710
22:16
01 Yanvar 2020

Türkiyə qoşunlarının Liviyaya hansı halda göndəriləcəyi açıqlanıb

Marşal Xəlifə Haftar Tripoliyə hücumu dayandırsa, Ankara öz qoşunlarını Liviyaya göndərməkdən imtina edə bilər.

APA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Türkiyə parlamenti yanvarın 2-də Liviyaya türk hərbçilərinin göndərilməsinə icazə verib-verməyəcəyinə qərar verəcək. Ölkənin müdafiə naziri Hulusi Akar qoşun göndərməklə bağlı hazırlıqlara başlanıldığını bildirib.

"Qoşunlarımızın Liviyaya girməməsi yalnız oradakı vəziyyətdən asılıdır. Silahlı qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır. Parlamentdə qoşun göndərilməsi üçün mandatın qəbul edilməsi özündə siyasi bir mesajı əks etdirir. Qarşı tərəf hücumları dayandırdığını bildirərsə, o zaman ora niyə gedək ki?", - F.Oktay "Anadolu"ya verdiyi müsahibəsinbelə deyib.

Vitse-prezident əlavə edib ki, Haftar "hücumlarını davam etdirərsə", Tripolidə olan Liviya hökumətinin razılığı əsasında oraya ordu göndəriləcək.