“Leyla çarpayıda çılpaq uzanmışdı, Sehrbaz isə...” - Bulud Qaranın gündəliyi – 41-ci BÖLÜM
25 dekabr 2019 20:15 (UTC +04:00)

“Leyla çarpayıda çılpaq uzanmışdı, Sehrbaz isə...” - Bulud Qaranın gündəliyi41-ci BÖLÜM

Əvvəli: https://lent.az/news/334430

Sehr, yoxsa yalan?

- Get, - dedim haçandan-haçana Surxaya.
- Sən də gəl, - əlini çiynimə qoyan Gülnar burnunu çəkib, dedi.

Ayağa durdum.
Gülnar məni qucaqlayıb, sinəmə qısıldı. Onu bağrıma basıb, səssiz ağladım. Surxay bizdən bir az aralandı, siqaret yandırdı.
- Siz gedin, mən bir az tək qalmaq istəyirəm, - dedim Gülnara.
- Yaxşı, - dedi, gödəkçəmin yaxalığını səliqəyə sala-sala Surxaya işarə etdi, - biz kəndə gedəcəyik. Anam da gedir. Sürəyya xalayla qalacaq o, biz də... bizdə.
- Lap yaxşı, özündən muğayat ol, - deyib, onu bir də qucaqladım.
- Bəlkə sən də gələsən, - Surxay siqareti kənara tullayıb, yaxınlaşdı.
- Yox. Mənim burda işlərim var, - dedim, - Gülnar sənə əmanətdir.

Biz Surxayla da qucaqlaşıb, ayrıldıq.
Onlar köhnə-təzə qəbirlərin arası ilə gedə-gedə arada çönüb mənə baxırdılar. Məni tək qoyub getdikləri üçün nigaran görünürdülər və bunu hiss etdikcə sinirlərim gərilirdi. Gözlərimi onlardan çəkib, Tofiqlə üz-üzə dayandım. Göz-gözə baxdıq xeyli. 

- Niyə belə elədin, Tofiq? 

Nə deyəcəkdi ki? Yox idi o artıq. Öldürmüşdülər onu. Sehrbazınmı, Sevdanınmı qurbanı olmuşdu, dəqiqliyi ilə bilmirdim də. Mən heç Tofiqin özünün də konkret olaraq nə etdiyini bilmirdim. Amma bilmək istəyirdim. Həyatımın demək olar ki tən yarısını bu adama dost deyərək, ona hər şeydə özüm qədər inanıb etibar edərək yaşamışdım. Amma elə şeylər baş vermişdi ki, baş verənlər hər şeyi elə darmadağın etmişdi ki...

Qapqara qarğalar uçuşurdu ətrafımda, başımın üstündə. Qarıldayır, sanki buradan çıxıb getməyimi istəyirdilər. Biri gəlib Tofiqin məzarının üstünə qondu. Hirslə yerdən çınqıl götürüb atdım, o da hirslə qarıldayıb uçdu, amma tənbəl halıyla azacıq havada fırlanıb yaxınlıqdakı digər qəbirlərdən birinin başdaşına qondu. 

Tofiqə son dəfə baxdım.

- Mən bura bir də gəlməyəcəyəm, - dedim, - gəlməyəcəyəm, ona görə də səni bağışladığımı demək istəyirəm. Mənə, Surxaya, özünə qarşı elədiyin hər şeyi halal edirəm. İstəyirəm biləsən ki, mən sənin əslində çox yaxşı adam olduğunu bilirəm, hətta yaxşı dost olmasan belə, sən pis adam deyildin. Olsaydın, indi burada uzanmazdın... İstəyirəm biləsən ki, mən də, Surxay da səni həqiqətən də çox istəyirdik, həmişə də çox istəyəcəyik. İstəyirəm biləsən ki... mən səndən özümün də, Surxayın da adından üzr istəyirəm, sənə yalvarıram... bizi bağışla, səni qoruya bilmədiyimiz üçün, sənin bizə qarşı olmağa məcbur qalacağını ağlımıza gətirmədiyimiz üçün biz bunu etmədik... edə bilmədik, Tofiq... Amma sən niyə belə elədin axı, niyə?

Bilirəm inanmazsınız, amma mən onun ağladığını gördüm. Tofiq ağlayırdı. Təbəssümü üzündə donmuş halda, gözləri gözlərimə dikilmiş halda, peşman-peşman, çarəsiz-çarəsiz ağlayırdı...

***

Sonra mən sahilə getdim.
Hava qaralana qədər dənizlə üz-üzə, göz-gözə dayandım. 
Yalnız möhkəm üşüdüyümü hiss edib maşına oturanda gözümün ucu ilə gördüm ki, bir az aralıdakı köhnə sovet “Niva”sında oturmuş cütlük öpüşür. Leyla ilə burada ilk dəfə öpüşdüyümüz anları xatırladım, radionu qoşub aparıcı xanımın sürücüləri ələ salırmış kimi şit söhbətini dinləyə-dinləyə oradan uzaqlaşdım. Dənizlə görüşdən sonra içimdə bir rahatlıq yaranmışdı. Külək, ləpələnən su ruhumu təmizləmişdi. Hətta özümü o qədər yaxşı hiss edirdim ki, tıxacda dayanıb gözləməyə məcbur olanda nə siqnal verdim, nə də başımı maşının pəncərəsindən çıxarıb qarşıdakı eynən mənim qədər çarəsiz sürücülərlə deyindim. Mən sadəcə telefonumu açıb, radioya zəng vurdum. Bir dəqiqədən sonra artıq canlı efirdə olduğumu mənə bildirdilər və həmişə səsini eşidəndə kanalı dəyişdiyim aparıcıyla danışmağa başladım.

- Axşamınız xeyir, Bulud.
- Axşamınız xeyir...

Və bir azdan mən heç vaxt mallarını bəyənib almadığım mağazalar şəbəkəsindən ayaqqabı qazanmalı oldum. Aparıcı məni sabah günorta saatlarında radioya yaxınlaşıb kuponu almağa dəvət etdi, mən də təşəkkür edib, artıq tıxacdan qurtulduğum üçün sevinə-sevinə evimə tərəf getdim. Mənə elə gəldi ki, bayaqdan ətrafımda sıx dayanıb tıxacın bitməsini gözləyən maşınların arasında sahildə gördüyüm “Niva” da vardı və sükan arxasında oturmuş iri cüssəli adamı harada gördüyümü xatırlamağa çalışdım. Heyf ki, aramıza girib keçən maşınlar onu tam görməyimə imkan vermədilər. Yanındakı qadın da paltosunun papağını az qala gözünün üstünə çəkmişdi. Bir anlıq mənə elə gəldi ki, onlar kimdirlərsə məni izləyirlər. Bu ani fikir məni diksindirdi və onları görməzdən gəlib heç nə olmayıbmış kimi, heç nədən şübhələnməyibmiş kimi davranmağa qərar verdim və yoluma davam etdim. Yalnız iki işıqfor keçəndən sonra onları bir daha gördüm və ağlıma gələn şübhələrimin əsassız olmadığından əmin oldum. Məhəlləmizə girəndə də eyni rahatlıqla maşından düşüb binaya sarı addımladım. Gözucu ətrafı nəzərdən keçirəndə şübhəli heç nə görmədim, lakin şirniyyatçı üst qonşumun səsinə sarı boylanmalı oldum. O, adımı bağırmaqla yanaşı əl işarələri ilə də məni israrla dükanına çağırırdı. Yaxınlaşanda əlində şirniyyat qutusu olan Leylanın oradan çıxdığını gördüm. Biz elgözünə sadəcə qonşular kimi dodaqucu salamlaşıb bir-birimizin yanından keçdik. Xəfif yasəmən ətri ruhumu oxşadı. Leyla üçün çox, lap çox darıxdığımı hiss etdim. Eyni zamanda onun üçün çox narahat oldum. Məni həqiqətən də izləyirdilərsə və bayaq bir neçə dəfə gördüyüm “Niva” məsələsi təsadüf deyildisə, o zaman Leyla bu haqda mütləq bilməliydi. 

- Gəl, gəl, bamiyədən qalmadı! – kefi kök halda səsləndi üst qonşum, dedim 
- Elə buna görə çağırırdın məni? Bamiyəyə görə? – tərs-tərs ona baxdım, - yekə adamsan!
- Bombadı, hə? – Leylanın dalınca ağzının suyunu axıda-axıda əllərini bir-birinə sürtdü, - bəxtim gətirmədi də, gəldi sənin mərtəbənə köçdü. Zalımın qızını görəndə şalvarım əynimdən düşür də.
- Qulaq as, ağzının qatığını dağıdırsan ha! – onun yaxasından tutub divara sıxdım.
- Başın xarab olub? – o əlimdən qurtulmağa çalışdı, - burax görüm!

Mən onun bamiyə qutularını da hirslə üstünə çırpıb cibimdən on manat çıxararaq yerə dağılmış bamiyələrin üstünə atdım. Sonra onu yerdəkiləri yığmaq üçün əyilmiş vəziyyətdəcə buraxıb sürətlə dükandan çıxdım. 

Leyla artıq binaya daxil olmuşdu. Onun ardınca pilləkənləri qalxanda qapısının bağlanıb açarlandığını eşitdim. Öz mənzilimə daxil olub işıqları yandırmadan eyvana qaçdım. Pərdənin arxasından ehtiyatla həyətə boylanıb ətrafa göz gəzdirdim. “Niva” yox idi. Yataq otağına keçib oranın pəncərəsindən baxanda isə gözlərimə inanmadım. Bina sakinlərinin maşınları ilə oyun meydançasının arasında dayanmış “Niva”dan düşən qadının hamilə olması nəzərimdən yayınmadı. Əlbəttə ki bu o idi. Sevda!

Sevdanı tanıdığım andaca “Niva”nın sükanı arxasında oturan yekəpərin siması da yadıma düşdü. Bu adam Sehrbazın mühafizəçisi idi, daha doğrusu, onun mühafizəçilərinə nəzarət edən şəxsi cangüdəni idi. Bu həmin adam idi ki, Sehrbazın əmri ilə mənim mənzilimdə Sənubəri soyundurmuşdu, ona təcavüz etmək istəmişdi. Bu həmin adam idi ki, Sənubərin əri məhz onunla Sənubərin intim videosunu gördüyü üçün arvadını öldürmüşdü. Bu adam bir ay bundan qabaq mənim mənzilimə hücum edən dörd maskalının arasında idi və Sevdanı da məhz o qucağına götürüb oradan qaçırtmışdı. Və bu həmin adam idi ki, bir az bundan əvvəl mən onu dəniz sahilində Sevda ilə öpüşən yerdə görmüşdüm. 
Ax, Sevda, axxx!!!
Düşündüyümdən də, bildiyimdən də daha dəhşətli imiş bu qadın...
Bəs o yekəpər harda idi?
Aha, şirniyyat dükanının qabağında əlində tutduğu telefona baxırdı. Şirniyyatçı üst qonşum da böyründə dayanıb əzilə-büzülə nəsə deyirdi ona. Sonra yekəpər bayaqdan baxdığı telefonu şirniyyatçı üst qonşuma uzatdı, o da alıb cəld cibində gizlətdi, əl-qolunu ölçə-ölçə nələrsə danışdı. Sonra səsini kəsib boynunu bükdü. 

Yekəpər də cibindən pul çıxarıb onun ovcuna basdı və saymazyana əda ilə aralanıb “Niva”ya sarı addımladı. Sevdaya nəsə dedi və qadın maşına oturan kimi özü bizim binaya tərəf gəlməyə başladı.

Ona burada nə lazım ola bilərdi ki? Mənim evimi tanıyırdı, bunun üçün şirniyyatçıdan məlumat almağın və ona pul ödəməyin heç bir mənası yox idi. Deməli, onu bu binada maraqlandıran başqa biri vardı və o başqa biri də...

- Şərəfsiz! – deyə mən şirniyyatçı üst qonşumun dalınca deyinib tüpürdüm.

Leylanın qapısını döyməyə başladım.

Lakin qapını açmadı. Bir gözüm pilləkəndə, dayanmadan həm ona zəng edir, həm də qapını bərkdən döyürdüm. O isə nə zəngimə cavab verirdi, nə qapının döyülməsinə reaksiya.

Ürəyim narahat idi. Nəsə xoşagəlməz bir şeyin baş verdiyindən əmin idim artıq. Axı o onca dəqiqə bundan əvvəl mənim gözümün qabağındaca girmişdi binaya! 

Addım səsləri yaxınlaşdı və mən cəld öz mənzlimə girib qapını açarlamadan gözlükdən çölü izləməyə başladım. Ürəyimin həyəcanla döyünməsi qulaqlarımı batırırdı və yekəpərin addım səsləri ilə eyni ahəngdə idi deyə hirsimdən nə edəcəyimi bilmirdim. Budur, o, Leylanın mənzilinin qapısına yaxınlaşdı. Qapının qarşısında ayaq saxlayıb telefonunda kiməsə zəng vurdu. Qapı həmin andaca açıldı və mən qapını açan əlin kişi əli olduğunu görüb dərhal özümü çölə atdım, gözlənilməz hərəkətimdən özünü itirib qapını bağlamağa fürsət tapmayan yekəpər isə mənim qəfil təkanımla Leylanın mənzilinə girdi, ardınca da mən içəri keçmiş oldum. Qarşımda dayanmış adamla gözlərimiz qarşılaşanda yer-göy başıma fırlandı. 

Bu Sehrbaz idi. Əlində kamera, əynində alt tumanı...

Onu gördüyüm andaca özümdən asılı olmayaraq, sanki indicə burada nə baş verəcəyindən əmin-arxayın imişəm kimi sol tərəfdəki divana baxdım. 

Divanda kimsə yox idi. O anlarda dəhlizdə itələdiyim yekəpər və yataq otağından bir-birinin ardınca çıxan yarıçılpaq oğlanlar mənim üstümə cumdular və Sehrbaz əlinin işarəsi ilə onları dayandırdı.

Bir anlıq özümü cəhənnəmdə hiss etdim, vardısa da, yoxdusa da belə bir səhnədən ibarət ola bilərdi mənim üçün, əmin idim...

Yataq otağına qədər atdığım beş addımın hər birini hansı zülmlə irəlilədim, bilmirəm...

Yanılmamışdım...

Leyla çarpayıda uzanmışdı, əynində heç nə yox idi, gözləri axırdı, üzündə təbəssüm vardı. Yerdəki yastıqların və paltarların arasına düşüb qalmış telefondan sevdiyim yunan pianoçusunun ifası səslənirdi. 

Leyla gülümsəyirdi...

# 5594
avatar

Bulud Qara

Oxşar yazılar