Yola salmağa hazırlaşdığımız ildə Azərbaycanda ağır cinayətlər də qeydə alınıb. Bir neçə nəfərin ölümü ilə nəticələnən Ağstafa hadisəsi, Bakıda qanla bitən ər-arvad cinayətləri buna misal ola bilər. Ölümlə nəticələnən hadisələrdən əlavə, dekabr ayı ərzində yüksək rütbəli məmurların həbsi də ilin səs-küylü hadisələri arasına daxil oldu. Araşdırmalarımız zamanı il ərzində ölkənin nisbətən sakit, ağır cinayətlər baş vermədiyi bölgələrini də müəyyən etdik. Belə ki, respublikanın şimal və şimal-qərb, Şirvan, eləcə də cənub zonalarında ölkə səviyyəsində səs-küyə səbəb olan hər hansı ağır cinayət hadisəsi qeydə alınmayıb. Lent.az il ərzində yerdə qalan bölgələrdə baş verən, insanların hiddətinə səbəb olan bir neçə hadisəni təfərrüatları ilə birgə təqdim edir.
İlin ən qalmaqallı cinayət hadisəsi iyun ayında, Ağstafada qan davası səbəbilə qeydə alınıb. Belə ki, keçmiş məhkum, 25 yaşlı Elnur Süleymanov rayonun Böyük Kəsik dəmiryol stansiyası yaxınlığında, bazar ərazisində “AK” markalı avtomatdan atəş açaraq, 4 nəfəri öldürüb, 4 nəfərə isə xəsarət yetirib. Avtomatdan açılan atəş nəticəsində 58 yaşlı Sadıxlı kənd sakini Musayeva Şərqiyyə Süleyman qızı və iki oğlu- 41 yaşlı Şəmiddin Musayev Fərrux oğlu və 35 yaşlı Novruz Musayev Fərrux oğlu dünyasını dəyişib. Adları çəkilən şəxslərdən əlavə, təsadüfən başqa bir nəfər də qan davasının qurbanı olub. Ölənlərdən başqa 55 yaşlı Əhmədova Lipar Baba qızı, 20 yaşlı Abdullayev İbrahim Rasim oğlu, 68 yaşlı İsayev Nüsrət Məhəmməd oğlu və 58 yaşlı Həsənov Rəsul Abbas oğlu əksəriyyəti ayağında olmaqla güllə yarası alıblar.
İlkin məlumata görə, qətl qisas məqsədilə törədilib. Belə ki, Musayev qardaşları 15 il əvvəl E.Süleymanovun atası və əmisini torpaq davası zamanı qətlə yetiriblər. E.Süleymanov neçə ildir ki qardaşların azadlığa buraxılmasını gözləyirmiş. Qardaşlardan biri hələ də həbsxanadadır.
Növbəti ağır cinayət bu ilin oktyabrın əvvəllərində Beyləqanda baş verib. Rayonun Yuxarı Aran kənd sakini 18 yaşlı Quliyeva Aygün Mehman qızı naməlum şəxs və ya şəxslər tərəfindən amansızcasına döyülərək Beyləqan-Kəbirli yolunun kənarına atılıb. Səhər saatlarında huşsuz vəziyyətdə aşkarlanan gənc qız rayon xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələ də məlum deyil.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində araşdırma davam edir.
Ölkə gündəmini zəbt edən, başda sosial şəbəkə istifadəçiləri olmaqla, əhalinin hiddətinə səbəb olan ağır cinayət oktyabrın 6-da Bakıda qeydə alınıb. Belə ki, Biləcəri qəsəbə sakini 33 yaşlı Nicat Abdullayev 27 yaşlı xanımı Leyla Abdullayevanı Bakı avtovağzalının yaxınlığında, öz atasının və üç oğlunun gözləri önündə 20 bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Evdə başlayan mübahisədən sonra Nicat həyat yoldaşını ata evinə aparırmış. Maşında daha da böyüyən mübahisə zamanı Nicat əvvəlcə Leylanın ayağına bir bıçaq zərbəsi vurub. Qadın xilas olmaq üçün maşından düşüb qaçıb. Nicat isə onun arxasınca düşərək, atasının “dəymə, vurma” çağırışlarına rəğmən, 3 oğlunun gözü qarşısında ona daha 19 bıçaq vuraraq qətlə yetirib. 27 yaşlı Leyla Abdullayevanın hadisə şahidləri tərəfindən çəkilən can verdiyi video sosial şəbəkə izləyicilərinin qəzəbinə səbəb olub. Bununla bağlı tanınmış ictimai və dövlət xadimlər, eləcə də digər sosial şəbəkə istifadəçiləri tərəfindən həştəq ( #leylaüçünsusma ) paylaşıldı.
Ancaq Leylanın 20 bıçaq zərbəsi ilə amansız qətli son olmadı. Elə həmin günün səhəri yuxarıda qeyd etdiyimiz kimi, Beyləqanda gənc qız döyülərək öldürülüb. Leylanın faciəsinə oxşar digər hadisə isə oktyabrın 9-da paytaxtın Nizami rayonunda baş verib. 39 yaşlı Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı 36 yaşlı Əkbərova Cəvahir Telman qızının başına qantellə zərbə vuraraq qətlə yetirib. İ.Əkbərov qətli törətdikdən sonra doğulduğu Şəki rayonuna qaçıb. Ancaq Nizami Rayon Polis idarəsi və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı İ.Əkbərov saxlanılıb. Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb.
Bakıda Leylanın qətli ilə başlayan qadın cinayəti həmin həftə ərzində silsilə hal alaraq paytaxtda və regionlarda davam edib. Bununla bağlı hətta ölkənin ali qanunverici orqanı olan Milli Məclisdə də müzakirələr edilib. Ölkə mediasını tutan ailə faciələri millət vəkillərinin sərt tənqidinə məruz qalıb.
İlin ən səs-küylü həbsi isə bu yaxınlarda Ağstafada baş verib. Belə ki, dekabrın 18-də rayon icra başçısı Nizaməddin Quliyev, iki müavini Tatarov Ramiz və Lalə Eyyubova rüşvət aldıqları, yerli icra hakimiyyəti və dövlət orqanlarının rəhbərlərindən pul aldıqları üçün Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edildi.
Digər qalmaqallı həbs isə Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun tutulması xəbəri olub. Sabiq icra başçısı DTX-nın yaydığı məlumata əsasən, vəzifədən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və.s faktlara görə tutulub. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.