600-dək qədim əlyazma və çap kitabı belə mühafizə olunur
08 aprel 2020 10:55 (UTC +04:00)

600-dək qədim əlyazma və çap kitabı belə mühafizə olunur

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun  yaradılmasından 15 il ötür.
Bölmədən Lent.az-a verilən məlumata görə, fondda bu gün 600-dək qədim əlyazma və çap kitabı mühafizə olunur. Azərbaycan, türk, fars, ərəb və başqa dillərdə tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, həndəsə, riyaziyyat, astronomiya, tibb, coğrafiya və digər elm sahələrini əhatə edən qiymətli materialların 90-dan çoxu əlyazma, qalanı isə daşbasma üsulu və elektrik mətbəəsində çap olunan kitablardır.
Bunların arasında ən qədimi Qurani-kərimin incə nəstəliq xətti ilə ərəbcə yazılan bəzi ayələri və dua nümunələri toplanan kiçik formatlı əlyazmadır. Bu əlyazma təxminən 500 il bundan əvvələ aiddir. Həmçinin müəllifi Abdullah Məhəmməd Nasiri olan 400 il bundan əvvəl ərəbcə yazılan “Ehticac” adlı əlyazma və Hacı Molla Əbdülkərim ibn-Məhəmmədəli Xorasaninin 1224 hicri qəməridə (miladi 1824) çap olunan farsca “Ənisül vaizin” fondda qorunan ən qədim çap kitabıdır. Ən qədim türkdilli kitab isə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə katib Məşədi Hacı ağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin Azərbaycan dilində olan “Leyli və Məcnun” poemasıdır.
Bu gün fondun kitabxanasında Azərbaycan, ərəb, fars, ingilis və rus dillərində əksəriyyəti əlyazmaşünaslıq və mətnşünaslığa aiddir 300-dək müasir çap kitabları saxlanılır. Fondda qorunan kitabların bir qismi bərpa olunub, 200-dək kitab cildlənib və  onlara müəyyən gigiyenik xidmət göstərilib.
Spənət nümunələrinin kataloqlaşdırılması həyata keçirilib. Ötən dövrdə fondun arxivində mühafizə olunan qədim əlyazma və çap kitablarının demək olar ki, hamısına ilkin elmi rəylər yazılıb, onların adı, müəllifi, katibi, tərcüməçisi, yazılma, çap edilmə tarixi, yeri, xətti, həcmi və məzmunu müəyyən edilib. Fondda Məhəmmədhəsən Ordubadinin həyatı və əsərləri, Mirzə Mehdi xanın üzü Naxçıvanda köçürülmüş “İxtisarname-ye ovliya-ye adəmiyyət”, Bayrək Quşçuoğlunun əlyazmaları, Əli Əkbər ibn-Məhəmmədrza Dəllak Naxçivaninin “Muxtarnamə” əsərinin paleoqrafik xüsusiyyətləri, Kazım Ordubadinin “Tibbə dair qeydlər”, Müseyib Naxçıvaninin “Həqayiqi ət-tarix”, Hatif İsfəhani Ordubadinin “Tibnamə”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaid-e fəlsəfə”, Fazil Naxçıvaninin haşiyə və xülasə yazdığı “Böyük Qarabaddin”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-dümu”, “Qürrətül-əbsar”, “Məzahir ən-Nur” və digər əsərlər tədqiqata cəlb olunub. 

# 974
avatar

Aygün İbrahimli

Oxşar yazılar