“Ağıllı” paltarlar hazırlanır – BİZİ NƏLƏRDƏN QORUYACAQ?
02 fevral 2020 17:50 (UTC +04:00)

“Ağıllı” paltarlar hazırlanır – BİZİ NƏLƏRDƏN QORUYACAQ?

Son on ildə toxuculuq sənayesi yeni texnologiyalar sayəsində yüksək səviyyəyə çatıb. Artıq “ağıllı” parçalar, elektron tekstil və ya E-parça ortaya çıxıb, onlardan müxtəlif geyimlər hazırlanır.

Lent.az İct.az-a istinadən məlumat verir ki, “ağıllı” parçalar rabitə, çevrilmə, enerji ötürülməsi, kirdən təmizlənmə və s. imkanlara malikdirlər. Bu parçalar rəng və naxış dəyişdirməyə, işıqlandırmanı artırmağa, eləcə də insan orqanizmini qorumağa, fiziki fəaliyyətini artırmağa qadirdirlər. Yüksək texnologiyalı parçaların əsas tətbiq sahələri hərb, tibb və idmandır. 

“Ağıllı” paltarlar xroniki xəstəlikləri olan insanlara vaxtında yüksək təzyiq və ya şəkərin səviyyəsi barədə siqnal verir, dərman preparatlarının vaxtlı-vaxtında qəbul etmələrini xatırladır, eləcə də insulinin inyeksiyasını həyata keçirir. Bu, həmçinin idmançılar üçün bədənin temperaturunu tənzimləyir, küləyə müqavimətini azaldır, əzələlərin titrəməsini idarə edir.

“Ağıllı” parça yalnız məlumat toplamaqla kifayətlənmir, həm də xarici stimullara və ya ətraf mühitin dəyişikliklərinə cavab verə bilir. O, temperaturdan asılı olaraq rəngini dəyişdirə bilir, həmçinin idmançıları və hərbçiləri qorumağa xidmət edən güclü zirehə çevrilərək onları zərbədən müdafiə edir.

İsveçrə bu texnologiyanın inkişafı və tətbiqi sahəsində dünya liderlərindən biri hesab olunur. Maddə və materialların öyrənilməsi üzrə yerli Federal Laboratoriya “ağıllı” geyimlə bağlı araşdırmalara nəzarət edir.

Yaponiyada elektronika ilə doldurulmuş hər cür hava geyimləri də istehsal olunur ki, bu da ətraf mühitin parametrlərinə cavab verir, insanlara rahat yaşaya bilmələri üçün şərait yaradır.

Sinqapurdan olan tədqiqatçılar isə smartfon və “ağıllı” saatları sürətli enerji itkisindən xilas edən material təqdim ediblər. Xüsusi parçadan hazırlanan bu geyim simsiz cihazların enerjisinə qənaət edir. Mütəxəssislər parçanın adi paltar kimi yuyula, qurudula və ütülənə biləcəyini qeyd edirlər.

“Ağıllı” parçadan hazırlanmış digər paltar pilotun yorğunluğu barədə əvvəlcədən xəbərdarlıq edə bilir. Hərbi forma isə komandanlıq mərkəzinə döyüşdəki əsgərlərin vəziyyəti barədə məlumat ötürür. Dİgər geyim xəstə insana vəziyyətinin kritik olduğunu vaxtında bildirir, bununla da o, tez zamanda hərəkətə keçir və ya ehtiyac olarsa, təcili yardım çağırır.

Mütəxəssislər yaxın gələcəkdə insanların lazım olan funksiyalarla təchiz olunmuş “ağıllı” kostyumları rahatlıqla əldə edə biləcəklərini qeyd edirlər.

 

 

 

# 4269
avatar

Aygün İbrahimli

Oxşar yazılar