1783
16:53
21 May 2020

Bəzi məmurlar sahibkarların gəlirlərinə göz dikirlər - Prezident

“İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək və əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident qeyd edib ki, ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər: “Hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol vermək olmaz”.