1037
17:03
10 Aprel 2020

“Koronavirus xəstəliyi faciəvi nəticələrə gətirib çıxarıb" - İlham Əliyev

“Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarıb Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir: “Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”.

Azərbaycan Prezidenti bildirib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir.

“Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var”, - deyə dövlət başçısı vurğulayıb.