“Bizim də Qatqımız Olsun” online aksiyaya start verilib - FOTOLENT - VİDEO
26 mart 2020 15:00 (UTC +04:00)

“Bizim də Qatqımız Olsun” online aksiyaya start verilib - FOTOLENT - VİDEO

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Gənclər Birliyinin və Azərbaycan Neft və Sənaye Universitetinin bir qrup fəal tələbə gəncləri hökumətin koronavirusla mübarizəsində fəal iştirak etmək məqsədilə “Bizim də Qatqımız Olsun” online aksiyaya start veriblər.

Lent.az bildirir ki, partiyanın 10-a yaxın gənc fəalı koronavirusa qarşı mübarizə ilə bağlı hökumətin, eləcə də Operativ Qərargahın qəbul etdiyi bütün qaydalara riayət etməklə banka gedərək təqaüdlərinin çox cüzi hissəsini - 1 AZN Koronavirusla  Mübarizəyə Dəstək Fonduna keçirib və ölkədəki bütün gəncləri, xüsusilə də partiyanın üzvü olan fəal tələbə gəncləri bu aksiyaya qoşulmağa çağırıblar. 

Layihənin rəhbəri YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, ADNSU-nun doktorantı Salman Salmanov keçirdikləri online Aksiyada YAP-ın bütün gənclərinə xüsusən də bütün tələbə gənclərə müraciət edib. O qeyd edib ki, bütün insanlığın, bəşəriyyətin, dünyanın 200-ə yaxın dövlətinin qlobal təhlükə ilə üzbəüz olduğu dövrdə gənclər kənarda qala bilməz, əksinə gənclər bu mübarizədə fəal mövqe göstərməlidirlər: “Ən müasir mikroskopla görünən bu virus nə güclü, nə də zəif dövlət, nə zəngin, nə yoxsul tanıyır. Nə yaşlı, nə gənc ,nə sağlam və ya xəstə bilir, hər şey və hər kəs risk altında, təhlükədədir”. 

S. Salmanov müraciətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  "Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər" sözlərini xatırladıb: “Ölkədə də bu xəstəlikdən maksimum qorunmaq və minimum itki üçün dövlət bütün güc və imkanlarını səfərbər edib. Biz gənclər Azərbaycan Prezidentinin rəhbərliyi ilə hökumətin bu mübarizəsində onun yanında olmalı, çox məsuliyyətlə bu mübarizənin fəal iştirakçısı  olmalıyıq. Gənclər çox gözəl anlayırıq ki, bugün bu mübarizə və mücadilə millətimizin, xalqımızın, dövlətimizin və gələcəyimizin qorunması naminədir. Koronavirusla Mübarizə Fonduna  bir çox təşkilatlar kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  və Yeni Azərbaycan Partiyası və onun rayon təşkilatlarının əməkdaşları da vəsait köçürüblər. Bu nəcib kampaniyada bütün gənclər xüsusilə də tələbə gənclər öz qatqılarını verməlidir. Çünki bu Vətənin də, bu dövlətin də gələcək sahibləri biz gənclərik. Koronavirus epidemiyasının ölkəmizdə bitənədək online aksiya davam edəcək və bütün tələbə  gənclərin bu işə qoşulmalarına çalışacağıq”.

S. Salmanov YAP üzvü olan bütün tələbə gənclərə də “Biz Qoşulduq, sən də qoşul!” şuarı ilə çağırış edib. 

Qeyd edək ki, ADNSU və YAP-ın Nəsimi rayon təşkilatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfələrini artıq verib və aksiya davam edir.

# 357
avatar

Oxşar yazılar