Bu gün saat 13:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.
Agentlikdən Lent.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları birlikdə həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış 100 mm-lik top mərmisi (Ş-5) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 150 kv. metr əraziyə yerüstü, 6 kv. metr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.