1198
12:21
21 May 2020

"Futbolçuların karyeralarını təhlükəyə ata bilmərik" - “Sumqayıt”ın baş məşqçisi

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi

- Gün keçdikcə Premyer Liqanın bərpasına ümidlər azalır. Hazırkı durumu necə şərh edərdiniz?
- Əvvəl fikirləşirdik ki, tez başlasaq, futbolçuların formaya düşmə prosesi sürətli keçər. Ancaq iki aydan çoxdur ki, məşq etmirik. Artıq bizim üçün çətinləşir. Düzdür, hamımız istəyirik ki, çempionat bərpa olunsun. Amma oyunçuların sağlamlığı da önəmlidir. Digər Avropa ölkələrində hazırlaşmaq üçün bir aydan çox vaxt verirlər. Məsələn, Almaniya kimi ölkələrdə klublar əvvəlcə iki həftədən çox kiçik qruplarla məşq etdilər, ardından eyni müddətə kollektiv şəkildə hazırlaşdılar. Yəni kifayət qədər vaxtları oldu. Təəssüf ki, bizdə o qədər vaxt olmayacaq. Bu da bizi narahat edir. Karantin rejimi mayın 31-nə qədər çəkəcək. Bilirsiniz, təkcə cari mövsümü düşünmürük. Bunu bərpa edə bilsək, gələn mövsümün təqvimi necə olacaq? Çünki mövsümü avqusta qədər bitirmək lazımdır. Avropa çempionatına görə də UEFA növbəti mövsümü gələn ilin mayında yekunlaşdırmağı tapşırıb. Həmçinin transfer dönəmi, müqaviləsi başa çatanların taleyinin necə olması kimi məqamlar var. Məncə, vaxt keçdikcə çətinlik daha da artır.

- İndiki halda çempionatın bərpası mümkün görünürmü?
- Mayın 31-dən sonra icazə verilsə belə, klublar çətinlik çəkəcəklər. Hesab edirəm ki, çempionatın bərpası çətin görünür.

- Siz mövsümün yarımçıq başa çatdırılmasının tərəfdarısınız?
- Hamımız çempionatın bərpasını istəyirik. Bu bizim işimizdir. Oyunu meydançada keçirən futbolçulardır. Üzü yaya gedirik. 40 dərəcə istidə hazır olmayan futbolçudan nə tələb edə biləcəyik? Azarkeşlər belə vəziyyətdə oyundan zövq ala biləcəklərmi? Yoxsa sırf çempionatın bərpa olunması xatirinə oyunçuları təhlükəyə atmaq düzgün deyil. Bu suallar ətrafında düşünmək lazımdır. Hər dəfə karantin rejimi yüngülləşəndə futbolun bərpasına ümid etmişik. Amma təəssüf ki, vaxt uzanır. Avropada futbolçular testdən keçəndə də bəzilərində koronavirus xəstəliyi aşkarlanır. Çempionatı bərpa etdikdən sonra bitirmək özü də sual altındadır. 2-3 turdan sonra yenidən təxirəsalınma təhlükəsi var.

- Premyer Liqa bərpa olunsa, futbolçuların bazada məskunlaşması variantına münasibətiniz necədir?
- Almaniyada futbolçular karantindədirlər və onların yalnız evlərinə getmək icazəsi var. Ancaq bizdə karantin rejimi getdikcə yüngülləşir, hər yer açılır. Üstəlik, yoluxma da var. Yəni təhlükə var, hər an kimsə yoluxa bilər. Digər tərəfdən çempionat yenidən dayandırılsa, gələn mövsümə necə hazırlaşacağıq? Belədə növbəti mövsümü də təhlükəyə atarıq.

- Futbolçular bununla bağlı nə düşünürlər, söhbət zamanı onlarda narahatlıq hiss edirsinizmi?
- Futbolçular da qorxurlar. Hər kəs kimi, onlar da təhlükəni hiss edirlər. Ancaq darıxırlar, futbol oynamaq istəyirlər. Çünki işləri budur. İki aydan çoxdur ki, sevimli peşələrindən uzaqdırlar. Biz sadəcə çempionatın təhlükəsiz vəziyyətdə bərpa olunmasını istəyirik.

- Elə bir tarix varmı ki, həmin andan sonra Premyer Liqanın bərpası qeyri-mümkün görünür?
- Fikirləşirəm ki, mayın 31-dən sonra icazə verilsə, heç olmasa hazırlaşmaq üçün bir ay vaxt lazım olacaq. 4 həftəyə komandanı normal vəziyyətə gətirmək olar. Düzdür, əvəzetmələrin də sayını artırıblar. Amma isti havada istənilən tempi tutmaq çox çətin olacaq. İlk vaxtlar üç həftəlik hazırlıq kifayət edərdi. Amma mayın sonunda futbolsuzluq dönəmi 3 aya yaxınlaşacaq. Heç yay fasiləsində bu qədər dincəlmirdik. Ay yarımdan sonra təlim-məşq toplanışına yığışırdıq, 8 həftə vaxtımız olurdu. Hətta bu qədər məşqdən sonra komanda ideal forma yığa bilmirdi. İndi isə futbolçular, demək olar ki, aktiv həyat yaşamayıblar, evdən çölə çıxmayıblar. Psixoloji durumun da qaydasına salınmasına ehtiyac var. İndi heç kim deyə bilməz ki, 3-4 həftədən sonra nə olacaq. İlk dəfədir belə halla üzləşirik, bütün dünya hazırda bu virusla mübarizə aparır. Hamı futbolun bərpasını arzulayır. Ancaq futbolçuların karyeralarını təhlükəyə ata bilmərik.

- Mövsüm erkən başa çatdırılsa, “Sumqayıt” 4-cü yerin sahibi kimi çox güman ki, Avropa Liqasına yollanacaq. Bu isə digər klubların narazılığına yol açacaq. Sizcə, vəziyyət necə tənzimlənməlidir?
- Bu, fors-major durumdur. Çempionatın öz reqlamenti var. Yəqin ki, AFFA İcraiyyə Komitəsi bir qərar verəcək. Fikir veririk, başa çatdırılan çempionatlarda adətən heç kimi aşağı liqaya atmırlar, yuxarı pillələrdə qərarlaşanları da avrokuboklara göndərirlər. Bu, “Sumqayıt”ın və ya digər komandaların istəyi ilə olan şey deyil. Mənim fikrim budur ki, vaxt uzandıqca digər klublar da bununla razılaşacaqlar. Mövsüm tez başa çatdırılsaydı, hansısa narazılıq ola bilərdi ki, gözləyə bilərdik. Məncə, AFFA sona qədər gözləyir, çempionatı bərpa etdirmək istəyir. Hamımız oynamaq istəyirik. Ancaq mövsüm vaxtından əvvəl başa çatdırılsa, məncə, heç kim nəsə deməyəcək. Klublarımızın gələn mövsüm yaxşı çıxış etməsi, maliyyə durumunun aşağı düşməməsi üçün hazırlaşmağa yetərincə vaxt olacaq. Məsələn, klublar iki ay öncədən təlim-məşq toplanışına yığışıb, turnirlərdə gücünü sınaya bilər. Gələn mövsümə hamı yüksək səviyyədə hazırlaşa bilər.