2587
15:43
26 Yanvar 2020

Fəsəlinin hazırlanma qaydası - Lent.az-ın mətbəxi - FOTO

“Bizim gəlinlərin bayram qabağı

Fəsəli yaymağı yadıma düşdü” – Səməd Vurğunun qələmə aldığı bu misralardan da məlum olduğu kimi, fəsəli əsasən bayramqabağı bişirilir. Amma onu təkcə bayramlarda deyil, toylarda və el şənliklərində də hazırlayırlar. Qərb bölgəsində fəsəli, eyni zamanda, ən sevilən şirniyyat növlərindən sayılır.

Bu gün elə də kütləvi bişirilməyən fəsəlini bir çox bölgələrdə, xüsusilə də kəndlərimizdə ağbirçək nənələrimiz, zəhmətkeş analarımız unutmağa qoymur, qız gəlinlərə öyrədirlər.

“Fəsəli sac üstündə bişirilir. Hazırlanması isə diqqət və təmkin tələb edir. Fəsəlini köhnə üsulla bişiririk. Xəmiri yoğurub əvvəlcə fətir edirik. Qonum-qonşular yığılır, hamımız bir yerdə hazırlayırıq”, – deyə Ağstafanın Dağkəsəmən kəndinin uzun illərdir fəsəli bişirən sakini Elmira Quşçiyeva bildirir.

Milli mətbəx nümunələrimizdən olan fəsəlinin hazırlanma qaydasından danışan Elmira Quşçiyeva deyir ki, əvvəlcə xəmir yoğurulur, sonra isə kündələr yuxa halına salınır. Lakin onu yuxadan fərqli edən yağlı olmasıdır. Bir neçə, 4-5 yuxa üst-üstə qoyulur və yağlandıqdan sonra yenidən yuxa halına salınır. Nehrə yağı ilə daha dadlı olan fəsəlinin hazırlanmasına yarım kiloqramdan çox yağ sərf edilir.

Fəsəli yuxasının bir üzü yağlanır. Sonra yağlı tərəfi içəri olmaqla qatlanır. Xəmirin bir ucundan tutub içəriyə doğru bükürlər. Alınmış yağlı xəmiri əl ilə yoğurduqdan sonra oxlovla diametri 15-16 santimetr ölçüdə yayırlar. Sonra oxlovla üzərində deşiklər açılır, içində yağ qaynayan tavaya salıb hər iki tərəfini qızardırlar. Qızarıb bişmiş fəsəlinin üstünə isti-isti şəkər tozu səpərək üst-üstə yığırlar. Fəsəli həm isti, həm də soyuq yeyilir. İstəyə görə çay, qəhvə və kakao ilə yeyilə bilər.

(AZƏRTAC)