797
08:40
08 Fevral 2020

Azərbaycanda seçkiöncəsi “sükut günü”dür


Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası bu gün saat 08.00-da başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edib.

Qeyd edək ki, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış yəni, yanvarın 17-də başlanıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır.