Əvvəli: https://lent.az/news/334965
Sonluqdan sonra üçün
- Bulud... – deyə o inildədi və qeyri-ixtiyari olaraq böyründəki döşəkağının bir ucu ilə çılpaq bədənini örtməyə çalışdı.
Yox, bu mümkün deyildi!
Leyla bu vəziyyətdə ola bilməzdi, olmamalıydı! Leyla bu vəziyyətdə gülümsəyə bilməzdi, gülümsəməməliydi! Leylanı son gördüyüm andan on dəqiqə keçməmişdi bəlkə də. Bu on dəqiqənin üç dəqiqəsini şirniyyatçı dükanından binaya girişə və mənzilədək qalxmağa sərf etsə, deməli, içəri girməsi ilə bu hala gəlməsi də qalan yeddi dəqiqəyə sığmalıydı. Bu isə ağlıma belə sığmırdı və mən son iki saniyə ərzindəki keyliyimin içində Leylaya baxaraq bunları düşündüyüm zaman qonaq otağında səs-küy qalxdı.
- Şərəfsiz! – kimsə dedi və ardınca atəş səsi eşidildi.
Səslər qarışıq və tanımadığım idi deyə o yanda nə baş verdiyini anlamadım, “şərəfsiz” sözünü isə dəqiq Sehrbaz deməmişdi, onun səsini tanıyırdım.
Leylanın üzündəki təbəssüm itmişdi, rəngi ağappaq idi və mən bunu onun güllə səsindən qorxmasından deyil, mən bura gələnə qədər baş verən nəyinsə təsirindən olmasını anlamışdım artıq. Yəqin ki ona narkotik tərkibli iynə vurmuşdular. Lakin indi bunları düşünməyə vaxt belə yox idi.
Yan otaqdan qadın çığırtısı eşidildi. Sevdanın səsi idi və mən dəhşətlə qapıya sarı baxdığım zaman Sehrbazın Sevdanı girov kimi qarşısına tutub, əlindəki tapançanı da başına dirədiyi vəziyyətdə mənzildən çıxdığını gördüm. Bayaq Sevda ilə gördüyüm mühafizəçi isə çarəsiz halda, əlindəki tapança ilə nə edəcəyini bilmirmiş kimi, hirsindən jurnal masasına təpik vurub aşırdı. Divanın böyründə bayaq gördüyüm yarıçılpaq oğlanlardan biri sərilib zarıyırdı, çiynindən qan axırdı. Digəri otaqda yox idi, görünür, Sehrbazdan qabaq qaçmağa fürsət tapmışdı. Mühafizəçi mənə ani bir qəzəbli baxış atıb, sürətlə mənzildən çıxdı. Mən onun ardınca götürüldüm. Lakin bircə mərtəbə düşməmişdim ki, onun pillələri iki-iki qalxdığını gördüm. Məni görmürmüş kimi sürətlə qalxırdı və mən də onun Leylaya zərər vuracağından qorxaraq dərhal geriyə döndüm. Leylanın mənzilinin qapısına demək olar ki eyni anda çatdıq və mən onun qolunu burub tapançanı yerə salmasına nail oldum, dərhal da xüsusi fənd işlədib, yerə yıxdım. İkimiz də təngnəfəs və qəzəbli idik, lakin ikimiz də bu anlarda yanlış vəziyyətdə olduğumuzu anlayırdıq, sadəcə özünüqoruma instinktinin diktəsi ilə davranmışdıq. Mən dizimlə onun sinəsini sıxdığım zaman o var gücüylə dartınıb başıyla mənim mənzilimə işarə etdi:
- Axmaq, ordadırlar. Çıxmayıbmış...
Beynimdə şimşək çaxdı elə bil.
Qapını itələsəm də açılmadı. Mühafizəçi yerdən qalxıb, qapını sındırmağa çalışdı.
- Aç, şərəfsiz! Aç! – bağırırdı.
- Aç! Aç qapını! – mən də bağırırdım.
Artıq mənim və Leylanın qapısından başqa bütün mənzillərin qapısından adamlar çıxıb bizə tərəf boylanmağa başlamışdılar. Kimsə də polis çağırmaq lazım olduğunu dedi və o anda qapı qırıldı, mən də, mühafizəçi də içəri girdik.
Gördüyümüz mənzərə isə bu gün baş verənlərin ən dəhşətlisi oldu.
Sehrbaz Sevdanı açıq pəncərəyə çıxıb aşağı tullanmağa məcbur edirdi. Özü də əlində tapança gah bizə, gah Sevdaya baxırdı.
- Öldürəcəm səni! – mühafizəçi Sehrbazın üstünə cumdu və mən bayaq onun qolunu burub tapançasını yerə saldığım üçün yandım-töküldüm.
- Çəkil, ə! – Sehrbaz təpiklə mühafizəçini özündən mənim üstümə itələyib tapançanı üstümüzə tutdu, - öləcək bu qancıq!
- Get, çıx get! – Sevda mühafizəçiyə yalvardı, - öldürəcək axı məni, nolar...
- Nolar, etmə, eləmə, yalvarıram, - birdən mühafizəçi dizi üstə çökərək Sehrbaza yalvardı.
- Oğraşsan da, hə? Boynuna alırsan? Hə? De ki oğraşsan, de!
- Yalvarıram, nə desən eləyərəm, burax onu düşsün, nolar, rəis...
- Nə dedim sənə? De ki oğraşsan!
- Oğraşam, rəis, oğraşam, amma düşsün, nə olar...
- De ki, o qədər oğraşam ki, rəisimin qancığını uşağa saxlamışam! De!
- Rəis... – mühafizəçi ağappaq olmuşdu və dili topuq vururdu.
- De! – Sehrbaz qəzəblə bağırıb tapançanı mühafizəçinin başına sıxdı.
- Ay Allah! – Sevda çarəsiz inildədi və mənə baxıb kömək istədi, - Bulud...
Mən Sevdaya sarı addım atmaq istəyəndə Sehrbaz qeyri-ixtiyari olaraq diqqəti mənə yönəldi deyə qəfil atəş açdı. Bir andaca mühafizəçi qolunu tutub yerə çökdü. Atəş səsindən diksinmiş Sevda pəncərənin qarşısında səntirlədi və mən onu tutub kənara çəkmək istədikdə binanın hər tərəfindən səs-küy qalxdı. Görünür atəş səsləri hamını qorxutmuşdu, artıq polis maşınlarının siqnalları da adamların səsinə qarışmışdı. Sehrbaz qəfəsə düşmüş canavar kimi çabalayırdı, gözləri hədəqəsindən çıxmışdı, deyəsən vəziyyətinin nə qədər kritik və bu anlarda tamamilə köməksiz olduğunu anlamışdı artıq. Nə olursa olsun xilas olmayacaqdı. Ya həbs, ya da...
- Burax onu! – Sehrbaz tapançanı mənim və Sevdanın üstünə tutdu, - burax qəhbəni, deyirəm!
- Silahı at! – içəri doluşan xüsusi təyinatlılardan biri bağırdı, - əllər yuxarı!
Lakin Sehrbaz Sevdanı vurmağa fürsət tapdı. Qadın qollarımın arasındaca qarnını qucaqlayıb ayaqlarımın üstünə yıxıldı. Bu, Sehrbazın bu dünyada fürsət tapıb etdiyi son şərəfsizlik oldu, yəqin ki. Çünki bircə saniyə sonra o özü də yerdə al qan içində sərilib qalmışdı.
Mühafizəçi isə yerdə oturub söykəndiyi divara bitişmiş heykəl kimi donaraq, Sevdanın qarnından axan qana baxırdı.
Mən hər şeyin bitdiyini anlayırdım.
Sağ olduğumu da.
***
Sonrakı hadisələr prosedur üzrə, bəlli bir xətt üzrə keçib getdi. Sehrbazın ölümündən sonra üzə çıxan həyat yoldaşı Leyla onun bütün cinayətlərini üzə çıxaracaq videogörüntüləri istintaqa təhvil verdi, mən şahid və zərərçəkən qismində çıxışlarımı, izahatlarımı təqdim etdim, Sevdanın uşağının atası olan baş mühafizəçi başda olmaqla, digər cangüdənlər də Sehrbazın adamları kimi həbs olundular.
Mən işdən çıxmalı oldum, daha doğrusu, şirkətin prezidenti bütün respublikanı ayağa qaldıran, uzun zaman gündəmdən getməyəcək qalmaqalda adım hallanıb deyə, mənimlə əməkdaşlığa davam edə bilməyəcəyini bildirdi və ayrıldıq.
Bütün bu zaman ərzində isə Leyla ilə üz-üzə gəlməyə nə qədər can atsam da, alınmadı. O məndən qaçırdı. Görünür, o dəhşətli gündə o vəziyyətdə gözümə göründüyünə görə əzab çəkirdi. Mən də israr etmədim. Bir-iki zəngimdən sonra nömrəsini dəyişdiyini də anladım və məhkəmə, istintaq, həbs məsələləri bitəndən sonra bir daha onu görməyəcəyimdən əmin oldum.
Əmin oldum və söndüm.
Bir də üstündən iki ay keçəndən sonra, Yeni ilə bir gün qalmış Leyladan xəbər tuta bildim. Daha doğrusu, ondan məktub aldım.
“Salam, Bulud. İstəyirəm biləsən ki, sən mənim üçün hələ də doğmasan və bu həmişə belə olacaq. İstəyirəm biləsən ki, son görüşümüzdəki halıma görə çox utanıram, özümü qoruya bilmədiyimə görə, sənin məni qoruya bilməyin üçün heç bir ümid yeri saxlaya bilmədiyimə görə çox xəcalət və əzab çəkirəm. Mən sənin son baxışlarını heç vaxt unutmayacağam. Bu, sevdiyi qadını xilas edə bilməyən kişinin baxışları idi. Çarəsiz və qəzəbli. Bağışla, Bulud. Biz yəqin ki bir daha heç vaxt üz-üzə gəlməyəcəyik və heç bir fərqi də yoxdur ki, həmin gün orada mənə onlar toxunmuşdularmı, toxunmamışdılarmı... Mən özüm bunu dəqiq bilmirəm və düzü, heç bilmək də istəmirəm. İtirməkdən qorxduğum tək sən idin, o da oldusa... Əlvida.”
Gözlərim dolmuşdu, səssiz və ürəyimin içinə ağladığımın fərqində idim.
Leyla bilmirdimi ki, ona kimsə toxunmamışdı? Axı məhkəmə ekspertizası da, o gün mənim hesabladığım zaman kəsiyi də buna sübut idi. Lakin o artıq yox idi. Getmişdi Leyla. Şəhərdənmi, məni həyatımdanmı, nə fərqi vardı ki... Yox idi o.
Mən tək qalmışdım.
***
- Gəl, gəl! – Gülnarın sevinc dolu səsi qulağımı batırdı.
- Gəlirəm! – dedim mən də sevinə-sevinə.
İki saatdan sonra isə kəndimizdə idim.
Yeni ili qarşılamağa gəlmişdim.
Anamla, Surxayla, Gülnarla...
Anam plov dəmləmişdi, xalam aş qarası bişirmişdi, Gülnar salat hazırlamışdı, Surxay da həyətdəki nəhəng küknar ağacına rəngli işıqlar çəkib bayram ovqatı yaratmışdı.
Süfrədə Gülnar mənim anamın və öz anasının abırdan üzünü qızardacaq bir etiraf etdi, hamilə olduğunu dedi. Surxay da dedi ki, oğlan olsa, adını Tofiq qoyacaqlar. Xalamla anam hədsiz sevinsələr də, Gülnara ehtiyatla göz ağardıb xısın-xısın gülüşdülər, “sağ-salamat azad ol” dedilər.
Saat on ikidə Surxayla şampan partladıb hamının yeni ilini təbrik etdik.
Sonra televizordakı bayram konsertinin mahnıları altında qol götürüb oynadıq.
Sonra isə hamı yatdı, mən siqaret qutumu götürüb həyətə düşdüm.
Rəngbərəng işıqları olan küknarın yanına getdim.
Bu küknarı Leyla ilə birlikdə əkmişdik. Uşaq idik onda. Leylanın adı da Səma idi. Məktəbdəki yeni il tədbirindən sonra kənara atılmış küknarın üstündə kökləri qalıb deyə ümidlənmişdik, bəlkə ona yeni həyat verə bilərik deyə gətirmişdik bizə. Daha doğrusu, əvvəlcə Səmagilə aparmışdıq, amma onun atası acıqlanıb orada əkməyimizə imkan verməmişdi. Biz də anamın “meyvəsiz ağacı evin qabağında əkməzlər, bala” deməyinə baxmayaraq, düz həyət qapısının ağzında əkib dərhal da üstünü konfet kağızlarından hazırladığımız, məktəb tədbirindən tullanan bəzəklərlə doldurmuşduq. Bircə işığımız olmamışdı. Söz vermişdik ki, böyüyəndə öz pulumuz olar və onu da dükandan alıb edərik...
İndi bunları düşündükcə istər-istəməz Leylagilin həyətinə sarı baxırdım. Qaranlıq idi ora. Həyət də, ev də. Yadımdadır, haçansa anam demişdi ki, illərdir, ora kimsə gəlmir, əvvəllər arada ancaq bayramlarda Səma gəlib eyvandakı işığı yandırırdı və dərhal da səssiz-səmirsiz çıxıb gedərdi, sonra o da daha gəlmədi, vəssalam.
Ağlıma gələn ilk fikir o oldu ki, gedim elə bu dəqiqə onların işığını yandırım.
Ağlıma gələn ilk fikirlə də bizimlə Leylagilin həyətini ayıran hasarın üstündən adlayıb keçməyi qərara aldım.
Boyumdan hündür daş hasarın üstünə çıxanda isə gözlərimə inanmadım.
Leylagilin eyvanında işıq yanırdı.
Qəfil sevincdən və təəccübdən özümü itirdim, ayağım isə hasarın nəm daşının üstündən sürüşdü və müvazinətimi saxlaya bilməyib yerə yıxıldım. Birtəhər ayağa qalxıb üst-başımı çırpanda isə gülüş səsi eşitdim.
O idi. Küknarın altında dayanıb mənə baxırdı. Mənə baxırdı və gülürdü.
Bizim həyətimizdə, bizim əkdiyimiz küknarın altında, o... Leyla...
Ona yaxınlaşdım və baxışlarımız qarşılaşanda üzündəki təbəssüm itdi, dolmuş gözlərini məndən gizlədib pıçıldadı:
- Görürsən, dözmədim...gəldim.
- Yaxşı elədin, - dedim və onu bağrıma basdım.
- Axı mən “əlvida” demişdim.
- Mən yox...
- Səni sevirəm.
- Səni sevirəm...
Vəssalam.
Nağıllar da, melodramlar da ən gözəl məqamında bitmirmi?
Şərin məhv olduğu, xeyirin qalib gəldiyi, sevginin xoşbəxtlik gətirdiyi məqamlarda.
Nə üçün ardı yazılmır, danışılmır, göstərilmir? Xoşbəxtlik maraqlı deyilmi? Yox?
Siz necə düşünürsünüz bəs?
Sonluqdan sonra nə var?
Göydən üç nöqtə düşdü...