3241
17:38
31 Mart 2020

Xaricdəki bəzi tələbələr Azərbaycana niyə qayıtmadılar? - VİDEO

Xarici ölkələrdə yaşayan azərbaycanlı tələbələrdən bəziləri koronavirus pandemiyası ilə əlaqədar təhsil aldıqları ölkələrdə qalmağa üstünlük veriblər. Türkiyənin Ankara şəhərində Gazi Universitetində magistr pilləsi üzrə təhsil alan Nigar Səmədli bildirib ki, Türkiyədə koronavirusla bağlı vəziyyət getdikcə pisləşdiyi üçün universitetlər bağlanıb və tələbələr öz şəhərlərinə, ölkələrinə gediblər. Türkiyədə qalmağa üstünlük verdiyini deyən N. Səmədli qeyd edib ki, yataqxanada qalan tələbələrin tək yurdda toplanacanağını eşidəndən sonra azərbaycanlı rəfiqəsi ilə İstanbula, başqa bir dostunun evinə köçüb. “Bir çox tanıdığımız azərbaycanlı tələbə səfirliyə müraciət edərək Azərbaycana qayıtdı. Biz isə yolu və karantində qalacağımızı düşünərək İstanbulda evdən çölə çıxmamağı seçdik. Həm özümüzü, həm yaxınımızdakı insanları həm də ailəmizi düşündük", - o, vurğulayıb.

Macarıstanda Mərkəzi Avropa Universitetində təhsil alan Murad Həsənov da təhsil aldığı ölkədə qalmaq qərarına gəlib.

"Koronavirusla bağlı Budapeştdə qalmağı qərar verdim. Birinci səbəb bakalavr təhsilimi burada aldığım üçün artıq bura çox öyrəşmişəm. Şükürlər olsun ki, panikaya qarşı daha dözümlü olduğumu düşünürəm. İkincisi isə burada şəraitin kifayət qədər qənaətbəxş olduğunu düşünürəm. Təəssüflər olsun ki, pandemiya xaricdə yaşayan tələbələr arasında çox ciddi təşviş və stress yaradıb. Xüsusilə, məzuniyyət zamanı ödəniş olunmayan tələbələr üçün vəziyyət daha gərgindir. Xaricdə yaşayan tələbələrə tövsiyəm odur ki, səyahət virusa yoluxma riskini artırır. Əgər universitet rəhbərliyi Sizin qayğınıza qalırsa (psixoloji yardımın təşkili, vacib tibbi preparatların və ərzaq təminatı) və çox ciddi maliyyə sıxıntınız yoxdursa, yaşadığınız ölkədə qalmağınızı tövsiyə edirəm. Unutmayın ki, səyahət etmək virusa yoluxma ehtimalını artırır", - o bildirib.

İtaliyanın Venesiya şəhərində təhsil alan Məhəmməd Əlizadə isə İtaliyada kütləvi şəkildə koronavirusa yoluxma və ölüm halları baş verdiyini xatırladıb. O qeyd edib ki, bu səbəbdən İtaliya ilə yanaşı, Almaniya, Polşa, Macarıstan, İspaniya kimi Avropa ölkələrində təhsil alan bir çox azərbaycanlı tələbə müəyyən səbəblərdən Azərbaycana qayıtmaq istəyir, bunun üçün müraciət edir: "Bu səbəblərin ən əsası ailələrimizin bizim üçün narahat olması, buradakı vəziyyətə görə bir çoxumuzun təşvişə düşüb, stresslə yaşaması əsas nümunələr ola bilər. Mən də onlardan biriyəm, ancaq yenə də burada qalmağı seçmişəm. Buradan bir dəfə təxliyə oldu, böyük ehtimalla yenə olacaq çünki çox sayda müraciət var. İlk təxliyədə olduğu kimi, böyük ehtimalla yenə burada qalmağı seçəcəm"

M.Əlizadə bildirib ki, ən yaxşı seçim də budur: "Ailəmlə də danışmışam və onlar da belə olduğunu düşünür. Buradakı bütün dostlarıma bunu məsləhət görmüşəm və hazırda bunu görən hər bir vətəndaşımıza da olduqları ölkədə qalmalarını məsləhət görərdim".

Dİgər xəbərlər