Xatirə İslamın yol QALMAQALINA  reaksiya: "Gəlib asfalt çəkməli deyilik"
18 yanvar 2020 17:27 (UTC +04:00)

Xatirə İslamın yol QALMAQALINA reaksiya: "Gəlib asfalt çəkməli deyilik"

Ötən həftə Novxanı qəsəbəsindəki yolun bərbad vəziyyətdə olması ilə bağlı xəbər vermişdik. Müğənni Xatirə İslamın videoya çəkib öz İnstaqram profilində paylaşdığı həmin yol barədə Binəqədi rayon İcra Hakimiyyəti də münasibət bildirmişdi. İcra hakimiyyətinin nümayəndəsi Kənan Kərimov həmin ərazidə Melorasiya və Su Təsərrüfatı İdarəsinin bir neçə ay öncə təmir işi apardığını, hazırda ərazidə problemin həlli üçün idarə ilə razılaşma əldə olunduğunu bəyan edirdi.

Məsələ ilə bağlı Abşeron rayon Melorasiya və Su Təsərrüfatı İdarəsinin soyadını açıqlamaqdan imtina edən Qəmbər adlı baş mühəndisii Lent.az-a danışıb. O, hazırda sözügedən ərazidə idarə ilə bağlı hər hansı problemin qalmadığını vurğulayıb:

“İlyarım bundan əvvəl həmin yolda idarə qazıntı işləri aparıb və xətt çəkilib. Sonra onun üzəri tam səliqəli və problemsiz şəkildə örtülüb. Melorasiya və Su Təsərrüfatı İdarəsi gəlib orada təzədən asfalt çəkməli deyil”.

Baş mühəndis Novxanı qəsəbəsindən keçən və idarənin balansında olan kanala sakinlərin hər gün zibil atdığını da deyib:

“Ceyranbatan su anbarından Zirə kəndinə qədər 73 kilometrlik kanal Novxanı qəsəbəsinin ərazisindən keçir. Kanal Zirədə tərəvəzlərin suvarılması üçün nəzərdə tutulub və aprel ayına qədər kanala su verilmir. Buna görə də müğənni Xatirə İslam da daxil olmaqla həmin kanalın ətrafında yaşayan bütün sakinlər ora zibil atır. Hər həftə demək olar ki, kanala traktor salıb təmizləyirik. Bu gün təmizlik işləri aparır, sabah görürük ki, yenə kanalın ətrafı köhnə divan, sellofan, tullantı, heyvan leşləri ilə doludur. Sakinlər elə bilir ki, yaxın vaxtlarda kanala su veriləcək və atılan zibillər də axıb dənizə gedəcək. Kanalın ətrafını dünən epidemiologiyanın əməkdaşları ilə birgə təmizləmişik. 30 ildir bu idarədə işləyirəm, heç vaxt belə bir hal ilə rastlaşmamışam. Belə davam edəcəyi halda, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinə müraciət edəcəyimizi düşünürəm”.

# 3986
avatar

Mehman Nəbiyev

Oxşar yazılar