AzTV aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlayır
28 yanvar 2020 14:17 (UTC +04:00)

AzTV aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlayır

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) yanında Bədii Şuranın növbəti iclası keçirilib.

Qurumun Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək ötən dövr barədə qısa xatırlatma verib, yanvarın 25-də Bədii Şuranın Sumqayıt ictimaiyyəti ilə baş tutan görüşünə toxunub.

Sədr bu cür görüşlərin vacib olduğunu bildirib: “Azərbaycan Televiziyası olaraq tamaşaçı rəyi bizim üçün ən vacib amillərdəndir. Bu baxımdan belə görüşləri biz daha da intensivləşdirməliyik”.

Çıxış edən şura üzvləri xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov, AzTV-nin Ədəbi-dram verilişləri redaksiyasının Baş redaktoru Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, xalq artistləri Mənsum İbrahimov, Ramiz Quliyev və digərləri Sumqayıt ictimaiyyəti ilə görüşün nəticələrini yüksək qiymətləndiriblər, şəhər ictimaiyyətinin təkliflərini səsləndiriblər.

Şura üzvləri Sumqayıt ictimaiyyətinin AzTV-də son bir ildə aparılan ciddi dəyişiklikləri, onlarla yeni verilişləri, Azərbaycan Radiosunda efir dəyişikliyni təqdir etdiyini diqqətə çatdırıblar.

“Bir neçəsi mənə yaxınlaşıb dedi ki, biz artıq 6-7 aydır AzTV-yə baxırıq” - Mənsum İbrahimov əlavə edib. İcitmaiyyətin təqdir və təkliflərinə münasibət bildirən Rövşən Məmmədov bildirib ki, Azərbaycan Radiosunda son vaxtlar 10 canlı veriliş efirə çıxmağa başlayıb. Sədr uşaqlar üçün cizgi filmləri ilə bağlı təkliflərin müzakirəsində əlavə edib ki, artıq QSC sifariş verib, 2016-cı ildə Azərbaycan Ordusunun işğalçı erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən dörd günlük aprel döyüşləri haqqında cizgi filmi hazırlanır: “Biz hətta aprel döyüşlərində fərqlənmiş qəhrəmanlarımızdan sağ qalanların üz cizgilərini də göndərmişik ki, real obrazların simaları filmdə əksini tapsın. Bu, ordumuzun qəhrəmanlığının gələcək nəsilə aşılanması üçün bir addımdır”- R. Məmmədov əlavə edib.

Daha sonra gündəlikdəki bir sıra cari məsələlər müzakirə olunub. Bədii Şuranın ictimaiyyətlə növbət görüşü fevralın 8-də Bakının Xəzər rayonuna təyin olunub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418

Oxşar yazılar