2690
11:44
30 Dekabr 2019

Fərid Şəfiyev: “Prezidentin açıqlaması bu şayiələrə son qoydu” - MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin Lent.az -a müsahibəsi

- Prezident İlham Əliyev yeni ənənələrin başlanğıcını qoyur. Yerli mediaya diqqəti artırır, işdən çıxarılan və yeni təyin olunan məmurlarla görüşləri media vasitəsilə cəmiyyətə çatdırır. Bu yeniliklər cəmiyyətdə informasiya boşluğunun qarşısını alacaqmı?

- Mən daxili siyasətlə bilavasitə məşğul olmuram. Ancaq son vaxtlar Prezident İlham Əliyev təşəbbüsü ilə atılan bəzi addımlar, aparılan islahatlar beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu yaxınlarda Brüsseldə səfərdə idim. Həmin vaxt da aparılan islahatların Avropa Birliyində alqışlanmasının şahidi oldum. Ümumiyyətlə, ölkənin modernləşməsi istiqamətində görülən tədbirlər yaxından izlənilir. Müşahidələr və təhlillər də göstərir ki, Azərbaycan daim inkişaf edir və irəliləyir. Digər tərəfdən, dünya yeni çağırışlarla üz-üzədir. O çağırışlara cavab verən müvafiq kadrların olması əsas şərtdir. Bu kadrların yetişdirilməsi və uyğun vəzifələrə təyin olunması lazımdır. Bu sahədə də konkret addımlar atılır. Dövlət idarəetmə strukturlarının dəyişməsi və daha çevik olması bir sıra elementlərə bağlıdır. Başa çatmaqda olan il xüsusilə bu baxımdan səciyyələnir.

- Ölkə başçısının yerli telekanallara verdiyi müsahibədə ilk sualın Azərbaycan və Avropa Birliyi münasibətləri ilə bağlı olması təsadüf idimi?

- Yox, təsadüf deyil. Bu məsələ gündəmdədir. Xüsusilə, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetində Avropaya inteqrasiya ilə bağlı çıxışından sonra həm xaricdə, həm daxildə bəzi suallar meydana gəlmişdi. Bəzi fikirləri davam etdirməyə, açıqlamağa və şərh etməyə ehtiyac var idi. Prezident İlham Əliyev də bununla bağlı müvafiq şərh verdi. Bununla da Azərbaycanın Rusiyaya meyllənməsi, Qərblə əməkdaşlıqdan imtina etməsi ilə bağlı şayiələrə son qoydu. Prezidentin cavabından da bir daha məlum oldu ki, Azərbaycan Avropa Birliyi ilə tam bərabərhüquqlu əlaqələrin inkişafında maraqlıdır.

- Ancaq Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan ikitərəfli sazişlə bağlı müəyyən razılaşdırılmamış məsələlər qalmaqdadır. Prezident İlham Əliyev müsahibəsində bu müqaviləni ləngidən və mümkünsüz edən şərtləri detallı şəkildə açıqladı. 2020-ci ildə bu şərtlər dəyişə bilərmi?

- Sazişin tamamlanması üçün danışıqlar davam edir. Ancaq ölkə başçısının da qeyd etdiyi kimi, burada enerji, ticarətlə bağlı bir neçə razılaşdırılmamış məqamlar var. Bu məsələlərin həllində Azərbaycanın iqtisadi vəziyyəti mütləq nəzərə alınmalıdır. Qaz məsələsi ilə bağlı problemin həlli daha asandır. Digər məsələ AB Azərbaycanın maraqlarını da başa düşməlidir. Çünki Azərbaycan üçün qaz ixracı vacib məsələdir. Ümumilikdə ticarət məsələsində isə Azərbaycan öz milli maraqlarına cavab verən tələblər irəli sürür. Digər məsələ - AB tərəfindən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü tələb edilir. Açığı, 2020-ci ildə də Azərbaycanın bu təşkilata üzv olacağını düşünmürəm. Hər halda, bu istiqamətdə danışıqlar davam etsə də, təşkilatın öz daxilində vəziyyət mürəkkəb olaraq qalır. Qısası, AB bu məsələdə bizə qarşı olan tələbləri aradan qaldırmalıdır. Bu olsa, 2020-ci ildə saziş imzalana bilər. Amma Azərbaycanın bu iki məsələdə güzəştə getməsi qeyri-realdır. Digər tərəfdən AB ilə siyasi sahədə olan bütün problemlər həll olunub. Bəzən mətbuatda bu məsələləri yozurlar. Ancaq sazişdə siyasi məsələlərlə bağlı razılaşdırılmamış hər hansı bənd qalmayıb.

- Azərbaycanın Rusiya ilə müsbət münasibətləri, eləcə də Avropa Birliyi ilə sazişin hələ də imzalanmaması AB-Azərbaycan münasibətlərinə hansısa formada təsir göstərirmi?

- Belə bir fikir var ki, Rusiya keçmiş SSRİ-yə daxil olan ölkələrinin AB ilə əlaqələrinin inkişaf etdirilməsinə mane olur. Bununla bağlı xarici ekspertlərin də bəzi şərhləri var. Ancaq rəsmi Moskva da reallığı başa düşür ki, bu ölkələr artıq müstəqildir və müvafiq formada AB ilə tərəfdaşlıq münasibətləri qurulur. Azərbaycan da AB ilə əlaqələri inkişaf etdirmək istəyir. Burada Rusiya üçün daha həssas məsələ NATO-nun region ölkələrində genişlənməsidir. Doğrudur, Moskva MDB ölkələrinin AB-yə üzv olmasını istəmir. Amma digər formada tərəfdaşlıq və əməkdaşlıqların qurulması Moskva tərəfindən etiraza səbəb olmur. Hətta Ukrayna böhranından öncə Rusiya da AB ilə müəyyən formada əməkdaşlıq edirdi. Rusiyanın Qafqazda “forpostu” olan Ermənistan da AB ilə sənəd imzalayıb. Ona görə də Azərbaycanın AB ilə əməkdaşlıq formatı Moskvanın narazılığına səbəb olmur. Eyni zamanda, Azərbaycanın Rusiya ilə əlaqələrinin də inkişafını 2019-cu il üçün uğurlu hesab etmək olar.

- Bəs Qərbin Qarabağ münaqişəsində qeyri-müəyyənlik nümayiş etdirməsi Azərbaycanın Qərbə inteqrasiyasına mane olmurmu?

- Avropa Birliyi Dağlıq Qarabağ məsələsinin həll olunması ilə məşğul olmur. Bilavasitə bu problemin həlli AB-nin mandatına uyğun deyil. Son Brüssel səfərimdə də mənə bildirdilər ki, Brüssel Dağlıq Qarabağın həlli üçün platforma deyil. Bunu biz dərk edirik. Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olur. Lakin AB müəyyən iqtisadi mexanizmlərlə, nüfuzundan istifadə edərək, Ermənistana təsir göstərə bilər. AB Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Gələn il qondarma qurumda keçiriləcək “seçkilər”lə bağlı Brüsselin verdiyi bəyanat bunu bir daha təsdiq edir. Amma biz münaqişənin həllini Brüsseldə axtarmamalıyıq. Bu problem digər ölkələrlə həll olunmalıdır. Əslində isə problemin həllində əsas açar ölkə Rusiyadır. Problemin həlli bilavasitə Moskva ilə bağlıdır. O ki qaldı Ermənistan-Azərbaycan münaqişəsinin bizim Qərblə inteqrasiyasına mane olmasına, təbii ki, münaqişə bizim xarici siyasətdə güclü faktordur, amma Azərbaycan istənilən ölkə və qurumla əlaqələri inkişaf edir.

- Münaqişənin həlli ilə ATƏT məşğul olur. 2019-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində apardığı işləri necə qiymətləndirirsiniz? Bu işlər problemin həlli üçün yetərli idimi?

- Bu münaqişənin həllində artıq illərdir irəliləyiş yoxdur. 2019-cu ildə ATƏT-in çərçivəsində aparılan danışıqlarla bağlı narazılıq yüksək formada həm ölkə prezidenti İlham Əliyev, həm də xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ifadə edildi. 2019-cu ildə də həmsədrlər tərəfindən görüşlər keçirilib, müvafiq addımlar atılıb. Həmsədrlərin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən zirvə görüşü də uğursuz nəticələndi. Bratislavada da dekabr ayında olan görüş nəticəsiz başa çatdı. Ümumilikdə isə 2019-cu optimist çalarlarla başlasa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda nəticə əldə edilməsinə mane oldu. 2019-cu il Qarabağ münaqişəsinin həllində uğursuz il kimi yadda qaldı. Ancaq bununla belə, Minsk Qrupunun 2019-cu ilə fəaliyyəti ilə bağlı bir neçə məqamı qeyd etməliyik. Birincisi, Ermənistanın qondarma qurumu danışıqlara cəlb etmək cəhdi Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edildi. İkincisi, Minsk Qrupunun həmsədrləri avqust ayında Ermənistan baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” açıqlamasını, dolayısı ilə olsa da, pislədi. Üçüncüsü, ilk dəfədir ki, Dağlıq Qarabağın azərbaycanlı icması ilə Minsk Qrupu həmsədrlərinin görüşü keçirildi.

- Yeri gəlmişkən, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallığının artmasını bir çoxları icmaların da danışıqlara qoşulması kimi dəyərləndirir.

- Danışıqlar Ermənistan və Azərbaycan arasında keçirilir. Bu format artıq 20 ildən çoxdur davam edir. ATƏT-in 1992-ci ildə qəbul etdiyi sənədlərdə bu məsələ öz həllini tapıb. Doğrudur, mətbuatda Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara qoşulması ilə bağlı bəzi şərhlər verilir, amma bu, yanlışdır. Hazırkı mərhələdə biz Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara qoşulmasına nail olmaq istəmirik. Azərbaycan və erməni icmalarının prosesdə iştirakı danışıqlarda tərəqqi əldə olunduqdan, münaqişənin həll olunmasında ilkin addımlar atılandan sonra mümkündür. 1992-ci il ATƏT-in sənədlərində də bu məqam öz əksini tapıb. Ancaq hələ ki, icmaların danışıqlara qoşulması üçün şərait yetişməyib. Azərbaycan hazırda Dağlıq Qarabağın erməni icmasının da danışıqlar formatına qoşulmasını qəbul etmir. Məqsəd indi Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu dünyaya tanıtmaqdır. Çünki dünya ictimaiyyəti Dağlıq Qarabağdan söhbət açanda orada yaşayan ermənilərlə bağlı müzakirələr aparır. Buna görə də Dağlıq Qarabağın azərbaycanlı icması özünü dünyaya tanıtmalıdır.

- Bu il həmsədrlərin bölgəyə səfərlərinin və təmaslarının da azalması müşahidə edilir. Qarabağ münaqişəsinin həlli üçün başqa üsullardan istifadə edilməsi mümkündürmü?

- Bəli, artıq həmsədrlərin səfərlərində və təmaslarında azalma müşahidə edilir. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Amma belə bir meyl müşahidə edilmir.

- Ümumiyyətlə, böyük dövlətlər hansı şərtlər daxilində bizim kimi ölkələrin müqavimətini zəiflədən Qarabağ tipli məsələlərin həllində maraqlı olar?

- Tarixən böyük güclər, imperiyalar kiçik ölkələri bir-biri ilə toqquşdurmağa, müstəmləkə siyasəti aparmağa çalışıblar. Hazırda vəziyyət müəyyən dərəcədə dəyişib, amma imperiya tipli xarici siyasət isə bəzi mərkəzlər tərəfindən davam etdirilir. Konkret olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxildən güclənməsindən asılıdır. Azərbaycanın müstəqil siyasət aparması güc mərkəzlərinin ürəyincə deyil. Reallıq budur ki, ölkəmiz artıq 90-cı illərdəki Azərbaycan deyil. Azərbaycanda müxtəlif ölkələrin təhlükəsizlik, iqtisadi və siyasi maraqları var. Biz bunu da nəzərə almağa çalışırıq, müəyyən ortaq əməkdaşlıq platforması yaradırıq. Hər bir güc mərkəzi Azərbaycanın öz xarici siyasətini onlara uyğunlaşdırılmasında maraqlıdır. Ancaq ölkəmiz öz milli maraqlarından çıxış edən siyasət yürüdür. Ölkəmizin daxildən güclü olması güc mərkəzlərinin ölkəmizə təsirinin sıfıra endirilməsi üçün çox vacibdir. Ölkəmiz xarici siyasətində düşünülmüş addımlar atmalıdır və atır. Dünyada qlobal səhnədə çox mürəkkəb proseslər gedir. Atdığımız addımlarda bu prosesləri və buradan irəli gələn təhdidləri nəzərə almalıyıq.

- Yəni, 2019-cu ildə keçirilən islahatlar ölkəmizin daxildən gücləndirilməsi məqsədi daşıyırdı? Bu islahatlar beynəlxalq arenada ölkəmizə hansı diplomatik dividendlər gətirdi?

- Azərbaycanın iqtisadi potensialı güclənir. Artıq bir çox ölkələr bizimlə iqtisadi sahədə əməkdaşlıq etmək istəyir. Bu islahatlar davam etdikcə Azərbaycana sərmayə qoymaqda maraqlı olan ölkələrin sayı artacaq. İqtisadi gücün artması siyasi və hərbin gücün artmasına şərait yaradır. Digər tərəfdən, beynəlxalq əlaqələrdə yumşaq güc (Soft Power) anlayışı var. Azərbaycanda aparılan bütün islahatlar ölkəmizin nüfuzunun artmasını göstərir.

- Ətrafımızda olan Rusiya, İran kimi ölkələrdə gedən prosesləri nəzərə alsaq, gələn il islahatların davam etdirilməsində hansısa çətinliklərlə üzləşə bilərik?

- Daxildə də bizdə bəzi qüvvələr var ki, onlar Azərbaycanda saf mühitin bərqərar olmasını, ölkənin güclənməsini istəmir. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı aparılan mübarizə bəzi qüvvələrin, şəxslərin iqtisadi-maliyyə maraqlarına təsir göstərir. Bu baxımdan, islahatlara daxildən də təhdid ola bilər. Ən əsası, korrupsiyaya bulaşmış qüvvələr islahatlara müqavimət göstərə bilərlər.

- Bəs bu təhdidlər islahatlara mane ola bilərmi?

- Yox. Azərbaycan güclü dövlətdir. Ölkəmiz aparılan islahatlar nəticəsində iqtisadi, siyasi cəhətdən güclənməkdədir.

- İslahatların sonunda Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər olacaqmı?

- Biz hazırkı siyasətimizi davam etdirəcəyik. Ölkəmiz üçün əsas prioritet Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezidentin özünün də qeyd etdiyi kimi, AB ilə aramızda olan müəyyən problemlər həll olunsa, əlaqələri daha da inkişaf etdirəcəyik. Digər tərəfdən, qonşu ölkələrlə əlaqələrimiz inkişaf edir və bu, davam etdiriləcək. Düşünürəm ki, ümumilikdə son illər aparılan xarici siyasət xəttində kəskin dəyişiklik müşahidə edilməyəcək.

- Azərbaycanda islahatlar bir qədər fərqli modeldə aparılır. İslahatların bu cür təlatümlərsiz, sakit aparılmasına Prezident necə nail oldu?

- İslahatlar iki yolla aparıla bilər: inqilabi və təkamül yolu ilə. Biz ikinci yolu seçmişik. İslahatların davamlı şəkildə aparılması ölkə prezidentinin vizyonu ilə də əlaqəlidir. Başqa tərəfdən, hər hansı rəhbərlik islahat apararkən xalqa arxalanır. Bu gün xalq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları dəstəkləyir. 1990-cı illəri xatırlayaq. Həmin illərdə ölkə daxilində qarşıdurma yaşanırdı. Bu, ermənilərə şərait yaratdı ki, bizim torpaqları işğal etsin. Azərbaycanda yenidən belə vəziyyətin yaranması dövlətçiliyin sarsılmasına səbəb ola bilər. Digər tərəfdən, inqilablar, qarşıdurmalar ölkələrə heç bir fayda gətirmir. Hər bir cəmiyyətin, ölkənin öz tarixi ənənələri, geosiyasi vəziyyətinin xüsusiyyətləri var. Hansısa bir bölgədə tətbiq edilən bir modeli başqa bir bölgədə kortəbii şəkildə tətbiq etmək olmaz. Bunun effektiv nəticə verəcəyini gözləmək olmaz. Məsələn, Azərbaycan bazar iqtisadiyyatı modelini seçib və tam şəkildə bunu tətbiq etmək istəyir. Amma əsas məsələ bu modelə necə keçməyimizlə bağlıdır. Bazar iqtisadiyyatı İsveçdə də, ABŞ-da da, Fransada da var. Bu ölkələrin hər birində bazar iqtisadi modelinin müəyyən özəllikləri var. Azərbaycan da özünə uyğun şəkildə bu modelə keçəcək.

Siyasətdə də belədir. Dünyada hazırda ən güclü model liberal modeldir. Liberal modelin olduğu ölkələr inkişaf etmiş ölkələrdir. Amma bu modelin tam tətbiqinə nail olma yolları müxtəlifdir. Hər bir ölkənin öz iqtisadi, siyasi, tarixi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. ABŞ bəzi Yaxın Şərq ölkələrində birdən-birə Qərb liberal modelinin süni şəkildə tətbiq edilməsinə çalışırdı. Amma bunun nəticəsi göz qabağındadır. Mövcud olan modelin modifikasiyalarından istifadə edərək, həmin modeli ölkənin tarixi, siyasi və iqtisadi xüsusiyyətlərinə uyğunlaşdıraraq tətbiq etmək lazımdır. Azərbaycan hələ inkişafda olan ölkələr siyahısındadır. 10-20 il sonra ölkəmizin siyasi strukturu indikindən fərqli ola bilər. Ancaq buna inqilab yolu ilə deyil, təkamül yolu ilə nail olmalıyıq. Bu gün Azərbaycan ətrafında yaramış geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Atılan addımlarda bu mütləq nəzərə alınmalıdır.

- Regionda baş verən proseslər ölkəmizin inkişafına necə təsir göstərəcək?

- Sözsüz ki, bu proseslər Azərbaycan üçün də təhdidlər yaradır. Xüsusilə, ətrafımızda İran-ABŞ, Rusiya-Qərb qarşıdurması yaşanır. Burada olan sanksiyalar və s. ölkəmizin iqtisadiyyatına da mənfi təsirlər göstərir. Beynəlxalq güclər hər zaman bizdən tələb edirlər ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Halbuki Azərbaycan BMT-nin Nizamnaməsinə əsasən torpaqlarını güc yolu ilə işğaldan azad edə bilər. Ona görə də biz indi dünyaya mesaj verməliyik ki, hər hansı qarşıdurma sülh yolu ilə həll olunsun. Amma bütün hallarda, ətrafımızda yaranmış geosiyasi vəziyyətin mürəkkəbliyinin bizə mənfi təsirləri ola bilər. Biz bu təsirlərə hazır olmalıyıq. Elə bizim mərkəzin də funksiyalarından biri ölkəmiz üçün təhdidləri təhlil etmək və prezidentə məruz etməkdir. Eyni zamanda biz bu təhdidlərə qarşı həll yollarını da təklif edirik.

- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi düşüncə mərkəzi kimi 2020-ci ildə ölkə ətrafında gedən proseslərlə bağlı hansısa təhlillər aparıbmı?

- Bəli. Mərkəz tərəfindən bir çox araşdırmalar aparılıb, təhlillər hazırlanıb. Bizim dövlət üçün apardığımız araşdırmaların bir çoxu ictimaiyyətə təqdim olunmur. Amma bəzi araşdırmaları ictimaiyyətə də təqdim etmək fikrindəyik. İran, Türkiyə, Rusiya, ABŞ, AB, eləcə də beynəlxalq aləmdə gedən proseslərlə bağlı proseslər mərkəz tərəfindən təhlil olunub, ölkə rəhbərliyinə məruzə olunub. Bu proseslərdən irəli gələn və gələ biləcək təhdidləri təhlil etməyə çalışırıq və dövlət strukturlarının da buna hazır olmasını tövsiyə edirik. Eyni zamanda, biz ictimaiyyətə də müəyyən intellektual məhsulların təqdim edilməsinə hazırlaşırıq. Saytımızın artıq fəaliyyət göstərir. Digər tərəfdən, mərkəz olaraq artıq xarici tərəfdaşlarla təmaslarımızı və fəaliyyətimizi gücləndirmişik. Müxtəlif ölkələrə səfərlərim olub. Gələn il üçün də bir çox ölkələrə səfərlər etməklə bağlı planlar var. BMTM potensialda faydalı olan layihələri təhlil etmək, həm ölkə daxilində, həm də xaricdə mövcud problemlər və onların həlli üçün olan yolları müzakirə etməklə məşğuldur.

- Aparılan təhlillərə əsasən, Azərbaycanın yaxın bir neçə ildə regiondakı rolunun necə olacağını düşünürsünüz?

- Azərbaycan regionda ən güclü dövlətdir. Bu, qarşıdakı illərdə də belə olacaq. Bizim güclü olmağımız iqtisadi parametrlərə əsaslanır. Bu parametrlər digər sektorların inkişafını şərtləndirir. Azərbaycanda daxildən sabitlik təmin olunsa, ölkəmiz regionda ən güclü dövlət olaraq, qalacaq.

- Bir az da BMTM-in 2020-ci ildə görəcəyi işlərdən danışaq...

- İndidən bütün planları açıqlamaq istəmirəm. Amma yanvar ayına İrana və Çinə səfərim planlaşdırılır. Avropanın bir sıra ölkələrinə, ABŞ-a səfər etmək də bizim gündəliyimizdə var. Rusiyadakı düşüncə mərkəzləri ilə bağlı konfrans təşkil etmək niyyətindəyik. Azərbaycan-Çin əlaqələrinin inkişafı, “Bir kəmər, bir yol” layihəsi ətrafında müzakirələrin aparılması üçün konfrans keçirəcəyik. AB ilə bəzi tədbirlər keçirmişik və tədbirlər qarşıdakı illərdə də davam etdiriləcək. Ən əsası isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra layihələrimiz var. Bu il artıq mərkəzdə erməni dili kursu açdıq. Bu istiqamətdə işlər gələn il də davam etdiriləcək. Layihələrimiz və tədbirlərimiz haqda indi geniş danışmaq istəmirəm. Amma görüləcək işlərlə bağlı saytımız vasitəsilə də ictimaiyyətə məlumatlar veriləcək.