Ukrayna mətbuatı Azərbaycandakı vəziyyətdən yazdı: “Mükəmməl sistem qurublar”
02 aprel 2020 12:36 (UTC +04:00)

Ukrayna mətbuatı Azərbaycandakı vəziyyətdən yazdı: “Mükəmməl sistem qurublar”

Dünyada koronavirsun tüğyan etmədiyi ölkə demək olar ki, qalmayıb. Avstraliyadan Kanadaya, Çindən uzaq Argentinaya qədər virus bütün dünyanı cənginə alıb. Elə keçmiş postsovet ölkələrində də vəziyyət ürəkaçan deyil. Rusiyada yoluxanların sayı günbəgün artır. Qazaxıstanda ilk ölüm halları qeydə alınmağa başlayıb. Elə Ukraynada da yoluxanların sayı artaraq 800-ə çatıb. Təkcə aprelin 1-də 125 nəfər koronavirusa yoluxub. Bu virusdan ölənlərin sayı isə 20 nəfərə çatıb, 13 nəfər sağalıb. Bu ölkənin tanınmış lb.ua portalı Azərbaycanda koronavirusla mübarizəyə həsr edilən yazı dərc edərək, ölkəmizin təcrübəsindən yararlanmağı təklif edib.

Müəllif Aleksandr Demçenko yazır:

”Bu gün bütün Azərbaycan karantindədir. Adamlar parklara, kababxanalara getmirlər, ibadət yerlərinə baş çəkmirlər və bütün bunları sivil qaydada edirlər; heç bir panikasız.

Müəllif qeyd edir ki, Bakı lap əvvəldən mükəmməl sistem qurdu. Koronavirusun tüğyan elədiyi dövlətlərdən gələn vətəndaşlarını aerportdaca müayinədən keçirdilər. Daha sonra gələnlərlə bağlı məcburi qaydada rəftar edildi. Bütün ölkə üzrə karantində olanlara 4 və 5 ulduzlu otellər ayrıldı, insanlar buna görə bir qəpik də ödəmirlər. Həmin otellərdə azərbaycanlılar daimi həkim nəzarətindədirlər.

“Hazırda Azərbaycanda Koronavirusla Mübarizə Fondu fəaliyyət göstərir. Dövlət bu Fonda 1 milyard manat ayırıb. Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı, 1-ci Vitse-prezident Mehriban Əliyeva ayrı-ayrılıqda özlərinin illik əmək haqlarını bu Fonda köçürüblər. Hazırda hər bir şirkət, banklar, özəl müəssisələr ora pul köçürürlər, ianələr günbəgün artır”.

Demçenko yazır ki, Azərbaycan öz vətəndaşlarını bu və ya digər ölkələrdən vətənə gətirir. Onlara təcili şəkildə təyyarə ayrılır.

Müəllif qeyd edir ki, Azərbaycan hakimiyyəti lap əvvəldən gələnlərin hamısını təcrid elədi və müvafiq infrastruktur yaratdı. Sitat: “Bu yaxınlarda prezident İlham Əliyev öz xanımı ilə Bakıda 575 çarpayılıq “Yeni Klinika”nın açılışını ediblər. Bu klinikada 1500 tibbi personal çalışacaq. Amma bu günlərdə xəstəxana mütləq şəkildə koronavirusa yoluxanları qəbul edəcək”.

Jurnalist nəqliyyat sahəsindəki vəziyyətdən də yazır. Müəllif qeyd edir ki, Bakıda metro bağlıdır. Metro stansiyaları arasında ekspress-avtobuslar hərəkət edir. Əyalətdən Bakıya, Sumqayıta və Abşerona giriş və çıxış tam məhdudlaşdırılıb.

“Azərbaycan ölkənin ərzaq təminatı üçün də uğurlu addımlar atıb. Bütün mağazalarda məhsullar şüşə vitrin arxasında saxlanılır. Hər bir şöbədə xüsusi kostyumda olan satıcı var. Heç kim heç nəyə əllə toxunmur.

Eyni zamanda, yaşlı və tənha insanların sosial müdafiəsi üçün də addımlar atılıb. Heydər Əliyev Fondunun dəstəklədiyi könüllülər bu insanların hamısına yemək və digər lazım olan hər şeyləri çatdırırlar və hamısının xərcini dövlət ödəyir”.

# 1464
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar