891
16:44
24 Dekabr 2019

İlin yekunu Azərbaycan Prezidentinin təqdimatında: Dəqiq, sərrast, qətiyyətli - TƏHLİL

Prezident İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə verdiyi müsahibə ölkədə və beynəlxalq aləmdə geniş rezonansa səbəb olub. Ölkə rəhbəri müsahibəsində ölkəmizin 2019-cu ildə uğurlu inkişafı, Azərbaycanın daxili və xarici siyasəti, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, milli və dini tolerantlıq, həyata keçirilən islahatlar, parlament seçkiləri, müxalifətin fəaliyyəti - bir sözlə, cəmiyyət həyatının bütün sahələri üzrə aktual məsələlərə münasibət bildirib.

Uğurlu 2019-cu il

2019-cu ilə yekun vuran Prezident il ərzində görülmüş işlərin, ölkəmizdə və regionda baş vermiş hadisələrin çox ciddi təhlil tələb etdiyini söyləyib. “Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olub” deyən dövlət başçısı ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin həyatda öz əksini tapdığını bildirib: “Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.

Ölkə başçısı müsahibəsində qeyd edib ki, çevik və düşünülmüş xarici siyasət ölkəyə böyük uğurlar gətirib.

“Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıb, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Deyə bilərəm, - mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm, - qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulub. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar keçib. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edib. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olub”, - deyə Prezident vurğulayıb.

Ölkə rəhbəri Azərbaycanın ənənəvi tərəfdaşları ilə əlaqələrinin daha yüksək pilləyə qalxdığını diqqətə çatdırıb. Deyib ki, Azərbaycanın qonşu ölkələrlə əlaqələri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulub. 2019-cu ildə Azərbaycan önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq əməkdaşlığı yeni pilləyə qaldırmaq məqsədinə xidmət edir.

Prezident İlham Əliyev bəyan edib ki, beynəlxalq aləmin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü çərçivəsində görür.

Aİ-Azərbaycan sazişi niyə imzalanmır? Səbəbləri Prezident açıqlayır

Onu da vurğulayaq ki, ölkə rəhbəri öz müsahibəsində Azərbaycan - Avropa İttifaqı əlaqələrinə geniş yer ayırıb, bildirib ki, 2019-cu ildə Bakı bu qurumla əlaqələrini uğurla inkişaf etdirib: “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib”.

Ölkə başçısı Azərbaycanın Avropa İttifaqına üzv olan 28 ölkədən 9-u ilə strateji tərəfdaş olması faktını xüsusilə vurğulayıb.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Aİ arasında tərəfdaşlıq prioritetləri məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, Aİ ilə sazişdə həm strateji əhəmiyyət daşıyan, həm də Azərbaycanın maraqlarına xidmət edən məsələlər əksini tapmalı, saziş bərabərhüquqlu əməkdaşlığa zidd olan bütün məqamlardan azad olmalıdır.

Prezident Əliyev Avropa İttifaqı ilə əlaqələrin uğurundan danışarkən bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu ilin iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır: “Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edib. Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilib. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd öz əksini tapıb. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür. Hesab edirəm ki, bu, xarici siyasət istiqamətində yaddaqalan əsas məsələlərdir. Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir”.

Prezident İlham Əliyevin müsahibəsində diqqəti çəkən başlıca məqamlardan biri də Azərbaycanın Aİ ilə sazişi imzalamamasının səbəbləri olub. Prezident Aİ ilə sazişin imzalanmasının yubanmasını sadə dillə açıqlayıb, bunun əsas iki səbəbinin olduğunu diqqətə çatdırıb.

Prezident deyib: “Sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.

Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, “Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?” Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq”.

Prezidentin aydın və sadə izahından aydın olur ki, sazişi Azərbaycan tərəfi imzalamaq istəmir, çünki şərtlər dövlətin, xalqın mənafeyinə uyğun deyil. Dövlət başçısının sözlərindən bir daha aydın olur ki, Azərbaycan xarici siyasətinin əsasını dövlətin və xalqın maraqları təşkil edir, kimsə diqtə ilə öz şərtlərini Azərbaycana qəbul eydirə bilməz.

“Şərq tərəfdaşlığı” Azərbaycana lazımdırmı?

Bu mövzunun davamı kimi ölkə rəhbəri Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı barədə danışarkən vurğulayıb ki, bu proqramının dəqiq məramı və məqsədi aydın deyil, bu səbəbdən Azərbaycan “Şərq tərəfdaşlığı” proqramından çıxmasa da, proqramda fəal iştirak etmək fikrində deyil. Dövlət başçısı bu məsələni də səlis və məntiqli şəkildə izah edib. Prezidentdən sitat: “Biz “Şərq tərəfdaşlığı” proqramına başqa ölkələrlə birlikdə qoşulduq. O vaxt bu proqramın nədən ibarət olacağı haqqında bizim təsəvvürümüz yox idi. Deyə bilərəm ki, son 10 il ərzində Avropa İttifaqı daxilində bir çox proseslər cərəyan edib. Hazırda Avropa İttifaqının gələcək fəaliyyəti, genişlənmə proqramı ilə bağlı fərqli fikirlər üstünlük təşkil edir, yəni, 10 il bundan əvvəlki vəziyyət indiki vəziyyətlə ziddiyyət təşkil edir. Bu, birincisi. İkincisi, “Şərq tərəfdaşlığı”na üzv olan ölkələri bir amil birləşdirir. O da ondan ibarətdir ki, bu ölkələr postsovet respublikalarıdır. Mən başqa birləşdirici amil görmürəm. Çünki ölkələrin həm xarici siyasəti fərqlidir, daxili vəziyyətdə böyük fərqlər var, təbii ki, iqtisadi inkişaf fərqlidir. Ona görə bu ölkələri bir proqramda birləşdirmək hesab edirəm ki, o vaxt üçün bəlkə də məqbul variant idi. Ancaq bu gün bu, belə deyil və bu ölkələrin bir neçəsi - daha doğrusu 3 ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Bir ölkə genişlənmiş əməkdaşlıq müqaviləsi bağlayıb. Azərbaycan isə assosiasiya sazişini bağlamayıb və hazırda ikitərəfli saziş üzərində iş aparılır. Ona görə bu proqramın gələcəyi haqqında bir şey demək çətindir. Bu proqram bizə təqdim olunanda bəri başdan öz fikrimizi bildirmişik ki, ikitərəfli formata üstünlük veririk. Azərbaycan Avropa İttifaqından hər hansı bir imtiyaz gözləmir və proqramda iştirak edən bəzi ölkələrdən fərqli olaraq biz özümüzü təmin edən ölkəyik, biz artıq Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında sırf donor ölkəyə çevrilmişik. Yəni, biz artıq borc verən ölkəyik. O ki qaldı Qərb texnologiyalarına, biz Qərb texnologiyalarını alırıq, heç kim bizə bunu müftə vermir. Ona görə proqramda bizim mövcudluğumuz qalır, ancaq, sözün düzü, biz buna o qədər də böyük əhəmiyyət vermirik. Çünki bu proqramın çox dəqiq məramı və məqsədi bizim üçün aydın deyil. Əgər bu, Avropa inteqrasiyasıdırsa, artıq hər kəsə bəllidir ki, postsovet respublikaları üçün bu məqsəd əlçatmazdır. Əgər hansısa başqa bir ölkələr arasındakı əməkdaşlıqdan söhbət gedirsə, bu ölkələrin bəziləri ilə bizim sıx əlaqələrimiz var, bəzi ölkələrlə ümumiyyətlə əlaqələrimiz çox aşağı səviyyədədir, Ermənistanla isə müharibə şəraitindəyik. Ona görə bu proqramda bu ölkələri birləşdirmək və hansısa bir istiqamətə yönləndirmək cəhdləri hesab edirəm ki, bu proqramı təsis edənlər tərəfindən icra olunmadı. Ona görə biz proqramdan çıxmırıq, ancaq proqramda da fəal iştirak etmək fikrində deyilik”.

Göründüyü kimi, Azərbaycan Prezidenti “Şərq tərəfdaşlığı” proqramında iştirak, proqrama daxil olan ölkələr arasında əməkdaşlıq, proqramın gələcək perspektivləri barədə fikirlərini ətraflı və aydın şəkildə çatdırıb, Azərbaycanın maraqlarına uyğun olmayan təşkilat və proqramlarda təmsilçiliyinin formasını sadə şəkildə izah edib.

Avrointeqrasiya mövzusunu davam etdirən Prezident Azərbaycanın artıq bu istiqamətdə addımlar atdığını, gələcək addımlara həm ehtiyac olmadığını deyib: “Azərbaycan ATƏT, Avropa Şurasının üzvüdür, Avronest Parlament Assambleyasında təmsil olunur”.

Aİ siyasətinin Türkiyə misalı

Dövlət başçısı Aİ-yə üzvlük məsələsində qardaş Türkiyəni misal göstərib. Prezident deyib: “Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox”.

Prezident digər vacib məqama da toxunub - Avropada islamofobiya. Sitat: “Avropada miqrantlarla bağlı vəziyyət göz önündədir. Bunu bəziləri demək istəmir, amma mən hesab edirəm ki, biz deməliyik. Niyə biz bu həqiqəti deməməliyik, niyə bunun üstündən keçməliyik? “Stop İslam”, “İslam miqrantlara yox” şüarları ilə artıq siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər indi islamofob prinsiplər əsasında qurulur. Ona görə daha çox səs toplamaq istəyən siyasi qüvvə mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? İkinci dərəcəli ölkə kimi? Yaxud da hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik! Biz indi Avropa qurumlarının bəzilərinin üzvüyük, mən bunu qeyd etdim. Avropa İttifaqı ilə əməkdaşlıq zəminində əlaqələr qururuq və gələcəkdə də həm ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bu əsaslar üzərində öz işimizi qurmalıyıq”.

Bu yerdə qeyd edək ki, Azərbaycan Prezidentinin Avropa İttifaqının Türkiyəyə münasibətdə ədalətsiz mövqe tutmasını vurğulaması qardaş ölkənin mətbuatının da diqqətindən yayınmayıb. Türkiyənin nüfuzlu “Anadolu” və İHA xəbər agentlikləri, “TRT Haber”, “CNN TÜRK”, “TRT AVAZ” televiziya kanalları, “Milliyet”, “Hürriyet” və digər qəzetləri Azərbaycan Prezidentinin müsahibəsinə yer ayıraraq, “Azərbaycan Prezidenti Əliyev: “Avropa Birliyinin Türkiyəyə etdiyi böyük ədalətisizlikdir” başlıqlı yazılar və xəbərlər yayıb.

Dağlıq Qarabağ problemi: İtirilmiş il

Dövlət başçısının 2019-cu ilə yekun vurarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə deyəcəyi də maraqla gözlənilirdi. Prezident İlham Əliyev Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2019-cu ildə ciddi irəliləyiş əldə olunmadığını söylədi: “Deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olub. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb”.

Bu ilin önəmli hadisələrindən birinin danışıqlar formatının dəyişməz qalması olduğunu qeyd edən ölkə rəhbəri bütün dünyanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını, ərazi bütövlüyü prinsipinin üstünlük təşkil etməli, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan həmişə istinad etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipi barədə dedikləri isə daha çox diqqət çəkir. “O ki qaldı xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”, - deyə dövlət başçısı bir daha qətiyyətini ortaya qoyur.

Ermənistanın faşizmi qəhrəmanlaşdırması faktına da münasibət bildirən Prezident İlham Əliyev Njdenin cinayətlərini sadalayıb və gün gələcək, ermənilərin özlərinin İrəvanda faşist Njdeyə ucaldılmış eybəcər abidəni özlərinin sökəcəyinə əminliyini ifadə edib.

Uğurlu iqtisadi inkişaf

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın iqtisadi inkişafı barədə də danışıb, vurğulayıb ki, 2019-cu ildə ölkə iqtisadiyyatı uğurla inkişaf edib. Ölkə başçısı bu inkişafı konkret rəqəmlərlə göstərib: “2019-cu ildə Azərbaycanda qeyri-neft iqtisadiyyatı 3,5 faiz artıb, qeyri-neft sənayesinin artımı 14 faiz təşkil edib. 2019-cu ildə kənd təsərrüfatı 7 faiz yüksəlib, 11 ayda inflyasiya 2,6 faiz olub. Azərbaycanın qeyri-neft ixracı 14 faiz artıb. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir.

...Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 5 dəfə artıqdır. 2019-cu ildə Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb və 50 milyard dollara çatıb”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır: “Dünyada iqtisadi böhran illərində də Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirdi. Aparılan islahatlar nəticəsində əlavə əldə olunmuş 1 milyard manat vəsait sosial layihələrə yönəldildi. Problemli kreditlər məsələsi vətəndaşlar üçün ən məqbul variantda həll olundu. Sosial sahəyə aid məsələlər kompleks şəkildə öz həllini tapdı: müavinətlər 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir”.

Ölkə başçısı onu da vurğulayıb ki, iqtisadi inkişafın, əlavə gəlirlərin böyük əksəriyyəti sosial layihələrə istiqamətləndiriləcək: “Məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim olunub. 2019-cu ildə məcburi köçkünlər üçün 5 mindən çox ev və mənzil inşa edilib və 7 mindən çox şəhid ailəsinə dövlət tərəfindən mənzil, 6 mindən çox müharibə əlilinə maşın verilib”.

Böyük tarixi hadisə - TANAP-ın istismara verilməsi

Enerji siyasəti, qlobal enerji layihələrindən danışan Prezident Əliyev 2019-cu ili bu baxımdan əlamətdar adlandırıb, bu il TANAP layihəsinin işə salındığını diqqətə çatdırıb, bu layihəni Azərbaycanın strateji aktivi adlandırıb: “TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə. Bu layihəyə bəri başdan daha böyük vəsait nəzərdə tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə bu layihə icra edildi və Azərbaycan qazı Avropa İttifaqının sərhədinə gətirilib çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan sərhədində bu ilin noyabrında keçirilmiş mərasim xüsusi əhəmiyyət daşıyırdı.

...Eyni zamanda, TANAP Avropa qaz kəmərinin - “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötüb. Onu da bildirməliyəm ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycan olub.

...Əminəm ki, Cənub Qaz Dəhlizi, hansı ki, biz keçən il rəsmi açılışını etdik, gələn il tam işə düşəcək”.

Davos Ümumdünya İqtisadi Forumunun son hesabatından rəqəmlər

Nəqliyyat-tranzit layihələri barədə öz fikirlərini söyləyən ölkə başçısı bildirib ki, Azərbaycan 2019-cu ildə mövcud olan nəqliyyat infrastrukturundan səmərəli istifadə etdi: “Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək. Nəqliyyat məsələlərinə gəldikdə, mən həmişə bu məsələləri iki yerə bölürdüm. Birinci, daxili nəqliyyat layihələri, ikinci isə beynəlxalq əməkdaşlıq tələb edən layihələr. Düzdür, bu layihələr bir-biri ilə sıx bağlıdır. Ancaq biz bütün addımlarımızı planlı şəkildə atmalı idik. Belə olan halda uğur da qazanılacaqdı, belə də oldu”.

Dövlət başçısının sözlərinə görə, daxili nəqliyyat layihələrinin icrası imkan verib ki, ölkə daxilində çox müasir nəqliyyat infrastrukturu yaradılsın və buna nail olunub: “Misal üçün, baxmayaraq ki, ölkə ərazisi o qədər də böyük deyil, bizim yeddi beynəlxalq hava limanımız var və bunların hər biri işlək vəziyyətdədir. Onlardan altısı beynəlxalq uçuşlar da təşkil edir. Digər tərəfdən, bizim dəniz nəqliyyatımız sürətlə inkişaf etdi. Biz Xəzərdə ən böyük donanmaya malikik. Biz hazırda 2003-cü ildə istifadəyə verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri istehsal edə bilirik. Bu yaxınlarda tarixdə ilk dəfə olaraq Azərbaycanda bərə gəmisi istifadəyə verildi. Onun adı “Azərbaycan”dır. “Laçın” adlı neft tankerinin də inşası tamamlandı və istifadəyə verildi. Növbəti illərdə Bakının gəmiqayırma zavodunda başqa gəmilər də inşa ediləcək”.

Hava nəqliyyatına gəldikdə, Prezident Davos Ümumdünya İqtisadi Forumunun son hesabatından rəqəmlər səsləndirib: Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə, Azərbaycan dünyada 12-ci yerdədir. Yük daşımaq üçün imkanlar var. Azərbaycan indi tranzit hab kimi öz hava məkanından istifadə edir. Eyni zamanda, ölkə daxilində dəmir yolu infrastrukturu yenilənib. Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun iki il əvvəl istismara verilməsi böyük dəyişikliklərə gətirib çıxardı. Dəmir yollarının səmərəliliyinə görə, - yenə də Davos Forumuna qayıdıram, - Azərbaycan 11-ci yerdədir. Yəni, bu, çox yüksək göstəricidir. Eyni zamanda, son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib - həm magistral, həm şəhərlərarası, kənd yolları. Bu göstəriciyə görə, yolların keyfiyyətinə görə, biz dünyada 27-ci yerdəyik. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə, Azərbaycan dünyada 34-cü yerdədir və bu, çox yüksək göstəricidir. Ona görə, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Eyni zamanda, keçən il istifadəyə verilmiş Ələt Dəniz Ticarət Limanı da çox böyük infrastruktur obyektidir. Bu limanın yükaşırma qabiliyyəti hazırda 15 milyon tondur və bunun həcmi 25 milyon tona qədər rahatlıqla artırıla bilər. Beləliklə, bu strateji infrastruktur layihəsi bizə imkan verir ki, Azərbaycan üzərindən yük daşımalarının həcmi artsın”.

İslahatlar

Milli və dini tolerantlıq barədə danışan Prezident Əliyev Azərbaycanın tolerantlıq nümunəsi artıq bir çox ölkələr tərəfindən öyrənildiyinə diqqət çəkib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır, Azərbaycanın tolerantlıq nümunəsi artıq bir çox ölkələr tərəfindən öyrənilir. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri heç vaxt heç bir ayrı-seçkilik hiss etməmişlər. “Bakı Prosesi” bu gün BMT tərəfindən önəmli platforma kimi tanınır.

Dünyanın dini liderləri Azərbaycanın dinlərarası əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirirlər.

Müsahibədə ölkədə aparılan islahatlar mövzusu, təbii ki, kənarda qala bilməzdi. Bu barədə sualı cavablandıran Prezident Əliyev vurğulayıb ki, ötən prezident seçkilərindən sonra islahatların yeni mərhələsi elan edilib və onların ardıcıl şəkildə həyata keçirilməsinə başlanıb: “Yeni hökumətdə müasir dünyagörüşünə malik gənc və təcrübəli kadrlar təmsil olundular. Onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələri görünür. Dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır, həm də kadrlar müasir çağırışlara cavab verməlidirlər. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkədə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin”.

Ölkə başçısı vurğulayıb ki, yeni kadrlar yeni yanaşma, düşüncə tərzi gətirirlər: “Həyata keçirilən siyasət konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Azərbaycan formalaşan yeni siması müasir dövrə, cəmiyyətin gözləntilərinə və mövcud inkişaf strategiyasına uyğun olmalıdır”.

Prezident bildirib ki, yeni təyin edilmiş icra başçılarını qəbul edərkən səsləndirdiyi sözlər onlara verilən ən ciddi tapşırıqdır. Dövlət başçısı bu tapşırıq və göstərişləri bir daha təkrarlayıb: “Vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, məmurlar özlərini təkəbbürlü aparmamalıdırlar. Məmurlar vətəndaşlara xidmət etməlidirlər, onları incitməməlidirlər. Hansısa abadlıq işlərinə görə sahibkarlardan qanunsuz pul tələb olunmamalıdır. Əyri yolla getmək yolverilməzdir, dövlətə, dövlət siyasətinə xəyanətdir. Dövlət məmuru vicdanla xidmət etməli, vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdır. Yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə hər kəs öz vəzifə borcunu vicdanla yerinə yetirməlidir”.

Yeni parlamentdən gözləntilər

Qarşıdan gələn parlament seçkilərinə də münasibət bildirən ölkə başçısı yeni parlamentdən gözləntilərini də açıqlayıb: “Parlament seçkilərinin əsas məqsədi vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazasının formalaşdırılması və qanunvericilik sahəsində atılan addımların ümumi islahatlar kursunu dəstəkləməsinə nail olmaqdır. Parlament seçkiləri cəmiyyət, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək, nəticələr xalqın iradəsini əks etdirəcək. Yeni seçiləcək deputatlar öz dairələrində daha fəal olmalı, vətəndaşlar onları tanımalı və müraciət etməlidirlər. Yeni seçiləcək deputatların yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırması ictimai nəzarətin bir forması olacaq. Majoritar sistem seçicilər üçün ən uyğun və ədalətli sistemdir”.

Rəzalət dövrü

Prezident Əliyevin çıxışında maraqlı məqamlardan biri də müxalifətin mövqeyi ilə bağlı olub. Dövlət başçısı bildirib ki, hər kəs AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayır: “O bizim üçün bir biabırçılıq dövrü idi. Hesab edirəm ki, milli rəzalət dövrü idi. Çünki hakimiyyətə gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi olaraq görürdülər. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil ki, yarışa girmişdilər - kim daha çox oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə. Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya 1000 faizdən çox idi. Onların heç vecinə də deyildi. Onların işi ancaq dövlət əmlakını mənimsəmək idi, mən bunu dəfələrlə demişəm, bunun sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar ki, orada bir dənə də qiymətli əşya qalmadı. Vətəndaşlar axırıncı zinət əşyalarını gətirib verirdilər ki, bu, ümumi işimizə sərf olunsun, onu da taladılar. Ona görə xalqın yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş müharibəsi - bu, ən ağır müharibədir, çünki qardaş qanı tökülür. Orada ermənilər torpağımızı işğal edirdilər, bunlar isə Gəncəni bombalayırdılar, öz xalqına qarşı cinayətlər törədirdilər, sonra da fərari kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki, bu gün müxalifətçiliyi də inhisara götürüblər. Əslində, bunların nə mənəvi haqqı çatır, nə təcrübəsi, nə biliyi. Sadəcə olaraq, onların bu inhisarı saxlamaq üçün bir amili var, o da xarici dəstək. Çünki bunlar xaricdən idarə olunur”.

Dövlət başçısı bu müxalifətin cəmiyyətdə heç bir hörmətinin olmadığını vurğulayıb, qeyd edib ki, müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməli, sağlam, müasir müxalifət formalaşmalıdır. “O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa biz bunu görəcəyik”, - deyə ölkə rəhbəri müxalifət barədə fikirlərini tamamlayıb.

Prezident İlham Əliyevin 2019-cu ilin yekunları ilə bağlı müsahibəsi belə nəticəyə gəlməyə imkan verir ki, Azərbaycanın həm daxili, həm də xarici siyasət kursu, eləcə də sosial-iqtisadi siyasəti əmin əllərdədir. Dövlət başçısının ilə yekun vurarkən nümayiş etdirdiyi yüksək hazırlıq, sərgilədiyi dəqiqlik, sərrastlıq və qətiyyət belə deməyə əsas verir.

APA Analytics