767
15:53
19 Dekabr 2019

Azərbaycanda siqaret çəkən kişilərin sayı AÇIQLANDI

"Sadəcə Avropada deyil, dünyada qeyri-infeksion xəstəliklər ölümə səbəb olan əsas səbəblərdəndir. Ölüm hallarının 90 faizi əsasən məhz bu səbəbdən baş verir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru İvo Rakovac deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2017-ci il STEPS nəticələrinə əsasən, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir: "Siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir. Göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu, bizi çox narahat edir". İ. Rakovac bildirib ki, son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı böyük dəyişiklik olmayıb: "Bir çox Avropa ölkələrində azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik".

O qeyd edib ki, Azərbaycanda alkoqol istehlakı böyük problem hesab olunmur. 2017-ci ildə alkoqol istehlakı göstəricisi 2011-ci illə müqayisədə hətta bir qədər azalıb: "Azərbaycanda meyvə-tərəvəz istehlakı da çox aşağıdır. Sorğunun nəticələrinə görə, əhalinin təxminən 90 faizi gün ərzində tövsiyə olunan miqdarda meyvə-tərəvəz yemir. Bu da xüsusi narahatlıq yaradır. Nəzərə almalıyıq ki, meyvə-tərəvəz bizim sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda meyvə-tərəvəz Azərbaycanda çox geniş yayılıb".