2030
20:48
30 Aprel 2020

İran münaqişəni alovlandırır - koronavirus da əngəl ola bilmədi

İsrailin https://blogs.timesofisrael.com/ resursu İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrlərdə tutduğu mövqe ilə bağlı analitik yazı yayımlayıb. Lent.az həmin yazını təqdim edir.

Hökumətlər koronavirusun yalnız sağlamlıqla bağlı dağıdıcı təsirlərini deyil, eyni zamanda imicə vurduğu zərbənin təsirini azaltmaq üçün əllərindən gələni edirlər. Dövlət Departamentinin yeni hesabatında ölkəsində koronavirusdan ölüm hallarının artmasının günahinı ABŞ-ın sanksiyalarında görən İran kimi ölkələrin dezinformasiya kampaniyaları təsvir edilir.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif "Biz sanksiyaların ədalətsiz olduğunu hər zaman söyləmişik və koronavirus bu ədalətsizliyi dünyaya bəyan etdi" deyib. Lakin İranın son həftələrdəki davranışı tamamilə fərqli məsələdən xəbər verir. Nə virus, nə də sanksiyalar İranı Fars körfəzində ABŞ Hərbi Dəniz Gəmilərini təhdid etməkdən çəkindirmədi. Eyni zamanda, İran Müdafiə Nazirliyi İsrailə qədər yetişə biləcək pilotsuz uçan aparatlarını nümayiş etdirdi.

Tehranın aqressiyasının digər bir nümunəsi hər kəsin gözü önündə, yük maşınları ilə BMT TŞ-nın qətnamələri ilə Azərbaycanın tərkib hissəsi olduğu təsdiq edilən, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa gizlin-gizlin yanacaq göndərməsidir. İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirir, yanacaq göndərəndən sonra iki qonşu ölkə olan Ermənistan və Azərbaycan arasındakı münaqişəni alovlandıracaq hər hansı bir hərəkətə qarşı olduğunu iddia edir. Əslində isə iranlılar, özlərinin yaxşı düşünülmüş "Modus Operandi"si ilə (Latin sözü olüb, "Cinayət törətmək" mənasını verir) onilliklərdir davam edən Dağlıq Qarabağ münaqişəsini daha da alovlandırırlar. Yerevan Universitetinin iranşünaslıq üzrə mütəxəssisi Vardan Voskanyan izah edir ki, Ermənistanın Dağlıq Qarabağı işğalı, İranda Azərbaycanlı milli azlığın yaşadığı şimal-qərb bölgəsi ilə Azərbaycan Respublikası arasında bufer zona yaratmaqla, milli təhlükəsizlik problemini həll edir.

İranın Dağlıq Qarabağdakı hərəkətləri, dünya miqyasında sərhədlərinin və ticari əlaqələrinin bağlanmasına - və özünün iddia etdiyi sanksiyaların virusa qarşı mübarizəni əngəlləməsinə - baxmayaraq, İran və Ermənistan arasında iqtisadi qapıların necə geniş şəkildə açıq olduğunu göstərir.

Koronavirus İran xalqına ağır zərbə vursa da, Tehran İrəvanla ticari əlaqələrini ləngitmədi. İran İslam Respublikası Gömrük İdarəsinin mətbuat xidmətinin rəhbəri Ruhullah Lətifi bildirib ki, bu ay Ermənistan 430 milyon ABŞ dolları dəyərində İran malları idxal edib. Bu o deməkdir ki, İran, Ermənistan üçün Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələr arasında Rusiyadan sonra ikinci ən böyük ixrac məkanıdır.

Avrasiya İqtisadi Birliyinə qoşulmaqla, İran demək olar ki, heç bir tarif ödəmədən, öz mallarını Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyaya ixrac etmək imkanı qazandı. Bu tənliyin əsas parametri Ermənistandır, çünki o, Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DHATS) bağlayan və həyata keçirən, eyni zamanda AİB-ə üzv olan yeganə dövlətdir. Ona görə də, İran-Ermənistan ticarəti bütün Avropada İranın ticarət fəaliyyətinə təkan verən bir amildir, habelə sanksiyalardan yan keçməyin vasitələrindən biridir.

Əslində, İranın sanksiyalardan yan keçmə üzrə ixtisaslaşan ölkə qismində fəaliyyətinin tarixi ətraflı surətdə sənədləşdirilib. Ermənistan bankları Tehranın xarici tərəfdaşlara köçürdüyü və onlardan aldığı ödənişlərin dolaşıq yollarla icra etməsinə imkan yaradılması sahəsində müəyyən iş təcrübəsinə malikdir. 2019-cu ilin avqustunda ABŞ iki Ermənistan şirkətinə İranla işgüzar əlaqələrinə görə sanksiyalar tətbiq etdi.

Bu arada ABŞ-ın Demokratik partiyaya mənsub senatorları İranı gücləndirən ermənipərəst siyasi gündəliyi təşviq etməyə davam edir. Senator Robert Menendesin (Demokrat-Nyu Cersi) rəhbərliyi altında hazırlanan məktub bazar ertəsi günü Senatın Dövlət, Xarici Əməliyyatlar və Müvafiq Proqramlara ayrılan Vəsaitlər Alt-komitəsinin rəhbərlərinə göndərildi və bunu etməkdə məqsəd Tramp administrasiyasının Dağlıq Qarabağa ayrılan ABŞ yardımını kəsməsinin qarşısını almaqdır.

Ermənistanın dəstəkçisi kimi ad çıxaran, lakin eyni zamanda İranın təcavüzkar siyasəti əleyhinə öz etiraz səsini ucaldan, Nyu Cersidən seçilən senator Menendes İran əleyhinə sanksiyaları planlaşdırmaq və həyata keçirmək naminə şəxsən yorulmadan çalışdığı halda, hazırda Tehran-Yerevan münasibətlərinin həmin sanksiyalara nə dərəcədə xələl gətirməsi barəsində israrla susur. Bu qəribə təsadüf faciəli olmaqla yanaşı, həm də təhlükəlidir.

Keçən ilin sentyabr ayında “Ermənistan və Dağlıq Qarabağ əleyhinə təcavüzkar siyasət” iddialarını əsas gətirməklə, “Azərbaycana göstərilən hərbi yardımın dərhal dayandırılması” başlıqlı məktubu imzalayarkən, senatorlar Frenk Pallone (Demokrat-Nyu Cersi), Ceki Speyer (Demokrat-Kaliforniya) və Adam Şif (Demokrat-Kaliforniya) da İranı gücləndirə biləcək bir mövqeyi müdafiə etdilər. Onların məktubu ilə hədəfə alınan maliyyə vəsaiti —2018-ci maliyyə ilində Azərbaycana verilməsi nəzərdə tutulan 58,6 milyon ABŞ dolları və 2019-cu maliyyə ilində Azərbaycana veriləcək 42,9 milyon ABŞ dolları — Tərəfdaş Bazasının Yaradılması proqramının 333-cü Bölməsinin təsiri altına düşdü və dəniz akvatoriyasının təhlükəsizliyinə, habelə sərhəd qoruma qabiliyyətlərinin inkişaf etdirilməsinə, o cümlədən İran-Azərbaycan sərhədində İranın təcavüzkar əməllərinin dəf edilməsinə aid edildi.

İran Fars körfəzindən Dağlıq Qarabağa qədər uzanan ərazilərdə özünün xaosu və münaqişələri uzatmaq məqsədlərini ifşa etdi. Uzun illər ərzində İran tərəfindən maliyyələşdirilən Həmas və Hizbullah terror təşkilatlarının hədəfi olan İsrail bu təhlükəli vəziyyətlə yaxından tanışdır. Xüsusilə koronavirus dövrünün misli görülməyən qeyri-sabitliyi şəraitində həm İranın aşkar təcavüzkarlığı, həm də Tehrana kömək edən ölkələrin daha gizli təsiri əleyhinə mübarizə aparmaq məqsədilə birlikdə işləmək vəzifəsi eyni mövqeli müttəfiqlər kimi ABŞ, İsrail və Azərbaycanın öhdəsinə düşür.