1788
17:08
05 May 2020

Zirvə görüşü: Bu, Azərbaycan liderinə inam və etimadın göstəricisi idi

Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Prezident Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündən sonra ikinci dəfə dünya liderlərini bir araya toplamağa müvəffəq oldu. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi hesab olunmalıdır. Dövlətimizin başçısı təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya çatdırdı.

Bu Zirvə görüşü həm də Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisi idi.

Elə əksər ekspertlər də bu fikirdədirlər ki, Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.

Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın ÜST başda olmaqla bəzi ölkələrə də etdiyi yardım hazırkı çətin vaxtda əsl dayanışma və həmrəylik nümunəsidir:

“40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilməlidir. Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT Baş katibi cənab Antoniu Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borrelin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir”.



Politoloq Şəbnəm Həsənovanın fikrincə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir.

“Xüsusi bir məqam ondan ibarətdir ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində bir ilkə də imza atıldı. Belə ki, Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Beləliklə də nəinki normal dünya düzənində, hətta qlobal pandemiyanın yaratdığı mürəkkəb tarixi şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla rastlaşdığı bir zaman kəsiyində Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi”.



Politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə, bu Zirvə görüşü göstərdi ki, Azərbaycan beynəlxalq öhdəliklərə çox ciddi və məsuliyyətlə yanaşır.

“Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir”.



Politoloq Aydın Quliyevin fikrincə, ki, əslində Prezident Əliyevin bu təşəbbüsləri yeni səmərəli beynəlxalq əməkdaşlıq platformalarının yaradılması prosesinin başlanğıcıdır: Sitat: “Dünyanın koronavirus üzərində labüd qələbəsində Azərbaycan xüsusi paya haqq etdiyini hamıya göstərdi. Qoşulmama Hərəkatı ölkələrinin videokonfransı Azərbaycanın pandemiya ilə mübarizə modelinə beynəlxalq marağın yeni mərhələsini açdı. azı 120 ölkənin Azərbaycanın tətbiq etdiyi mübarizə modelinin müəyyən elementlərindən istifadə etməsi dünya miqyaslı əsaslı dəyişiklik və nəticələr doğura bilər”.

Hə, bu vaxtında irəli sürülmüş təşəbbüs və görüş idi. Elə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün bəyannaməsində də nahaq yerə qeyd olunmadı: “Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.