13:26
30 Aprel 2020

Ev bazarı donub: nə alıcı var, nə satıcı - REPORTAJ

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan mənzil bazarında ötən ilin sonuncu rübü ilə müqayisədə ucuzlaşma, eyni dövrünə nisbətən isə cüzi bahalaşma müşahidə olunub.

APA TV-nin xəbərinə görə, bu, Dövlət Statistika Komitəsinin məlumatında öz əksini tapıb.

Rəsmi statistikaya əsasən, 2020-ci ilin 1-ci rübündə mənzil bazarında qiymət indeksi 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 99,8% (0,2% ucuzlaşma), o cümlədən ilkin mənzil bazarı üzrə 100%, təkrar mənzil bazarı üzrə 99,8% təşkil edib.

Mart ayında isə daşınmaz əmlak bazarında ümumilikdə 3% azaldılma müşahidə olunub. Hazırda karantin dönəmində bir çox sahələrdə olduğu kimi, əmlak bazarında da durğunluq müşahidə olunur.

Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən və yolu daşınmaz əmlak bazarına düşən şəxslərin toplaşdığı məkanda indi nə satıcı var, nə də alıcı.

- Bir insan yoxdur ev alıb-satan. Mən də hər gün gəlirəm burda oturub gedirəm. Evlərin qiyməti qalxıb. Ev yiyələri deyir ucuz verməkdənsə, qoy bağlı qalsın evim. Evlərin qiyməti 300 manatdan başlayır. 350, 400, 500 manata kimi dəyişir. Həyət evləri 150 manata da var.

- Özümün evim var, onu kirayəyə vermək istəyirəm. Amma müştəri tapa bilmirəm. Evimi 250 manata verirdim, adətən, amma indi 230, 200 manata kimi də verə bilərəm.

Ekspert Nüsrət İbrahimov isə hesab edir ki, mənzil bazarında yenidən canlanma pandemiyanın davam etmə müddətindən asılı olacaq. Eyni zamanda neft birjalarında qiymətlərin hansı səviyyədə olacağı da bu sahənin taleyinə aydınlıq gətirəcək: “Çünki karantin günlərində insanların hərəkətinə məhdudiyyətlər tətbiq edildi. Bununla yanaşı, alışın və satışın aktiv iştirakçıları olan əmlak qiymətləndiricilərinin fəaliyyətinə məhdudiyyətlər qoyuldu. Bütün bunlar da dolayısı ilə alqı-satqı aparılmasını məhdudlaşdırdı. Bu zaman əmlak bazarında olan aktivlik 0 dərəcəsinə endi”.

Ekspertin fikrincə, mart ayının yekunlarına görə, kirayə bazarında qiymətlər 5,6%-ə düşüb. Aprel ayında isə hələ ki, qiymətlər stabil olaraq qalıb. Buna səbəb də çoxlu sayda əqdlərin bağlanmaması göstərilir. Lakin karantin şərtlərinin yumşaldıldığı bir neçə gün ərzində iş yerlərinin yenidən açılması səbəbi ilə kirayə bazarında artıq hərəkətlilik müşahidə edilir.

Nüsrət İbrahimov əmlak bazarında canlanma yaratmağın çıxış yollarından biri kimi daxili investisiya yatırımlarının vacib olduğunu bildirib: “Bir sıra iş adamları vaxtilə öz investisiyalarını müxtəlif xarici ölkələrə qoymuşdular. Hazırda pandemiyanın təsiri ilə onlar öz investisiyalarını həmin ölkələrdən geri çəkərək ölkəmizin daşınmaz əmlakına yatıracaqları gözlənilir. Bu zaman daxili bazarda canlanma müşahidə ediləcək”.

Bütün bunlarla yanaşı, mart ayından etibarən əhali tərəfindən həyət evlərinə marağın artdığını deyən ekspert hesab edir ki, burada da iki amil özünü göstərir. Bunlardan birincisi karantin rejiminin tətbiq olunduğu gündən bir sıra vətəndaşların kirayə yaşadıqları mənzillərin darısqal olmasını əsas gətirərək həyət evlərinə köçməsi, digəri isə vətəndaşların yay aylarını daha çox həyət evlərində yaşamağa üstünlük verməsidir.

Ötən illərin təcrübəsi göstərir ki, hər il may ayının sonlarından başlayaraq bir qisim paytaxt sakini Bakı ətrafı kəndlərdə, dəniz sahilinə yaxın yerlərdə müvəqqəti yaşamağa üstünlük verirlər. Bu il sözügedən proses pandemiya səbəbindən bir qədər tez - mart ayından başlanıb. Mütəxəssis həyət evlərinin qiymətlərində yay aylarında bir qədər də artım olacağını gözlənilən hesab edir.

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

Dİgər xəbərlər