"İnsanlarda koronavirusa qarşı immunitet yaranır" - İspan virusoloq
09 aprel 2020 15:58 (UTC +04:00)

"İnsanlarda koronavirusa qarşı immunitet yaranır" - İspan virusoloq

Koronavirusa yoluxub sonra sağalanları test edəndə virusun təkrar aşkar olunması hallarına rast gəlinir.

Lent.az-ın məlumatına görə, bunu BBC-nin jurnalistləri araşdırıblar. Araşdırmaya görə,  soyuq dəyməylə nəticələnən koronavirus infeksiyaları, adətən, insanlarda immunitet yaradır. Bəs, COVID-19 patogenini başqalarından fərqləndirən nədir?

Həkimləri narahat edən ilk belə hal Tokio sakini olan 70 yaşlı kişidə müşahidə olunub.

O, fevral ayında koronavirusa yoluxub, infeksiya şöbəsinə yerləşdirilib, sağalaraq normal həyata qayıdıb və hətta ictimai nəqliyyatdan da istifadə edib.

Ancaq bir neçə gündən sonra onun səhhəti yenidən pisləşib, qızdırması qalxıb və təkrar xəstəxanaya qayıtmalı olub.

Yaponiyanın NHK telekanalının xəbərinə görə, həmin şəxsi ikinci dəfə test ediblər və onda bu dəfə də virus aşkar edilib.

Yaponiyada bu, yeganə nümunə olmasa da, koronavirusun qayıtması tez-tez rast gəlinən hal deyil. Ancaq belələrinin sayı hiss olunacaq qədər çoxdur və virusoloqlar bunun niyə baş verdiyini hələ də anlaya bilmirlər.

İspaniyanın milli biotexnologiya mərkəzinin virusoloqu Luis Enxuanes BBC-yə bildirib ki, təkrar test zamanı COVİD-19-dan müalicə olunan pasientlərin 14 faizində virus yenidən aşkar edilir.

Virusoloq hesab edir ki, bu, təkrar yoluxma faktı deyil, sağalmış şəxslərin orqanizmində virusun çoxalması hadisəsidir:

“Başqa variantlar da mümkündür. Mənim versiyam budur ki, insanlarda koronavirusa qarşı immunitet yaranır, ancaq bəzi şəxslərdə immun reaksiyası zəif olur və bu reaksiya yavaşlayanda virus yenidən aktivləşir”.

Bəzi viruslar üç ay və daha çox müddətə orqanizmdə qala bilirlər.

“Hər hansı şəxsdə testin nəticələri əvvəl müsbət, sonra mənfi olanda, həkimlər hesab edirlər ki, onda virusa qarşı immunitet əmələ gəlib və infeksiyanın simptomları təkrar müşahidə olunmamalıdır. Ancaq immun sisteminin təsirinə daha az məruz qalan bəzi infeksiya törədiciləri toxumalarda qala bilirlər”,  - Enxuanes belə deyir.

COVID-19 törədicisində həkimləri narahat edən məqam budur ki, test virusdan sağalma faktından az sonra müsbət nəticə göstərir.

İnsanın immun sisteminin müxtəlif infeksiyalara fərqli reaksiyalar verməsi bilinən faktdır.

Məsələn, kiçik yaşlarda bircə peyvəndin vurulması kifayət edir ki, qızılcaya qarşı ömürlük immunitet yaransın.

Ancaq bəzi ölkələrdə səhiyyə işçiləri müəyyən yaşda bu peyvəndin müasir variantını təkrar vurdurmağı məsləhət görürlər.

Peyvəndlərin kifayət qədər təsir etmədiyi digər viruslar da var, ona görə mütəmadi olaraq yeni vaksinlər vurdurmaq vacibdir.

Məsələn, mutasiya edən qrip virusuna qarşı hər il peyvənd etdirmək lazımdır.

COVID-19 xəstəliyini yaradan yeni koronavirus kifayət qədər öyrənilməyib və alimlər ona təkrar yoluxmanın səbəbini hələ müəyyən etməyiblər.

Madriddəki III Karl adına Sağlamlıq İnstitutunun əməkdaşı İsidoro Martines koronavirusun qayıtmasını mümkün sayır, amma COVID-19 zamanı virusa müsbət reaksiyanın mənfi olandan bu qədər tez yaranmasını qəribə hesab edir.

“Uzunmüddətli immunitetin yaranmaması o deməkdir ki, növbəti epidemiya zamanı - bir, ya iki il sonra siz infeksiyaya təkrar yoluxacaqsız. Bu normaldır. Ancaq virusdan yenicə sağalmış insanın tezliklə təkrar xəstələnməsi nadir haldır. Bildiyimiz qədərilə, bu koronavirus qrip virusu qədər sürətli və güclü mutasiyaya məruz qalmır”, - Martines belə deyir.

Onun izahı Enxuanesin fikirlərinə yaxındır.

“Ola bilsin, koronavirus testinə mənfi nəticədən dərhal sonra ortaya çıxan müsbət nəticə infeksiyanın orqanizmdə tam məhvindən əvvəl müvəqqəti aktivləşməsiylə bağlıdır”, - virusoloq belə deyir.

Ancaq hər iki mütəxəssis qeyd edir ki, COVID-19 virusunun təbiətini anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.

Panamerikan Səhiyyə Təşkilatı BBC-yə açıqlamasında bildirib ki, COVID-19 törədicisi “haqqında hər gün daha çox şey öyrəndiyimiz yeni virusdur” və bu gün təkrar yoluxma hallarını tam aydnlığıyla izah etmək mümkün deyil.

Ancaq alimlərin bu yöndəki araşdırmaları davam edir.

 

# 1638
avatar

Oxşar yazılar