İlham Əliyevin “Davos açıqlamaları” dünyanın diqqət mərkəzində - TƏHLİL
23 yanvar 2020 17:11 (UTC +04:00)

İlham Əliyevin “Davos açıqlamaları” dünyanın diqqət mərkəzində - TƏHLİL

Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. Ölkə rəhbəri  panelin moderatorunun suallarını cavablandırıb.

Prezident Əliyevin çıxışında Azərbaycanın xarici siyasəti, ölkədə aparılan islahatların önəmi və ölkənin beynəlxalq layihələrdə iştirakı məsələsinə toxunulub.

Dövlət başçısı bir çox önəmli mesajlar verib.

Ölkə rəhbəri rəsmi Bakının balans diplomatiyasına üstünlük verdiyi xüsusilə vurğulayıb. Moderatorun “...Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına ölkə başçısının cavabı konkret olub: ”Bakıya...”.

Prezident Əliyev onu da qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə münasibətdə xoşniyyətli kurs yeridir: “...lakin eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də  müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim  nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə  inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada  iyirmi yeddinci yerdə qərarlaşmışıq”.

Prezident Əliyev regionda cərəyan edən proseslərlə bağlı vəziyyəti şərh edib: “Düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır”. 

Azərbaycan Prezidenti “bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var”, - deyə əlavə edib. 

Ölkə başçısı qeyd edib ki, ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı: “Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam  olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

Dövlət başçısı bildirib ki, bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük: “Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz  özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir.  Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz  ABŞ - İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi  çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.

Azərbaycanda 9 fevralda keçiriləcək parlament seçkilərinə münasibət bildirən Prezident Əliyev vurğulayıb ki, bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi: “Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq".

Ölkə rəhbəri onu da vurğulayıb ki, parlament seçkiləri əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün imkan verir: “Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”.

Göründüyü kimi, ölkə rəhbəri qarşıdan gələn parlament seçkilərinin demokratik olacağını və ölkədə aparılan islahatlara xidmət edəcəyini xüsusilə qeyd edib.

Prezident İlham əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib: “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müasir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə  uğur qazanmaq yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada  da böyük dəyişikliklər baş verib”.

Ölkə rəhbəri infrastruktur islahatları barədə də geniş məlumat verib: ”Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”.

“Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Prezident Əliyev hakimiyyətin gənclərlə bağlı siyasətinə də toxunub.

Moderatorun “Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?” sualına ölkə başçısının sualı böyük maraq doğurub: “Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şüarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.

Moderatorun “Prezident Əliyev. Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər bu baxışı, regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi?” sualına dövlət başçısı belə cavab verib: “Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. Sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var. Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla – neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Davos açıqlamaları” dünyanın aparıcı media orqanları tərəfindən geniş işıqlandırılıb və Azərbaycanda aparılan islahatların bölgə üçün önəmi geniş şərh edilib.

APA Analytics

 

# 1396
avatar

Oxşar yazılar