20 Yanvar faciəsi – Tariximizin qəhrəmanlıq səhifəsi
18 yanvar 2020 16:11 (UTC +04:00)

20 Yanvar faciəsi – Tariximizin qəhrəmanlıq səhifəsi

 

XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrinin 30-cu ildönümü ərəfəsindəyik.

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri qan yaddaşına həmişəlik yazılır. Qəhrəmanlıq sözü dilimizdə səslənən kimi, ilk olaraq 1990-cı ilin soyuq bir qış gecəsində - yanvar ayının 19-dan 20-nə keçən gecə azadlıq və müstəqilliyimiz uğrunda şirin canlarından keçmiş, şəhid olmuş oğul və qızlarımız göz önünə gəlir. O qəhrəmanlar bütün nəsillər tərəfindən həmişə hörmətlə anılır, ehtiramla xatırlanır. 20 Yanvar şəhidlərinin adları xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazılıb. Onlar öz qəhrəmanlıq və igidlikləri ilə dünyanı heyran qoydular. 70 il ərzində müstəqilliyimizi əlimizdən almış, xalqımızı əsarətdə saxlamış və təpədən-dırnağadək silahlanmış, üstümüzə hücum çəkmiş böyük bir imperiyaya meydan oxudular.

20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hökumət tərəfindən milli mənafeyimizə zidd siyasətin yürüdülməsi kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilməsinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atması onun antihumanist təbiətini və ən iyrənc yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətini tam aydınlığı ilə ifşa etmiş oldu.

1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət heyəti tərəfindən İttifaq Konstitusiyası və Azərbaycan SSR Konstitusiyasının maddələri kobud şəkildə pozularaq Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul edildi. İnformasiya blokadası yaratmaq məqsədi ilə yanvarın 19-da saat 19.22-də Azərbaycan Televiziyasının enerji bloku partladılıb sıradan çıxarıldı. Yanvarın 19-da saat 21-də SSRİ müdafiə naziri Dimitri Yazovun şəxsi rəhbərliyi altında Bakıda "Tayfun" əməliyyatı başladı. Bütün qoşun növlərindən istifadə olunması ilə hər tərəfdən şəhər üzərinə ordu yeridildi, əhaliyə divan tutuldu. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. Öldürülənlər və yaralananlar arasında qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu. Fövqəladə vəziyyət haqqında fərman isə yalnız yanvarın 20-də səhər saat 7-də elan olundu. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, silahlı qüvvələrin şəhərə soxulub ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir. 

Həmin günün mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Xalqın belə birlik nümayiş etdirməsi həm də dünyaya Azərbaycan adlı bir ölkənin, bir millətin tanıdılması baxımından çox vacib bir hadisə idi ki, bununla da Azərbaycanın gələcəkdə dünya birliyinə müstəqil bir ölkə kimi daxil olmasının təməli qoyulurdu.

20 Yanvar faciəsinə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. O, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Bakıda baş verən qanlı qırğının günahkarlarını, Mixail Qorbaçovu və SSRİ hökumətini qətiyyətlə ittiham etdi: “Bakıda Sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə hüquqa, əxlaqa, mənəviyyata ziddir, xalqa qarşı tarixi cinayətdir”.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir.

1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Qanlı Yanvar günü Azərbaycan xalqı üçün faciə olmaqla yanaşı, eyni zamanda öz ləyaqətini qorumaq üçün mübarizəyə və bu yolda qurban verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir. Hadisələrdən sonra xalqın mütərəqqi, qabaqcıl qüvvələri bir daha yəqinlik əldə etdilər ki, suverenliyin yeganə yolu Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasındadır. 1990-cı il 20 Yanvar Bakı qətliamına ən doğru qiyməti tarix özü verdi. Şəhidlərin qanı yerdə qalmadı, şər imperiyası dağıldı, Azərbaycan öz müstəqilliyinə qovuşdu, milli birlik və azadlıq arzusu qalıb gəldi. 20 Yanvar şəhidlərinin o gecə öz cəsədləri ilə torpağın köksündə əkdikləri azadlıq toxumunun bu 30 ildə yetirdiyi ən lətif meyvə müstəqil Azərbaycan dövlətidir.

Milli tariximizin qanlı və şanlı səhifələrindən olan 20 Yanvar hadisələrinin yaddaşlardan silinməməsi üçün həm dövlətimiz və dövlət başçımız, həm də xalqın önündə gedən ziyalıları kifayət qədər iş görüblər və bu tədbirlər dövri olaraq davam etdirilir. “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Azərbaycan Prezidentinin 13.12.2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsinin yad edilməsi üçün hər il olduğu kimi bu il də Azərbaycan ərazisində və ölkəmizin hüdudlarından kənarda anma mərasimləri keçiriləcəkdir.

Nə qədər Azərbaycan var, azərbaycanlılar var 20 Yanvar  faciəsi və eyni zamanda, bu qəhrəmanlıq salnaməsi unudulmayacaqdır.

Hikmət Umudlu,

Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru, II dərəcəli ədliyyə qulluqçusu 

# 1603
avatar

Oxşar yazılar