"Soyadını dəyişib Andreyeviç, Milanoviç etsələr yığmaya çağıracaqlar" - Ramal
23 fevral 2020 09:58 (UTC +04:00)

"Soyadını dəyişib Andreyeviç, Milanoviç etsələr yığmaya çağıracaqlar" - Ramal

"Ramil Şeydayev Azərbaycana dönməklə böyük səhv etdi. Əgər futbolçu böyük addımlar atmaq istəyirsə, getdiyi yerə qayıtmaz". 

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynov deyib. 

O, yığmamızın hücumçusu Ramil Şeydayevin "Sabah"a keçidini şərh edib. Hüseynovun fikrincə, klub ona digərləri ilə müqayisədə yaxşı vədlər verdiyi üçün Bakı təmsilçisini seçib: "Ramil buranı görüb getmişdi, burada futbol adına heç bir irəliləyiş olmadığını da bilirdi. Azərbaycandan xaricə yollanmaq çox çətin olacaq. Hazırda klublarımızda yer alan legionerlərin səviyyəsi də yüksək deyil. Ramil çox səhv addım atdı. O, istedadlı futbolçudur. İstəsəydi Rusiya çempionatında qalardı. Yəqin ki, burada ona yaxşı vədlər verildi üçün gəlib. 8 komanda oynayan çempionatda Ramilin artırması üçün hansı irəliləyiş olacaq? Əksinə, Premyer Liqada daha da geriliyəcək".

 

Veteran futbolçu milli komandamızda yerli baş məşqçinin işləməsinin tərəfdarıdır. Onun sözlərinə görə, yığmamıza əcnəbi çalışdırıcı lazım deyil: “Ən tanınmışı, ən yaxşısı Karlos Alberto Torres olub. O da komandamızla heç nə edə bilməyib. Yerli mütəxəssis lazımdır. Çünki onlar futbolçularımızı tanıyır, neçə illərdi oyunlarına baxırlar. Əcnəbi məşqçi isə oyunçularımızı tanıyana və seçim edənə kimi cibini doldurub yola salırlar. Yığmaya uğura “ac” olan mütəxəssis lazımdır ki, dayanmadan işləsin. Azdır bəyəm? Füzuli Məmmədov, Adil Şükürov kimi məşqçilər var. AFFA yerliyə inansa, irəliləyiş olacaq".

Ramal Hüseynov AFFA-nın Sezar Meza Kollini milliləşdirməsini isə düzgün hesab etmir: "O, yaxşı futbolçu olsaydı, elə Paraqvay millisində oynayardı. Biz millidə zəif legionerləri baş tacı etməyə öyrəşmişik. Azərbaycanda futbolçu yoxdur ki? Sezardan da güclüləri var. Sadəcə qiymət vermirik. Əgər yerli futbolçular soyadını dəyişib Andreyeviç, Milanoviç etsələr yığmaya çağıracaqlar. Nə qədər ki, AFFA-da futbol adamları olmayacaq futbolumuz uçuruma doğru gedəcək. O vaxtı "Kocaelispor"un heyətində Super Liqada qol vurdum, onunla belə məni milliyə dəvət etmədilər. Getdilər Almaniyanın aşağı liqasından oyunçular gətirdilər. Bax, yerli futbolçuya verilən dəyər budur. Nə qədər ki, uşaq futboluna fikir verməyəcəyik, belə də davam edəcək".

# 1908
avatar

Oxşar yazılar