973
16:42
07 Fevral 2020

® Sevinc Hüseynovanın Gədəbəydə seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın seçicilərlə izdihamlı görüşü keçirilib. Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev dövlətə və dövlətçiliyə hər zaman sədaqətli olan Gədəbəy sakinlərinin qarşıdan gələn parlament seçkilərində də fəal iştirak edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, bu seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılan YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən irəli sürdüyü namizəd Sevinc Hüseynovanın ötən beş ildə millət vəkili olaraq fəaliyyəti seçicilər tərəfindən yüksək dəyərləndirilir. R.Nağıyev seçicilərin növbəti dəfə Sevinc Hüseynovanı dəstəkləcəyinə inandığını bildirib və hər kəsi fevralın 9-da fəal olmağa çağırıb.

Çıxış edən millət vəkilliyinə namizəd S.Hüseynova ilk olaraq onun namizədliyini irəli sürən YAP-a və partiyanın Sədri İlham Əliyevə minnətdarlığını bildirib. S.Hüseynova ölkəmizdə, ən əsası, bölgələrdə bütün sahələr üzrə paralel şəkildə yenidənqurma, müasirləşdirmə işlərinin aparıldığını önə çəkib. Bu yeniliyin vətəndaşların rifahına xidmət göstərdiyini deyən S.Hüseynova kənd təsərrüfatına edilən yardımların, ayrılan subsidiyaların, eləcə də qəbul olunmuş Dövlət proqramlarının əhəmiyyətindən bəhs açıb: "Bu gün bölgələrimizdə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyur. Kiçik və orta sahibkarlığın inkişafına verilən dəstək bunu deməyə əsas yaradır. Mən inanıram ki, seçicilərimiz fevralın 9-da YAP-ın namizədlərini dəstəkləyəcəklər. Çünki YAP hər zaman ölkəmizin inkişafında, yeni qanunvericiliklərin işlənib hazırlanmasında mühüm əhəmiyyətli rol oynayıb".

Tədbirdə çıxış edən seçicilər Sevinc Hüseynovaya səs verəcəklərini bəyan ediblər.