Ali məktəblərə qəbulda ixtisas qrupları ləğv edilsin - EKSPERTDƏN TƏKLİF
14 yanvar 2020 15:00 (UTC +04:00)

Ali məktəblərə qəbulda ixtisas qrupları ləğv edilsin - EKSPERTDƏN TƏKLİF

Azərbaycanda magistraturaya qəbulda dəyişiklik edildi və Nazirlər Kabinetinin qərarı ilə imtahanlar sadələşdirildi.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına, o cümlədən jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul istisna olmaqla, digər ixtisaslar üzrə magistraturaya qəbul imtahanı yalnız bir mərhələdə keçiriləcək.

Təhsil eksperti Kamran Əsədov magistratura ilə bağlı yeni qərardan sonra ali məktəblərə qəbulla bağlı maraqlı təklif irəli sürüb.  

Lent.az xəbər verir ki, ekspertin fikrincə, ali məktəblərə qəbul zamanı ixtisas qrupları da ləğv edilməli və abituriyentlər yalnız Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verib nəticələri və orta məktəbin göstəriciləri ilə universitetə qəbul olunmalıdırlar: “Bütün digər fənlər üzrə imtahan keçirilməsi ləğv edilməlidir. Onsuz da qəbul olanlar həmin bilikləri orta məktəblərdə əldə edirlər və universitetdə təkmilləşdirəcəklər.

Bu, həm kölgə təhsilini, həm də repetitorluğu aradan qaldırar. Şagirdlər həm də məktəbdə gedər, mütaliə etməyə, idmanla məşğul olmağa boş vaxtı qalar. Ümid edirəm ki, qəbul imtahanlarına ikili yanaşma tətbiq olunmayacaq və bu imtahanlar da sadələşəcək”.

Ekspertin fikrincə, sadələşmə doktorantura pilləsində keçiriləcək imtahana da aid olmalı və bu zaman da fənnindən imtahan ləğv olunmalıdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub. Əvvəllər bakalavrlar iki mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanda iştirak edirdilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5102

Oxşar yazılar