63995
14:19
25 Yanvar 2020

Əmisi qızı ilə evli, tərəf müqabili ilə sevgili, Londona və Moskvaya səfəri gizlədilən “Avara” – Həyat hekayəti

Rac Kapurla Nərgizin münasibətlərindən 16 film ərsəyə gəlib. 10 illik yaradıcılıq sevgisindən sonra Nərgiz ərə gedib. Rac Kapur isə Rusiyalı balerina ilə sevgili olub. Bunlar barədə bir az sonra... İndi görək, kimdir bu Rac Kapur və Kapurlar..?

Ranbir Rac Kapur – XX əsrin əfsanəvi hind aktyoru və rejissorudur. Onun Hind kinomədəniyyətində oynadığı rolu dövlətin verdiyi titullar diktə edir. Xalq isə Racı “Hindistanın Çarli Çaplini”, “Hind kinosunun kralı” adlandırıb.

14 dekabr 1924-cü ildə keçmiş Britaniya müstəmləkəsi olan Peşevaridə anadan olub. İndi ora Pakistanda əyalətdir. Milliyətcə Rac Kapur pəncablı hinduistdir. Atası prodüser və rejissor Pritxviradka Kapurun öz teatrı olub. Babası da aktyor imiş- Devan Başeşvartat Kapur.

Rac qardaşları ilə birgə elə teatrın kulisində böyüyüb. 6 yaşında olanda kulisdən səhnəyə çıxıb işıqçılara, rəssamlara kömək edərmiş. 14 yaşında olanda atası onda peşəkar aktyor bacarığı olduğunu hiss etdiyini deyib. Ancaq Racın əyalət teatrında işləməklə bağlı planları yox idi, onu kino aləmi çəkirdi. İlk dəfə 11 yaşında “İnqilab” adlı filmdə çəkilmişdi.

Ali məktəbə qəbul olunmağa da tələsmədən Rac “Bombay Talkies”də rejissor asisenti kimi fəaliyyətə başlayıb. Kinematoqrafın başlıca peşələrini gənckən öz təcrübəsində öyrənib. Eyni zamanda kinonun texnikasını peşəkarcasına mənimsəyib. Müstəmləkə Hindistanı çoxdan arxada qoyub çox irəli getmiş qərb kinosunun peşəkarlığını araşdırıb.

Kinokaryerasında dönüş isə Hindistanın müstəqillik qazanmasından - 1947-ci ildən sonra başlayıb.

Bir neçə kinoya çəkiləndən sonra aktyor bütün qonorarını qoyub özünün debütünü çəkir. “Alov” adlı bu filmində həm də baş rolda özü çəkilib.

Bu rolla və filmlə aktyor kinokaryerasında öz möhürünü belə vurur – həm çəkir, həm də baş rolda özü çəkilir. Ağ-qara filmləri ilə Rac Kapur işıqla kölgənin kontrastı üstündə vurur vurğunu. İnsan gözəlliyinin səbəbini “rəssamın” başlıca missiyasında axtarır.

Rac Kapurla əvəzsiz tərəf müqabili Nərgizin birgə çəkildikləri 16 film Hindistan kinosunun müəyyən bir epoxasını təşkil edir.

1948-ci ildə Rac Kapur “R. K. Films” kinokompaniyasını yaratmaqla kino karyerasında daha bir epoxanın özülünü qoydu. O vaxt 26 yaşlı kinorejissor Hindistanın ən gənc və populyar rejissoru idi.

Əvvəlcə Kapur sənətə həvəsi ilə gəlmişdi, vəsaitsiz-filansız. Tezliklə, istedadının sayəsində kinokompaniyası Hindistanın ən çox gəlir gətirən şirkəti oldu. Elə mövzular tapıb filmlər çəkirdi ki, film tamaşaçının ürəyindən keçənləri diktə edirdi, hindistanlı filmdə özünü görə bilirdi.

Karyerasının ilkin dövrlərindən onun filmləri poetik və romantik olardı, eyni vaxtda sosial problemləri qabardırdı. Kasıblıq və sosial təbəqələşmə filmlərinin paralel mövzuları idi.

Aktyora ən böyük şöhrəti onun 1951-ci ildə ekranlara çıxan “Avara” filmi gətirib. Bir neçə onillik müddətdə film dünya prokatında ilk onluqda qaldı.

Bu filmdə Kapur tamaşaçısı qarşısında avara obrazında görünürdü. Obraz “Cənab 420” komediyasında öz inkişafında idi. Bu filmlərdəki mahnılar da Hindistan və dünya romantik kompazisiyalarının klassika bölümünə daxil edilib.

1964-cü ildə tamaşaçılar “Sanqam” adlı ilk rəngli filmə baxdılar. Bu film onun baş rolda oynadığı son filmi idi.

Ondan sonra Rac Kapur yalnız rejissorluğa və prodüserliyə köklənib. Ümumilikdə filmoqrafiyasına 80 film daxildir.

1970-ci ildə üç seriyadan ibarət “Mənim adım kloundur” filmini çəkib.

Filmdə Sovet balerinası Kseniya Ryabinkina sirk artisti Marina obrazında Rac Kapur isə kloun rolunda oynayırdılar. Çəkiliş müddətində artistlər bir-birini seviblər. Qastrol müddəti başa çatıb və Kseniya qayıdıb Rusiyaya. Uzun müddət görüşə bilməyiblər.

Rac Kapur Sovet İttifaqı ilə birgə filmlər çəkməyə böyük ümid bəsləyirmiş. Amma birgə film o qədər də uğur qazana bilməyib. Nə Sovet İttifaqında, nə də Hindistanın özündə. Tamaşaçı Rac Kapurdan mahnı və rəqs gözləyirdi, sirk yox.

Yalnız Rac Kapur dünyasını dəyişəndən sonra “Mənim adım kloundur” filmi kinoşünasların diqqətini çəkə bilib. Onu Racın yeni janrda ən yaxşı filmi adlandırıblar. Kseniya sevgisi də Sovet kinosu ilə birləşmək sevdası ilə birgə başa çatıb.

Rac Kapurun bircə həyat yoldaşı olub – Krişna Kapur. 1940-cı ildə evləniblər. Krişna Racın atasının əmisi qızıdır. Evlənəndə qızın 16 yaşı olub. Düzülüb-qoşulmuş nigah idi. Atası Raca evlənirsən!-deyib, Rac da atasına – yaxşı, ata-cavabını verib.

Beş uşaqları olub – iki qız, üç oğlan. Rima, Rita, Radciv, Randxira və Rişi Kapurlar. Racın oğlanları da, qardaşları da aktyordur. Racla Krişna bir yerdə 48 il – Rac ölüncə yaşayıblar.

Ailədə ənənəyə görə oğlanlar aktyor ola bilərdilər, amma qızlar yox. Racın nəvələri Karina və Karişma Kapurlar bu ənənəni alt-üst edə biliblər.

Qızların anaları ərindən ayrılıb ki, qızları rahatlıqla atalarından və ənənələrdən uzaq aktrisa ola bilsinlər.

Racın Nərgizlə münasibətləri “Yağış mövsümü” filmi ilə başlayıb. Uzun müddət birlikdə çəkilsələr də hissləri uzunmüddətli olmayıb. Rac artıq evli olduğundan hisslərinə meydan verə bilməyib.

Nərgiz on il gözlədikdən sonra həm yaradıcılıq, həm də həyat yoluna başqa rejissorla davam edib. Onların kinodakı ittifaqları da 1957-ci ildə beləcə başa çatıb.

Başqa bir versiyaya görə, Nərgizlə Racın münasibətləri yalnız yaradıcılıqla bağlı olub. Sevgi məcaraları haqqında olan söz-söhbət yalnız şayiə imiş. Şayiə də olsa Krişnaya çatan kimi ərindən Nərgizlə əlaqələri kəsməyi tələb edib. Rac da onunla razılaşıb. Nərgiz başqa rejissorla işləməyə başlayıb, sonra da ərə gedib və kinodan uzaqlaşıb.

Rac Kapur həm də yaxşı prodüser olub və ilk dəfə Hindistan kinosunun dünya kinosundakı yerini görüb, gələcəyinin özülünü qoyub.

Ölkəsində çox titullar və mükafatlar alıb. 2002-ci ildə isə “Yüzilliyin ən yaxşı şoumen”i kimi mükafata layiq görülüb.

Rac Kapur dünya miqyasında sevilən və qəbul edilən sənətkardır. Görünür, ən çox Moskvada və Londonda sevilib. Çünki bu iki şəhərdə çəkilişlərdə olan vaxt onun orda olmasını əhalidən gizlədiblər. Əsas küçələrdə Rac Kapur çəkiliş edən vaxt ayrı-ayrı vaxtlarda Londonda və Moskvada küçəni bağlayıb bunu hamıdan gizlədiblər ki, əhali burda Rac Kapurun olduğunu bilsə onların qarşısını onu görmək yolunda heç nə ala bilməz.

Rac Kapur Sovet İttifaqında Yuri Qaqarinlə və Rəşid Behbudovla dost olub.

Sənətkarın ölümü də kino kimidir – yaradıcılıqla. Nyu-Delidə təntənəli mərasim imiş. Mərasimdə Hindistanın prezidenti Rac Kapurla görüşəcəkmiş. Kapur qəflətən özünü pis hiss edib və huşunu itirib. Bir neçə ay bundan sonra 63 yaşında dünyasını dəyişib. Diaqnoza görə, aktyor astma xəstəliyindən ağırlaşma ilə rəhmətə gedib.

Ölkəsində ona görə matəm elan olunub. Kapurun ölümü ilə Hindistanda kinonun ilk erası başa çatıb.