1717
15:58
18 May 2020

Xocalı köçkünü Prezidentə yazır: "Bütün qurumları səfərbər etməyiniz..."

Koronavirus pandemiyası dünyanın bir çox ölkələrində qarşısıalınmaz bəlaya çevrilərək, kütləvi insan ölümünə səbəb oldu. Hətta bəzi “səhiyyə dövlətləri”nin də aciz olduğunu sübut etdi. Ancaq koronavirus təkcə insan tələfatı baxımdan faciə yaratmadı. Həm də əksər dövlətlərdə ərzaq qıtlığına səbəb oldu. Bir çox Avropa ölkələrində insanların kütləvi şəkildə marketlərə axın etməsi ərzaq qıtlığına yol açdı.

Ancaq Azərbaycan dövlətinin pandemiyanın hələ kök salmadığı vaxtlardan atdığı addımlar sayəsində ölkədə kütləvi yoluxmaların və tələfatın qarşısını almaq mümkün oldu. Marketlərdə ərzaq qıtlığı yaşanmadı və.s. Bütün bu görülən işlərə görə, respublikanın ayrı-ayrı bölgələrindən prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlanır. Növbəti belə məktubu Xocaldan məcburi köçkün, şəhid övladı Vüsal Əmirli yazıb.

Lent.az həmin məktubu təqdim edir:

“Möhtərəm cənab Prezident!

Koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu bir daha dünyaya sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın Sizlərə olan rəğbətini daha da artırdı. Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm”.