1218
18:34
12 Mart 2020

"Mandat qismət olmayan namizədlər arasında elələri var ki..." - Ceyhun Osmanlı ilə MÜSAHİBƏ

Azərbaycan Yaşıllar Hərəkatının (Partiyası) təsisçisi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Osmanlının APA-ya müsahibəsi

- Son dövrlər fərqli siyasi partiya rəhbərləri Prezident Administrasiyasına dəvət edilir. Siz hakimiyyətin dialoq tezisini necə qiymətləndirirsiniz?

- Prezident Administrasiyasının təşəbbüsü ilə partiya rəhbərlərinin şərt irəli sürülmədən görüşə dəvət edilməsini təqdir edirəm. Bu partiyaların hamısının məramı Azərbaycanın inkişafı ilə bağlıdırsa, o zaman sual olunur ki, iki insan və ya iki qurumun bir araya gələrək Azərbaycan naminə irəliyə doğru fikir mübadiləsinin nəyi pisdir? Altıncı çağırış Milli Məclisin idarəçiliyini həyata keçirəcək 34 nəfərdən (sədarət, komitə sədri və müavinləri) 17 nəfəri, yəni tam yarısı bitərəf və müxalifət təmsilçilərinə ayrıldı. Deməli, hakimiyyət partiyasının mesajı odur ki, Azərbaycanın gələcəyini dizayn etməklə bağlı digər siyasi qruplarla məsuliyyəti paylaşmağa hazırdır. Yeni parlamentin ilk iclasında çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, müxtəlif siyasi qruplarla olan görüşlər barədə ona məruzələr edilir. Deməli, proses 1-ci şəxsin diqqət və iradəsi çərçivəsində baş verir. Bu isə görüşlərin dialoqa, dialoqun isə əməkdaşlığa çevrilmə perspektivini artırır.

- Sizcə nəyə görə ölkə rəhbəri siyasi arenaya digər partiyaların da daxil olmasında maraqlı görünür? Bu prosesə fərqli baxış sərgiləyənlər də var. Bu haqda nə düşünürsünüz?

- Azərbaycanda seçici sayı bəllidir. Hakim partiyanın üzvlərinin sayı isə ümumi seçicilərin təxminən 13%-ni təşkil edir. Cənab Prezidentin hakim partiyanın dialoqu təkbaşına deyil, əməkdaşlıq şəklində aparması zərurətini qeyd etməsində bu amilin rolu var. Deməli, Azərbaycanın siyasi palitrasını təmsil edən qrupların əməkdaşlığa dəvət edilməsi ilə hakimiyyət siyasətdə inklüziv trendləri önə çıxarmaq istəyir. Əksər siyasi partiyaların buna yanaşmasının müsbət olmasına baxmayaraq, özünü izolyasiya edən meyllərə də rast gəlmək olur. Elə dialoqun da mahiyyəti ondan ibarətdir ki, qarşı tərəfin mövqeyinin nədən ibarət olduğunu aydın biləsən. Əgər ortaq baxışlar və bunun üçün səmimi iradə varsa, əməkdaşlıq və inteqrasiya ikinci mərhələdir. Seçim azaddır. Lakin hər bir halda dünyada əməkdaşlıq mühiti daha çox alqışlanmaqdadır. Özünü təcrid hələ heç kimə fayda gətirməyib. Siyasi partiyalarımız və siyasi liderlərimiz Azərbaycanın məsələlərini Azərbaycanda həll etməlidir. Müasir hibrid müharibələri dövründə xaricdən gələ biləcək təhdidləri, xüsusilə Dağlıq Qarabağ problemini nəzərə almaq lazımdır.

- Siyasi palitrada islahatlar etmək ehtiyacı Sizcə haradan yarana bilərdi?

- Parlamentin həyatında siyasi partiyaların rolunun artması həm də onu düşünməyə əsas yaradır ki, siyasi müxtəliflik artıb. Əhalinin sayı artdıqca hakimiyyətin qayğıları da artır. Daha çox adamın problemlərini, arzu və istəklərini monitorinq etmək ehtiyacı yaranır. Sosial şəbəkələr və internet dövrü reallığı diqtə edir ki, informasiya axınını təmin edən tərəfdaşların sayı çoxalsın. Peşəkar və işlək partiyaların mövcudluğu vətəndaşın fərqli düşüncələrinin təhlil edilib hökumətə çatdırılması və problemlərin operativ həlli üçün effektiv körpü ola bilərdi. Bu gün Avropanın siyasi palitrasına baxanda Avropa Xalq Partiyası, Sosial Demokratlar, Liberallar, Yaşıllar və digər partiyalar arasında həm yarışı, bəzən isə əməkdaşlığı görə bilirik. Qəbul edilən qərarlar barədə hər kəsin fikrini bildirməsi üçün tribuna yaranır. Azərbaycan dünya ölkələri liqasının passiv yox, fəal iştirakçısıdır. Azərbaycan deyəndə, əhalinin 99 faizinin savadlı olduğu və öz resursları ilə özünü idarə edən bir ölkə ağıla gəlir. Təbii ki, bizdə də siyasi arenada sağ, sol, mərkəz yarışları dünya standartlarına zamanla çatdırılacaq.

- Dialoq və əməkdaşlıq tribunasından ancaq Parlament partiyaları istifadə etməlidirmi?

- Hiss edilir ki, hakimiyyətin bütün siyasi qruplarla əməkdaşlıq niyyəti var. Bunu Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunverici hakimiyyət ilə iş şöbəsinin görüşə dəvət etdiyi partiya sədrlərinin siyahısından da aydın sezmək olar. Görünür, Prezident İlham Əliyev YAP rəhbəri olaraq yeni təşəbbüsləri, təklifləri, tənqidləri ilə Azərbaycanın intibahına kömək olacaq müxalifət istəyir. Tənqid və polemikanın önünü açmaqla hakimiyyət həm də alternativ informasiya mənbələri arayışındadır. İcra hakimiyyətlərində, ayrı-ayrı dövlət qurumlarında həbslər onu göstərir ki, heç də hər şey Prezidentə məruzə edilən kimi deyil, beləliklə, ictimai nəzarətin güclənməsinə ehtiyac var.

- Yeni siyasi partiyaların yaranması perspektivini necə görürsünüz?

- Kimlərinsə kölgədə fəaliyyət göstərməyindənsə, açıq məqsəd-məramını bəyan edib dövlətin qanunları çərçivəsində çalışmaları daha səmərəli olardı. Prezident də qeyd etdi ki, siyasi partiyalara baxışlar və tələblər dəyişməlidir. Partiyaların hansı ideoloji yükü daşıdığı, nə işlə məşğul olduğu, kimləri təmsil etdiyi, hansı platforma ilə çıxış etdiyi aydın bilinməlidir. Prezident Siyasi konfiqurasiyanın dəyişəcəyi mesajını verib. Demək ki, siyasi islahatların davamı gələcək.

- Seçkidən narazı qalan namizədlər də var. Sizcə onlar niyə narazı qaldı? O namizədlərin radikallaşması ehtimalı nə qədərdir?

- Parlament seçkilərində xeyli sayda bitərəf namizəd vardı. Onların arasında həqiqətən də çox potensialı, savadı və parlaq kampaniyası ilə fərqlənənlər var idi. Seçki ideal keçsəydi, o qədər məntəqə və 4 dairə ləğv edilməzdi. Demək heç MSK özü də özünə əla qiyməti verməyib. İndi önəmli məqam odur ki, özümüzə sual verməliyik: necə edək ki, növbəti seçki daha şəffaf keçirilsin? Əsas sual budur. Hansısa namizədi radikal adlandırmağa da tələsmək lazım deyil. Mandat qismət olmayan namizədlər arasında elələri var ki, onların yüksək təşkilatlanmaq bacarığı və informasiya resursları ilə rəftar mədəniyyəti heç kimdə şübhə doğurmur. Təbii ki, kim öz dairəsində rəqibinə problem yaradıbsa, çalışacaq ki, gedib yuxarıda rəqibini düşmən kimi qələmə versin. Lakin Azərbaycan hamımızın vətənidir. Bu ölkə naminə onun bütün istedadlı vətəndaşlarının potensialından bəhrələnmək lazımdır. Seçkiyə həm də sosial pilləkən kimi baxmaq olar. Fərqli sahələri təmsil edən mütəxəssislərin seçki vaxtı özünü cəmiyyətə və dövlətə tanıtmaq şansı yaranır. Belə insanlarla da dialoq aparmaq faydalı olardı. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Nahid Bağırov seçkidə uduzsa da, parlaq kampaniyası ilə yadda qalmışdı. Onun kənarda qalmaması cəmiyyət tərəfindən təqdir edildi. Bəlkə də məmur olmaq istəməyən kimsə öz partiyasını quracaq və konstruktiv olaraq siyasi palitranın re-dizaynında iştirak edəcək, bəlkə kimlərsə də fəaliyyət sahəsinə uyğun olaraq hökumət qarşısında alternativ təşəbbüslərlə çıxış edəcək. Lakin təbii ki, məhdud sayda insan radikallığa meyl edə bilər, amma irəliyə gedə bilməz. Çünki Azərbaycanda ictimai şüur səviyyəsi artıq fərqli müstəvidədir.