Diaspor rəhbəri "Mari Akopyan işi" ilə bağlı mövqeyini açıqladı 
27 yanvar 2020 14:20 (UTC +04:00)

Diaspor rəhbəri "Mari Akopyan işi" ilə bağlı mövqeyini açıqladı 

 

Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən Akopyanın Bakıda tədbirə nümayəndə kimi göndərilməsi, sonra isə bu qərarın ləğv edilməsi ilə bağlı Kiyevdə müəyyən qüvvələr tərəfindən informasiya yayılıb ki, guya onun milli mənsubiyyətinə görə Azərbaycan qəbul etməyib. 

Lent.az xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UADB) rəhbəri, hüquq elmləri doktoru Hikmət Cavadov bəyanat yayıb. 

Bəyanatda qeyd edilib ki, bu, Azərbaycanla Ukrayna arasında get-gedə artan əməkdaşlığı gözü görməyən qüvvələr tərəfindən açıq-aşkar təxribatdır:

“Avropa İttifaqı Şərq Tərəfdaşlığının himayə etdiyi rəsmi tədbirə ev sahibliyi edən Azərbaycan Ukrayna nümayəndəsini erməni mənşəli olduğuna görə qəbul etməyib” məzmunlu xəbərin Ukraynanın bəzi KİV-ləri tərəfindən yayılmasına başqa ad verə bilmirəm. “Yevropeyskaya Pravda” adlı nəşrin məlumatına görə burada Ukrayna Xarici İşlər Nazirliyi Beynəlxalq Əməkdaşlıq və Avropa İnteqrasiyası Departamentinin direktoru Mari Akopyan nəzərdə tutulur.

Əlimizdə olan məlumata görə həqiqətən də 13-16 yanvar tarixlərində Bakıda Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün təşkil edilmiş “Münaqişələrin təhlili” mövzusunda seminar keçirilmişdi. Tədbirin iştirakçıları da təşkilatçıların gördüyü işlərdən xeyli razı qalıblar. Xanım Akopyana gəlincə isə bu tədbirə dəvət olunanların sırasında onun da adı olub, Azərbaycan tərəfi onun da təhlükəsizliyinə müvafiq zəmanət vermişdi. Lakin ev sahibi tərəfi üçün müəmmalı qalan səbəblər üzündən xanım M.Skopyan son məqamda Azərbaycana getmək fikrindən daşınıb”.

Bildirilib ki, bundan sonra da Ukrayna KİV-nə bu məsələnin mahiyyətini təhrif edərək müxtəlif qərəzli dedi-qodulara geniş zəmin yaradan bir məlumat sızdırıldı. Bunlar biz Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrini narahat edir: 

“Çünki bütün bu informasiya oyunlarının arxasında Azərbaycanla Ukrayna arasındakı münasibətlərin göz görəsi inkişafından təşvişə düşən dairələrin durduğu şəksizdir. Belə ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır, siyasi təmaslar getdikcə daha səmərəli və məzmunlu hala gəlir. Elə Ukrayna prezidenti Volodımır Zelenskinin ötən ilin dekabr ayında Azərbaycana səfərinin nə qədər hərarətli ab-havada keçdiyini, səmərəli olduğunu xatırlamaq kifayətdir. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, imzalanan bir çox sənədlər də ölkələrimiz arasındakı qarşılıqlı faydalı münasibətlərə əlavə təkan verib. Lap bu günlərdə isə Ukrayna Verxovna Radasında Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun heyəti təsdiq olundu. 48 ukraynalı millət vəkilinin daxil olduğu bu qrupun həmsədrləri Valeriy Kolyux və Volodımır Kreydenko oldular.

Həmin iclasda iştirak etmək mənim üçün böyük məna kəsb edirdi. İclasda parlamentlərarsı işçi qrupu üzvlərilə Ukraynadakı azərbaycanlı diasporunun nümayəndələri arasında görüş keçirmək barədə irəli sürdüyüm təşəbbüs qəbul olundu. İşçi qrupunun daha səmərəli fəaliyyət göstərməsi üçün diaspor təşkilatı tərəfindən irəli sürülən namizədin katib seçilməsi çox əhəmiyyətlidi. Odur ki, namizədliyini irəli sürdüyüm İvan Slobodianiki dəstəkləyən hər kəsə minnətdaram”.

Hikmət Cavadov bütün bunları sadalamaqla son vaxtlar Azərbaycanla Ukrayna arasındakı münasibətlərin necə irəli getdiyini göstərib: “Bu da, fikrimcə, bəzi qüvvələrin kürkünə birə salır, Ukrayna KİV-də süni qalmaqal salmağa sövq edir. Həmin qüvvələr M.Akopyan ətrafında tozanaq qoparmaqla bunu Kiyev ilə Bakı arasında guya hansısa qarşıdurmanın əlaməti kimi sırımağa çalışırlar. Əlbəttə ki, bu yalandır! Amma digər tərəfdən bu məsələ ölkələrimiz arasında əlaqələrin inkişafından qıcıqlananlar ifşa olundular. Onların bütün cəhdləri əbəsdir. Azərbaycan ilə Ukrayna bundan sonra da münasibətlərini inkişaf etdirəcək, beynəlxalq təşkilatlarda bir-birinə dəstək verəcəklər. Ermənistan isə öz növbəsində, hər zaman olduğu kimi Ukraynanın Krım bölgəsinin Rusiya tərəfindən ilhaqına dəstək verməkdə davam edir”.

# 686
avatar

Oxşar yazılar