656
00:18
01 Yanvar 2020

Prezident İlham Əliyev: “Azərbaycan sabitlik məkanıdır, inkişaf məkanıdır”

Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib.


APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib.


Azərbaycan Prezidenti qeyd edib ki, 2019-cu ildə ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşayıb: “Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.
Dövlət başçısı bildirib ki, bu il beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. “İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm. Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır. Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır”.


Prezident İlham Əliyev vurğulayıb ki, bu il Bakıda Dünya dini liderlərinin Zirvə görüşü keçirilib, 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər: “Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu Zirvə görüşündə təqdim etdi”.