6833
20:15
06 Fevral 2020

“Spartak”ın heyrətamiz ömür yolu: ofisiant, döyüşçü, xeyriyyəçi, ulduz...

Onu “Hollivudun qızıl erasının ulduzu” adlandırırlar. O qədər keşməkeşli həyatı olub ki, yazıçı kimi də tarixə düşüb. Roman və memuarlardan ibarət 10 kitabın müəllifidir. Klassik Hollivud aktyorları arasında əfsanəvi kişi aktyor kimi 17-ci yerdə bərqərar olub. Spartak obrazında özünü oynayıbmış kimi məğrur, cəsur döyüşçü siması var. Əbəs yerə deyil bu da, həqiqətən döyüşüb müharibədə. ABŞ Dövlət Departamentinin xoşməramlı səfiri olub - yəqin xeyriyyəçiliyinə görə.

Bu gün dünyasını dəyişən aktyor Kirk Duqlas haqda danışacağıq Lent.az oxucularına.

Əsil adı İzzi Demskidir. 1916-cı ilin 9 dekabrında Nyu-York (ABŞ) ştatının Amsterdam şəhərində dünyaya gəlib.

Özündən də məşhur oğlu Maykl Duqlasdan fərqli olaraq, kinodakı uzunmüddətli və uğurlu karyerası 1996-cı ildə bircə “Oskar”la mükafatlandırılıb. “Qızıl qlobus”u da var – “Həyat eşqi” filmindəki Van Qoq roluna görə.

Yəhudi ailənin dördüncü övladıdır. Valideynləri Qerşl Danieloviç və Brayn Sanqlel indiki Belarus Respublikasının Çausı şəhərindəndilər. 1910-cu ildə - evləndikdən iki il sonra Amerikaya mühacirətə gediblər.

İzzi ailədə yeganə oğlan idi, ondan başqa beş bacısı vardı. Valideynləri ailə soyadlarını amerikanlaşdırmaq üçün dəyişiblər Herri və Berta Demski olublar.

Ailə çox kasıb olub. Oğlan qəzet satmaqla qazanırmış. Kirk hələ uşaqlıqdan evdə artistlik edir, aktyor olmaq istədiyini deyərmiş.

Məktəbi bitirəndən sonra kollecə qəbul olunur. Qarşısına çıxan işdə - qarovulçu, ofisiant, dayanacaqda nəzarətçi işləyir ki, qazandığını qəpik-qəpik yığıb, teatr kollecində təhsil haqqını ödəsin.

Beləliklə, kolleci bitirib, Nyu-Yorka gedib nüfuzlu Amerika Akademiyasına qəbul olunur.

Gənc tələbə təhsil haqqını ödəyə bilməsə də müəllimlərində yaratdığı təəssüratın sayəsində ona təqaüd ayırırlar. Yenə restoranlarda ofisiant işləməklə başını saxlayırdı. Onun adı ilə uğurlu karyeraya çatmaq mümkünsüz olardı. Ona görə də müəllimi Karl Maldenin təklifi adını dəyişib, Kirk Duqlas olur.

Bir qrupda oxuduğu Loren Bekkolla dostluq edirdi. Sonradan Dayna Dill kimi tanınacaq və Krikin xanımı olacaq qız ona sənət yolunda çox köməklik edib.

Onun məsləhəti ilə Kirk ilk uğurlu rollarına qovuşub.

İkinci Dünya Müharibəsi başlayanda Kirk çağırış məntəqəsinə gedib, müharibəyə yollanmaq istədiyini deyir. Görmə qabiliyyəti zəif olduğu üçün geri qaytarılır.

Belə olduqada, Kirk kitab mağazasından “Eynəksiz görmə” adlı kitab alır və o kitabla bir ay görməsi ilə məşğul olduqdan sonra onu cəbhəyə yollayırlar.

Duqlas Sakit okean Donanmasının bölməsində 1941-dən 43-ə qədər xidmət göstərib.

1943-cü ildə yaralanıb hospitala düşən Kirk, burada Dayane Dillə evlənib. 1944-cü ildə isə dizenteriyaya yoluxduğu üçün ordudan tərxis edilir.

Müharibədən sonra fəal şəkildə doğma Nyu-Yorkunda aktyorluq karyerasına başlayır.

Teatrda çalışır, radio proqramlarında çalışır, reklamlara çəkilirdi.

1945-ci ildə üz tutur Hollivuda. Həmin vaxt Rusiyadan çıxan yəhudi əsilli aktyorlara kino sənayesinə qatılmaq asan iş deyildi.

Loren Bekkol isə artıq bu sahədə tanınırdı. O da öz köhnə dostunu prodüsser tanışı Hel Uollisə təqdim etdi. Duqlasın böyük ekranda debütü belə başlayıb.

“Marta Ayversin qəribə məhəbbəti” dramında Barbara Stenvikin alçaldılmış ərini yaratdı. Uoliss onun debütündən elə təsirlənib ki, dərhal Duqlasla 7 illik müqavilə təklif edib. Yeni başlayan aktyor üçün bu, çox cəlbedici təklif idi, amma Duqlas razılaşmır. Özümü bir studiyanın qulu etmək fikrim yoxdur –deyə sərbəst aktyor kimi işləməyə üstünlük verir.

Sonralar özü şərtlərini diktə etməklə “Warner Brothers”lə müqavilə bağlayır.

50-ci illərin əvvəlində Duqlas artıq çox tanınmış aktyor idi. Əsasən qəhrəmanları, polis obrazlarını oynayırdı. Tezliklə özünün kino şirkətini yaradır və onu anasının şərəfinə Bryna Productions adlandır. Çox filmlər çəkir bu studiyalarda, əksəriyyətində özü də oynayır.

Amerika kinematoqrafiyasının tarixində ən bahalı layihələrdən biri olan “Spartak” filminin də ekranlaşdırılmasında Bryna Productions iştirak edib.

“Spartak” yaxşı gəlir gətirdi. Ssenari müəllifi Dalton Tramponu Hollivudun “qara siyahı”sından azad etdi.

“Qardaşlıq” filmində Duqlas öz aktyor imicini tamam dəyişib. Kriminal drama idi bu film. 1973-cü ildə isə rejissor kimi debütü “Avara” filmini çəkdi. Eyni vaxtda televiziyada tamaşalar qoyurdu.

80-ci illərdə teatrlarda tamaşalar qoyur, özü də oynayırdı. Televiziyalarda isə həm də sənədli filmlərdə çəkilib.

1996-cı ildə Kirk insult keçirib. Nəticədə əvvəlki həyata qayıtmaq çətin idi, nitqində qüsur yaranmışdı. 40 il ərzində, özünün də dediyi kim, külqabı ilə nəfəs alıb. “Gün ərzində iki qutu siqaret çəkirdim” - deyir. Xəstəlikdən sonra aktyor karyerasına son qoyub, özünü ailəsinə və kitablara həsr etməyə başlayır. 1988-ci ildə ilk kitabı işıq üzü gördü. Ardıcıllıqla on kitabı çap olunduqdan sonra da yazmaqda davam edirdi. Avtobioqrafik əsərlərində aktyor karyerasının çətin yollarından, ulduzlarla görüşlərindən, keçdiyi müharibədən yazıb.

Fəal xeyriyyəçi idi Duqlas. 99 yaşının tamamında alzaymer xəstələri üçün Los-Ancelesdə xəstəxana tikintisinə 15 milyon dollar verib.

2012-ci ildə beş milyon dollar Sent-Loren Universitetinə köçürüb. Öz oxuduğu teatr kollecində 1999-cu ildən təqaüd fondu yaradıb və maliyyələşdirib. Karyerası boyu xeyriyyəçiliyə xanımı ilə birgə 80 milyon dollar xərcləyiblər. Ev-eşiksiz qadınlar üçün mərkəz tikiblər ki, qadınlar küçədə qalmasın. 2004-cü ildə Kalver-Sitidə Kirk Duqlas adlı teatr açıb. Vestvudda Uşaq Mərkəzini maliyyələşdirib. 2015-ci ildə uşaq xəstəxanasına 2,3 milyon dollar ayırıb.

2016-cı ilin dekabrında 100 yaşının təntənəli məclisini oğlu Maykl təşkil etmişdi onun üçün. Mərasimə 200 nəfər toplaşmışdı.

2020-ci ilin fevralın 5-də 103 yaşında dünyaya əlvida deyib. Beləsinə necə rəhmət oxumayasan...