276
11:33
09 Fevral 2020

MDB və ŞƏT nümayəndələri Şirvanda seçkiləri izləyir - FOTO


Müstəqil Dövlətlər Birliyinin (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndələri Şirvanda Milli Məclisə keçirilən seçkiləri müşahidə edir.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, ŞƏT-in nümayəndəsi Bahodorcan Yunusov jurnalistlərə açıqlamasında bildirib ki, səhər saatlarından başlayaraq Şirvan seçki dairəsinin 5 məntəqəsində müşahidə aparıblar: “Seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinin standartlarına uyğun həyata keçirilir. Seçicilər gizli səsvermə qaydalarına uyğun olaraq səs verirlər. Bu dəqiqəyə qədər heç bir seçki pozuntularına rast gəlməmişik”.

MDB-dən olan müşahidəçi İzbulatov Abdulxamid isə bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Çoxlu sayda seçicinin səs verdiyini müşahidə edirik. Qeydlər aparırıq və hələlik heç bir pozuntu qeydə alınmayıb. Şirvandan sonra biz Salyan və Neftçala ərazilərində olan seçki dairələrində də müşahidəmizi aparacağıq. Axşam isə Şirvanda 8 saylı məntəqədə bülletenlərin sayılmasını müşahidə edəcəyik”.

Qeyd edək ki, Şirvanda həmçinin ATƏT nümayəndələri seçkiləri izləyir.