649
16:47
12 Fevral 2020

Məktəblilərə qarşı quldurluq edən qardaşlar saxlanıldı

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib iki ədəd mobil telefonunu əlindən alıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.

Faktla bağlı 25-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.