1063
17:55
26 Dekabr 2019

Nazirlik orta məktəblərdə monitorinq keçirəcək

Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları ilə görüş keçirilib.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin direktorları, direktor müavinlərinin də iştirak etdiyi görüşdə çıxış edən Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır.

IV sənaye inqilabından danışan təhsil nazirinin müavini qeyd edib ki, bu dövr həm də süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə müşayiət olunur. Yeni çağırış və dəyişikliklərin təhsil sisteminə təsirindən danışan Firudin Qurbanov bildirib ki, belə bir şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənclərin yetişdirilməsi mühüm şərtdir. Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Bu mənada ali təhsil müəssisələri qarşısında çətin, məsuliyyətli vəzifə durur.

O, gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Ali təhsil müəssislərində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq monitorinqlər aparılacağını əlavə edib.