681
16:24
04 Aprel 2020

Şirvanda karantin rejimini pozan 60 sürücü və sərnişin cərimələndi - FOTO


Şirvanda karantin rejimini pozan 60 sürücü və sərnişin cərimə edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində koronavirus (COVİD 19) pandemiyasına qarşı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun şəhərin bütün giriş və çıxışlarında postlar qurulub.

Qurulan karantin keçid postları son sutkalar ərzində təkmilləşdirilərək polis əməkdaşlarının 24 saat ərzində fəaliyyəti üçün tam hazır vəziyyətə gətirilib.

Belə ki, postlara polislərin istirahəti üçün müvəqqəti vaqonlar qoyulub, gecə saatlarında fəaliyyət göstərmək üçün əraziyə işıqlandırma sistemi quraşdırılıb.

Artıq bu gün gecə saat 00.00-dan postlar tam karantin rejiminin yeni təsbit olunmuş qaydalarına uyğun gücləndirilmiş iş rejimində fəaliyyətə başlayacaq.

Karantin postlarında bu günə kimi qaydaları pozan 60-dan çox sürücü və sərnişin cərimə edilib. Artıq ciddi qaydaların tətbiqi Şirvan şəhərinin küçələrinin tam boşalmasına imkan yaradıb.