, yetməyə bir daş atır misalı. Qoçu da alıb gətirir keçini, onu qoz-fındıqla bəsləyir. Hara getsə keçi yanında olurmuş, keçi neynəsə gözün üstə qaşın var deyən olmazmış. Qoçu Nəcəfqulunun keçisidir-vəssalam.

Nəcəfqulunun 1918-ci ildə erməni daşnakları ilə döyüşlərdə şücaəti diqqətimi çəkdiyi üçün onun haqqında bilməyənləri də məlumatlandırmağa qərar verdim. Beləliklə, Qoçu Nəcəfqulu Bakı qoçusu olub.

 

1918-ci ilin martında ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb.  Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə Qafqaz-İslam ordusunun generalı Nuru Paşa onu ordenlə təltif edib.

Sovet işğalından sonra onu tutmaq üçün üstünə gələn bolşevik ordusuna təslim olmayıb, atışmada yaralayıb həbs ediblər.

1920-ci ili mayın 21-də isə Mayılov Teatrında qurulan məhkəmədə onu kommunist Əli Bayramovun qətlində ittiham ediblər: “İnqilabi Tribunanın ilk iclasını sədr Teymur Əliyev açır. İttihamçı təzə hökumətin ədliyyə komissarı Əliheydər Qarayev olur. Bunları qoçu Nəcəfqulunun nəvəsi Nailə xanım babası haqqında yazdığı kitabda danışır: “Əliheydər Qarayevin babamla köhnədən ədavəti varmış, babam bir dəfə ona iki sillə çəkibmiş”.

Həmin məhkəmədə Qoçu Nəcəfquludan başqa 19 nəfərin işinə baxılırmış, onlardan 12-si qoçu imiş. O qoçular ki, mart soyqırımında başqa maraqlarını, bir-biriləri ilə rəqib olduqlarını unudub birləşib ümumi düşmənə qarşı mübarizə aparıblar. Məhkəmədəki Nəcəfqulunun son sözü belə olur: “Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsində iştirak etmişəm, bir sıra cinayətlərdə əlim olub. Hərgah, siz məni bu işlərimə görə mühakimə etsəydiniz, mən sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramov tanıyıram, nə də onun ölümündə əlim olub. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?”

1920-ci il may ayının 28-dən 29-na keçən gecə saat 2.30-da Bayıl qazamatının iç həyətində açılan güllələr 15 kişinin həyatına son qoyur. Daşnaklara qarşı vuruşmuş bakılı kişilərin...

 

 

# 37222
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar