Ölümə təslim edilən “Supermario”: “Anamı bağışlaya bilmərəm” - SİRLİ ULDUZLAR
24 yanvar 2020 17:00 (UTC +04:00)

Ölümə təslim edilən “Supermario”: “Anamı bağışlaya bilmərəm” - SİRLİ ULDUZLAR

“2009-cu ildə Çempionlar Liqasında “Rubin”lə qarşılaşırdıq. Ehtiyatda hücumçumuz yox idi. İlk hissədə Balotelli sarı vərəqə aldı. 15 dəqiqəlik fasilənin 14 dəqiqəsini Mario ilə danışığa həsr etdim. Ona dedim: “Hücumçumuz qalmayıb. Xahiş edirəm, heç kimə toxunma. Topu itirəndə, kimsə səni təxribata çəkəndə və ya hakim səhv qərar qəbul edəndə reaksiya vermə. Nəticə? İkinci hissənin əvvəllərində qırmızı vərəqə aldı”. Bunu dünya şöhrətli məşqçi Joze Mourinyo “İnter”də futbolçusu olmuş Mario Balotelli haqda deyib.

İl 2020. Bu dəfə “Breşiya”nın formasını geyinən “Supermario” ləqəbli hücumçu “Kalyari” ilə görüşün 74-cü dəqiqəsində oyuna daxil olur və cəmi 8 dəqiqə sonra meydandan qovulur! Əvvəlki hadisənin üstündən 11 il keçsə də, ağıllanmayıb ki, ağıllanmayıb.

Xarakterinin güdazına gedən, özünü “məhv edən” böyük istedad! Vaxtilə əksəriyyət onun çox uğurlu karyeraya malik olacağını düşünsə də, 30 yaşı haqlayan Mario ümidləri doğrultmadı, bundan sonra da çətin doğrulda. Adəti üzrə oyunundan çox futboldankənar davranışları ilə gündəmi zəbt etməyi bacarır. Əbəs yerə onu “qalmaqallar kralı” adlandırmırlar. Saysız-hesabsız qızlarla eşq romanları, gecə həyatı, rəqib futbolçular bir yana, öz komanda yoldaşları və məşqçiləri ilə insidentlər, daha nələr-nələr...

Xəstəxanalarda keçən körpə həyatı

Mario 1990-cı il avqustun 12-də İtaliyanın Palermo şəhərində, Qanadan köç edən Tomas və Rouz Barvuanın ailəsində anadan olub. O, dünyaya gələndən sonra valideynləri Breşiyaya köçür və elə orda məlum olur ki, körpənin mədə-bağırsağında ciddi problem var. Ömrünün ilk 2 ilini xəstəxanalarda keçirən “Supermario” bir neçə dəfə əməliyyat edilsə də, heç bir faydası dəymir. Həkimlər ölüm diaqnozu qoyduqları körpənin çox yaşamayacağını deyirlər. Dəmirçi işləyən atası Tomas oğlunun əməliyyat və müalicə xərclərini qarşılamaqda çətinlik çəkirdi. Nəticədə həyat yoldaşı ilə qərara alırlar ki, Marionu başqa ailəyə övladlığa versinlər. Bunun üçün sosial müdafiə xidmətinə müraciət edirlər.

Qapını açan olmur...

2 yaşlı körpəni Françesko və Silvio Balotelli ailəsi övladlığa götürür. Onların buna qədər Covanni və Korrado adlı iki yeniyetmə oğlu, Kristina adında balaca qızları var idi. Balotelli ailəsi xeyli pul xərcləyərək, Marionu ölümdən xilas edə bilir. Üstündən bir neçə il keçəndən sonra Barvua ailəsinin yaşadığı ünvanı öyrənirlər və tam sağalmış Marionu görüşdürmək üçün onların yanına aparırlar. Ancaq qapını açan olmur...

Məktəbdən başlayan irqçilik

Vaxt gəlir, vədə yetişir, Balotelli məktəbə gedir. Lakin bu, onun heç də ürəyincə deyildi. Çünki sonralar da tez-tez qarşılaşacağı irqçilik problemini ilk dəfə məktəbdən yaşamağa başlayır. Dərisinin rəngi fərqli olduğuna görə uşaqlar onunla oynamaqdan imtina edirdilər. Məktəbdə bir şey oğurlananda əsassız yerə Mario günahkar sayılırdı.

Balotellinin xilaskarı futbol olur. Bütün günü küçədə top dalınca qaçan Marionu 7 yaşında “San-Bartolomeo”ya yazdırırlar. İstedadı ilə həmyaşıdları arasında dərhal seçilirdi. Elə o vaxtdan tez-tez komandasını dəyişən Balotelli 11 yaşında “Lumezzane”yə dəvət alır.

"Barselona"da baxışdan keçə bilmir

Futbolda peşəkar debütü 16 yaşı tamam olmamış reallaşır - “Lumezzane”nin əsas komandasının heyətində C Seriyasında “Padova”ya qarşı matçda meydana çıxır. Həmin mövsümün sonuna qədər daha 1 oyunda iştirak edir. 17 yaşında "Barselona"ya baxışa gedir, ancaq onu bəyənmirlər. Əvəzində "İnter" Balotellini heyətinə qatır. Yay toplanışında “Şeffild"lə yoldaşlıq oyununda 2 qol vurur. "Neradzurra"da rəsmi debütü isə 2007-ci ilin dekabrında reallaşır.

“Özümü italiyalı sayıram”

Yalnız 2008-ci ildə, 18 yaşı tamam olanda Marioya İtaliya vətəndaşlığı verilir. Bu səbəbdən aşağı yaş qrupları üzrə yığmalarda oynaya bilməyən Balotellinin milli karyerası U-21-dən başlayır. Həmin vaxt valideynlərinin vətəni Qanadan da təklif alır, ancaq doğulub böyüdüyü İtaliyanın millisində oynamağı üstün tutur. Həmin vaxt qərarını belə izah edir: “Soyköküm qanalıdır və əslən afrikalı olduğum üçün xoşbəxtəm. Ancaq özümü italiyalı sayıram, çünki bu ölkədə anadan olmuşam, məktəbə getmişəm, böyümüşəm, futbola başlamışam”. U-21-in formasını 2 il geyinəndən sonra 2010-cu ildə əsas millidə debüt edir. Bununla belə, “Skuadra Adzurra”nın şərəfini qoruması italyan azarkeşlər tərəfindən narazılıqla qarşılanır - dərisinin rənginə görə. Yerli mütəxəssislər isə zəif nöqtəsi olmayan hücumçu tapıldığını və onun uzun müddət milliyə xidmət edəcəyini proqnozlaşdırırlar.

"İnter" karyerasına Roberto Mançini ilə başlayan "Supermario" daha sonra Joze Mourinyonun rəhbərliyi altında çıxış etməyə başlayır. Məhz onun dövründə A Seriyası və digər daxili turnirlərdən əlavə, Çempionlar Liqasının da qalibi olur.

Tottiyə “ilişir”, cəzasını çəkir

"İnter"də oynadığı vaxt maraqlı davranışı ilə gündəmə gəlir. 2009-cu ildə "Palermo" ilə qarşılaşmada hesab 0:0 olarkən penalti qazanır. Ağ nöqtəyə komandanın ştatlı penalti vuranı Samuel Eto yaxınlaşır. Ancaq “Penaltini mən qazanmışam, mən də vuracağam” düşüncəsində olan Mario topun yanından çəkilmir. Belədə məsələyə kapitan Xavyer Zanetti müdaxilə etməli olur, Balotellini 11 metrlik nöqtədən uzaqlaşdırır.

“Roma” ilə ölkə kubokunun finalında isə Françesko Tottini özündən çıxarır. Çox keçmir ki, “İmperator” buna görə onu cəzalandırır: var gücü ilə Marionun ayağına zərbə endirir və meydandan qovulur.

“Mən qızlarla futbol oynamıram”

2010-cu ildə həm "Barselona", həm də "Mançester Siti"dən təklif alan "Supermario" İngiltərəyə - sabiq məşqçisi Roberto Mançininin yanına köçməyə qərar verir. Seçimi ilə bağlı açıqlamasında “Mən qızlarla futbol oynamıram” deyərək, illər əvvəl onu bəyənməyən “Barselona”ya söz atır.

24 milyon funt-sterlinq qarşılığında transfer olunduğu “Mançester Siti”də ilk oyunundaca fərqlənir. Avropa Liqasında “Timişoara” ilə matçda qol vurur, ancaq elə həmin görüşdə zədələnərək 2 aylıq sıradan çıxır. Qayıdandan sonra Premyer Liqada "Arsenal" la oyunda debüt edən “Supermario” tədricən yeni çempionata uyğunlaşır.

Anası saatı 6 funta xadiməlik edir

Bu ərəfədə Marionun bioloji anası üzə çıxır. Rouz Barvuanın qızı ilə birlikdə İtaliyanı tərk edərək Mançesterə köçdüyü məlum olur. Televiziya və mətbuat Balotellinin həftədə 120 min funt-sterlinq maaş aldığını, buna baxmayaraq onu dünyaya gətirən qadının Mançesterdə saatı 6 funta xadiməlik etdiyini işıqlandırır. Açıqlama verən Rouz illər öncə 2 yaşlı oğullarını övladlığa vermək məcburiyyətində qaldıqlarını söyləyir, yalandan Balotelli ailəsinin Marionun onlarla görüşməsinə razı olmadığını deyir: "Qanadan İtaliyaya köçdük. Mario 4 övladımdan ikincisidir. O, tutulduğu mədə-bağırsaq xəstəliyi üzündən dəfələrlə əməliyyat keçirdi. Həyatı təhlükədəydi, amma ona baxacaq gücümüz yox idi. Sağlamlığına qovuşması üçün övladlığa verdik. Övladlığa götürən ailə onun bizimlə görüşməsinə razı olmur. Biz Mariodan pul istəmirik".

“Mənim bir ailəm var”

Balotelli isə müsahibəsində qarşı tərəfi ittiham edərək, bioloji valideynlərini simasız adlandırır: “Mən heç kim olanda onlar hardaydılar? Niyə tanınmayana qədər bir dəfə də olsun, görüşmək istəmirdilər? Niyə məni geri qaytarmağa cəhd etmirdilər? İndi ulduz futbolçuyam deyə, Rouz Barvua mənimlə görüşmək istəyir. Tanınmasaydım, heç yadına da düşməyəcəkdim. Onu bağışlaya bilmərəm. Yalan danışaraq məni övladlığa götürən ailənin nüfuzuna kölgə salmaq istəyir. Buna imkan vermərəm. Çünki mənim bir ailəm var - o da Balotelli ailəsidir”. Mario bioloji valideynlərindən fərqli, doğma qardaş və bacıları ilə görüşür. Yeri gəlmişkən, kiçik qardaşı Enox Barvua da futbolla məşğul olub. Bacısı Ebiqeyl Barvuanın isə sabiq nigeriyalı futbolçu Obafemi Martinsdən uşağı var.

Qadın həbsxanasına girən “yaramaz uşaq”

İpə-sapa yatmayan Balotelli “Mançester Siti”də oynadığı vaxt tam cızığından çıxır və adı tez-tez pis olaylarda hallanır: komanda yoldaşları Jerom Boatenq, Vensan Kompani, Aleksandr Kolarov, Mika Riçardsla məşqlərdə əlbəyaxa olur, gecə klubundakı davada iştirak edir. Daha sonra maşınla qadın həbsxanasının ərazisinə girdiyi üçün tutulur, ancaq yarım saat sonra buraxılır. 2011-ci ilin oktyabrında yenidən gündəmi zəbt edir. Dostları ilə birgə hamamın pəncərəsindən fişəng atarkən pərdə yanır və hamam yararsız hala düşür, üstəlik, qonşunun evinə ziyan dəyir. Yanğının baş verməsində dostlarından birinin fişəngi düzgün yandırmamasını əsas gətirir. Bu cür olaylardan sonra Mançesterdə onu “Yaramaz uşaq” adlandırırlar.

Mançini ilə dalaşır, fanatı olduğu kluba keçir

2012-ci ildə keçirilən Avropa çempionatı onun üçün düşərli olur. Balotellinin dublu sayəsində İtaliya yığması yarımfinalda almanları üstələyərək (2:1) finala adlayır, lakin həlledici qarşılaşmada İspaniya qarşısında aciz qalır (0:4).

Mario Avropa çempionatından qayıdandan sonra da “Mançester Siti”də özünü yaxşı aparmır. Rəhbərliyin səbir kasasını daşıran isə onun 2013-cü ildə baş məşqçi Roberto Mançini ilə dalaşması olur. Əlindən bezən klub rəhbərliyi müqaviləsinin sonunu gözləmədən Balotelliyə “gedə bilərsən” deyir. O isə uşaqlıqdan fanatı olduğu “Milan”a keçir.

Eyvanda siqaret çəkərkən...

“Rossonyerlər”in heyətində keçirdiyi 1,5 mövsümdə 54 oyunda 30 qola imza atır. Ancaq komanda avrokuboklardan kənarda qaldığına görə klubunu dəyişmək qərarına gəlir. 2014-cü ildə “Liverpul”a transfer olunan Marionun “qırmızılar”dakı karyerası uğursuz olur. Premyer Liqada 16 oyunda cəmi 1 qol vuran Balotelli yenidən “Milan”a keçir, bu dəfə icarə əsasında. Ancaq yaxşı oyun göstərməsinə zədələr imkan vermir. “Milan”dakı karyerası da qalmaqalsız ötüşmür: “Kalyari” azarkeşlərinə qeyri-etik jest göstərir, otelin eyvanında siqaret çəkərkən paparazzilərin obyektivinə tuş gəlir. Nəticədə onunla əməkdaşlığa son qoyulur.

4 ildən sonra milliyə qayıdış

2016-cı ildə azad agent kimi “Nitsa” klubuna müraciət edir və onu komandaya götürürlər. Fransa təmsilçisində keçirdiyi 2,5 mövsümdə 76 oyunda 43 qol vurur. “Nitsa”da yaxşı təsir bağışladığına görə 2018-ci ildə 4 illik fasilədən sonra millinin formasını geyinir. 2019-cu ilin yanvarında “Marsel”lə müqavilə imzalayır, lakin yarım mövsümdən sonra böyüdüyü Breşiya şəhərinin eyniadlı komandasına keçir.

Ronaldonun keçmiş sevgilisindən qızı olur

Bahalı avtomobillər həvəskarı olan Balotelli tez-tez saç düzümünü və sevgilisini dəyişməyi xoşlayır. Bu vaxtadək o qədər model, müğənni, rəqqasə və aparıcılarla eşq romanı yaşayıb ki... İlk məşhur sevgilisi 18 yaşı olarkən münasibətə başladığı, yunan model Betti Kuraku olur. Bundan sonra adı “Miss İtaly” yarışmasının finalçısı Melissa Kastanyola, müğənni Janine Katalina Fakko və rəqqasə Elena Moralla hallanır. Ardınca italiyalı model və müğənni Raffaella Fiko ilə eşq yaşayır. 2012-ci ilin dekabrında ondan qızı dünyaya gəlir. Mario əvvəlcə buna inanmır, Pianın onun qızı olduğuna şübhə ilə yanaşır. Fikonun məhkəməyə şikayətindən sonra DNT testi vasitəsilə uşağın atasının məhz Balotelli olduğu sübut edilir. Mario ilə münasibəti pozulan Fiko həmin vaxt qalmaqallı müsahibə verir: Balotellidən öncə Kriştianu Ronaldo ilə birlikdə olduğunu və bəkarətini onunla itirdiyini açıqlayır.

Oğlunun anası kimdir?

Fikodan ayrıldıqdan sonra “Supermario” belçikalı model Fanni Neqeşa ilə münasibətə başlayır. Onların evlənəcəkləri gözlənilsə də, Balotelli qızın xətrinə dəyir. Necə? 2012/2013 mövsümündə Çempionlar Liqasının ilk yarımfinal oyununda “Real” “Borussiya”ya 1:4 hesabı ilə uduzduqdan sonra Mario tvit paylaşır: “Real” finala yüksəlməyi bacarsa, sevgilimə bu klubun bütün futbolçuları ilə yatmağa icazə verəcəyəm”. Bu tvitdən sonra Fanni Marionu tərk edir.

2018-ci ilin sentyabrında Balotelli ikinci dəfə ata olur. Leon adlı oğlunun anasının kim olduğu isə bilinmir.

Balotellinin maraqlı sitatları

Mənim öz həyatım, öz dünyam var. İstədiyimi edirəm, heç kimi əsəbiləşdirmirəm.

Deyirlər ki, uşaqdan imtina etmək heç vaxt sağalmayacaq yaradır. Təkcə onu deyə bilərəm ki, tərk edilmiş uşaqlar bunu heç vaxt unutmayacaqlar.

Niyə qol vurandan sonra sevinmirəm? Çünki futbol mənim işimdir. Poçtalyon hər dəfə məktubu çatdıranda qışqırmır ki...

Bəzi futbolçular diqqət mərkəzində olmağı xoşlayırlar. Bu, ilk aylarda mənim də ürəyimcə idi, ancaq sonra xoş olmadığını anladım.

Mən qol vurmaq istəyəndə vururam.

Bir dəfə Kriştianu Ronaldoya yaxınlaşıb dedim: “Mən səndən yaxşı futbol oynayıram”.

Dünyada məndən bir az güclü olan cəmi 1 futbolçu var - Lionel Messi.

Joze Mourinyo dünyanın ən yaxşı məşqçisidir. Ancaq şəxsiyyət olaraq davranış qaydası və qarşısındakına hörmət etməyi öyrənməlidir.

“Qızıl top”u qazanacağam.

 

 

 

# 7701
avatar

Rizvan Babayev

Oxşar yazılar