Azərbaycanda "vorzakon" sözü qadağan edilə bilərmi? - YENİ TƏKLİF
19 yanvar 2020 11:02 (UTC +04:00)

Azərbaycanda "vorzakon" sözü qadağan edilə bilərmi? - YENİ TƏKLİF

Rusiya, Gürcüstan və Ukraynada cəmiyyət arasında, kafedə və ya restoranda “vorzakon” sözünün işlədilməsi qadağan edilib. Məlumata görə, həmin sözü işlədənlərə əvvəlcə xəbərdarlıq edilir. Buna riayət etməyən şəxsi artıq növbəti dəfə 2 il həbs cəzası gözləyir. Qadağaların isə kriminal aləmə meylliliyin qarşısının alınması üçün qoyulduğu bildirilir. Azərbaycanda da qonşu ölkələrdəki kimi eyni qadağanın tətbiqi mümkündürmü?

Hüquqşünas Anar Bayramov Lent.az-a deyib ki, bunun üçün səlahiyyəti olan istənilən şəxs Milli Məclisə təklif göndərə bilər:

“Hüquq-mühafizə orqanları, xüsusən də Baş Prokurorluq, bundan əlavə, Nazirlər Kabineti, yaxud hər hansı deputat bu barədə Milli Məclisə təklif göndərə bilər. Qanuna görə səlahiyyəti olan hər bir şəxsin bu barədə təklif verməyə haqqı var. Ancaq hazırda belə bir qayda yoxdur. Rusiya, Ukrayna və Gürcüstanda müxtəlif qanunlar var. Ölkə ərazisində sabitliyi qorumaq, kriminal aləmə meylliyin qarşısını nisbətən almaq üçün belə addım atılıb”.

Sosioloq Üzeyir Şəfiyev isə belə qadağanın Azərbaycanda tətbiqinin düzgün olmadığını qeyd edib. Onun sözlərinə görə, kriminal aləmə meylliliyin qarşısını almaq üçün mətbuatda onlara az yer ayrılmalıdır:

“Azərbaycanda insanların fikir azadlığı hüququ var. Buna əsasən, hansısa sözü qadağan etmək olmaz. Ancaq KİV-də kriminal mövzulara nisbətən az yer verilməsini təklif edirəm. Kriminal aləmə marağın qarşısını almaq üçün müəyyən tədbirlər görmək olar. Əvvəlcə mediada, sosial şəbəkələrdə kriminal aləmin üzvlərinin adı az çəkilməlidir. Onların etdiyi əməllər işıqlandırılmamalıdır. Həmin məlumatlar çox yayıldığı üçün gənclər arasında da maraq artır”.

# 3966
avatar

Mehman Nəbiyev

Oxşar yazılar