"Yuventus"un hücumçusu Paulo Dibalanın koronavirus pandemiyası ilə bağlı problemləri bitmək bilmir.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvünün xəstəliyi hələ də keçməyib.
Martın 21-də özündə və argentinalı müğənni olan sevgilisi Oriana Sabatinidə koronavirus simptomları aşkarlanan Dibala 6 həftə ərzində 4-cü dəfə testdən keçirilib. İlk 3 testdəki kimi, bu dəfə də nəticə müsbət olduğundan, ulduz futbolçunun karantin müddəti davam etdirilib. Dibalanın sağlamlığının qaydasında olmasına baxmayaraq, xəstəlikdən hələ də qurtulmaması təəccüblə qarşılanıb.
Qeyd edək ki, "Yuventus"un digər futbolçuları Daniele Ruqani, Blez Matuidi də koronavirus infeksiyasına yoluxmuşdular.