3053
15:03
07 Yanvar 2020

Qasım Süleymaninin dəfn mərasimi təxirə salındı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə dəfn mərasiminin təşkilat komitəsinin sədri Mehdi Sedqi bildirib.

“Əvvəlcə Qasım Süleymaninin dəfn olunduğu xəbərini elan etdik ki, kütlə sakitləşsin. İzdiham müşahidə olunduğundan dəfn prosesini icra etmək mümkün deyil. Buna görə dəfn mərasimi təxirə salınıb. Dəfn mərasimi başqa vaxtda təşkil olunacaq”, - deyə M. Sedqi qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.