638
15:35
09 Fevral 2020

MSK-nın sədr müavini: "Bir namizədin nümayəndəsi qışqıra-qışqıra danışırdı, olmaz axı"

“Seçki prosesinin ideal keçdiyini demək utopik düşüncələrə aludəçilikdir. İdeal seçki dünyanın heç bir yerində keçirilmir. Bunu iddia edən şəxs, yəqin ki, seçkilərdən bixəbərdir”.

Lent.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Azərbaycan Televiziyasının “Hədəf” verilişində deyib.

Bildirib ki, seçki prosesində neqativ halların olması da istisna deyil: “İdeal seçki” tək sovet dövründə olurdu ki, bunu hətta o dövrün insanları da tənqid edir. 5 milyondan çox insanın iştirakçı olduğu, 30 mindən yuxarı insanın birbaşa icra elədiyi, 90 minə yaxın şəxsin müşahidəçi olaraq qatıldığı bir prosesdən ideallıq gözləmək mümkün deyil. Hər hansı neqativ halların da olması istisna deyil. Burada ən vacib məsələ baş verən halın seçkinin nəticəsinə nə dərəcədə təsir etmə imkanının olmasıdır”.

MSK rəsmisi qeyd edib ki, sosial şəbəkələr özü belə seçki ilə bağlı məlumatlar yaymaqla şəffaflığa xidmət edirlər: “Biz sosial şəbəkələrdə yayılan məlumatları təhlil edirik. Çox hallarda bu məlumatlar bir neçə mənbədən tirajlanır. Bu da onu deməyə əsas verir ki, narazı olan namizədlər, yaxud vəkil təyin edilmiş şəxslər və digərləri prosesdən narazı deyillər. Sadəcə bir neçə namizəd bu prosesə həddindən artıq hərarətlə yanaşır. Bu baxımdan hesab edirəm ki, prosesin gedişi normaldır.

Bəzən namizədlərin qanunlar barədə çox səthi bilirlər, onlara da qanunun real tələblərini izah edirlər.

“Qaynar xətt”imizə seçicilərdən də zənglər gəlir. Deyirlər ki, səsverməyə getmişdim, bir namizədin nümayəndəsi qışqıra-qışqıra danışırdı, olmaz axı, ayıbdır. Seçicilərimizdə belə düşüncə var ki, biz namizədləri və nümayəndələrini bu barədə məlumatlandırmalıyıq. Biz də çalışırıq izah edək ki, ola bilər ki, bu, emosional prosesdir.

Bəzi hallarda müəyyən davranışlar hətta məntəqə seçki komissiyasının işinə maneələr belə törədir. Bu hallar aradan qaldırılır”.