18:29
18 Aprel 2020

"Qəbələ"nin müdafiəçisinə 3 klubdan təklif


"Qəbələ" daha bir aparıcı futbolçusu ilə yollarını ayırmaq təhlükəsi ilə üz-üzədir.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İvitsa Juniç Premyer Liqanın digər klublarından birinə keçə bilər.

Ötən ilin yayında ölkəmizə gələn xorvatiyalı oyunçunun cari mövsümdəki yüksək performansı iddialı komandaların da diqqətindən yayınmayıb. Mövsüm bitməmiş artıq 3 klub ona elçi düşüb. Bunlar "Qarabağ", "Neftçi" və "Sabah"dır.

Doğrudur, ilk iki komanda üçün Juniç siyahıdakı alternativlərdən biridir. "Qarabağ" və "Neftçi" gündəmlərindəki oyunçularla anlaşa bilməsələr, diqqətlərini Juniçə yönəldəcəklər. Amma "Sabah" üçün 32 yaşlı müdafiəçi prioritet hədəfdir. Paytaxt klubunun baş məşqçisi Jelko Sopiç gələn mövsüm müdafiənin mərkəzində Bəhlul Mustafazadəyə məhz həmyerlisinin tərəfdaşlıq etməsini istəyir.

"Sabah" rəhbərliyi Juniçi əldən buraxmamaq üçün vaxt itirmədən onun razılığını almaq istəyir. Futbolçunun "Qəbələ" ilə müqavilə müddətinin mövsümün sonuna qədər olması bu keçidin baş tutma ehtimalını artırır.

Qeyd edək ki, İvitsa Juniç 4-cü turdan etibarən "Qəbələ"yə qoşulub. Futbolçu həmin vaxtdan bəri keçirilən 17 matçın hamısında iştirak edib, yalnız XX turdakı oyunda ikinci hissədə əvəzlənib. Ucaboy müdafiəçinin aktivində 2 qol var.

Dİgər xəbərlər