2116
16:19
26 Fevral 2020

Azərbaycan ordusunda koronavirus HƏYƏCANI: ciddi tədbirlər görülür - RƏSMİ

“Azərbaycan ordusunda şəxsi heyətin xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür”.

Lent.az -ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, mövsümi kəskin respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir.


Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.

Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət stabildir və nəzarət altındadır.