644
18:58
18 Dekabr 2019

Türkiyə FETÖ ilə mübarizədə türkdilli ölkələrdən dəstək istədi

“Qardaş ölkələrlə parlamentarilər səviyyəsində bir araya gələ biləcəyimiz, ortaq problemlərimizə ortaq həllər ortaya qoya biləcəyimiz, birlikdə hərəkət edərək tək ürək, tək bilək ola biləcəyimiz, aramızdakı problemləri barışıq yolu ilə həll edə biləcəyimiz, bölgə xaricindən gələn müdaxilələrə birgə cavab verə biləcəyimiz bir qurum yaradılması faydalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) Bakıda keçirilən 9-cu plenar sessiyasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.

M. Şentop deyib ki, ötən əsrin əvvəlində Mustafa Çokay, İsmayıl Qaspralı, Yusif Akçura, Əli bəy Turan Hüseynzadə başda olmaqla, bir çox türk ziyalısı türk xalqları arasında əlaqələri gücləndirərək bir-birinə daha da yaxınlaşdıracaq dildə, fikirdə, işdə birlik düşüncəsi prizmasında çoxsaylı iş görərək Türk Birliyini xəyal etməyə başlayıblar: “Bu xəyal bəzi səbəblərdən iflasa uğrasa da, bu gün bu məqsəd uğrunda çalışmaq bizə nəsib olub. Bu çərçivədə TürkPA sədri olaraq ötən dövrdə üzv ölkələrin qarşılaşdıqları problemlərin həlli yollarının tapılması və TürkPA katibliyinin beynəlxalq səviyyədə nüfuzunun artırılması üçün səylər göstərmişik. Təşkilatımızın daha təsirli fəaliyyət göstərə bilməsi üçün bu gün təsdiqlədiyimiz TürkPA Daxili Nizamnaməsinə dəyişiklikləri hazırladıq. TürkPA tarixində ilk dəfə üzv ölkələrə təqdim edilmək üçün iki ayrı model qanun tərtib olundu. Azərbaycan Milli Məclisinin hüquqşünasları tərəfindən “Turizm haqqında” və Türkiyə Böyük Millət Məclisinin hüquqşünasları tərəfindən “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanunların hazırlanması Türk PA baxımından yeni başlanğıc olub. Bununla, beynəlxalq əməkdaşlığımızı yeni mərhələyə yüksəltdiyimizi düşünürəm. Bu kimi addımların əməkdaşlığımızı inkişaf etdirəcəyinə əminəm. Seçkilərin müşahidəsinin aparılması, parlamentlərimiz arasında əməkdaşlığımızın gücləndirilməsi, seçkilərin beynəlxalq səviyyədə keçirilməsi kimi məsələləri yazılı qanun halında hazırladıq”.

TBMM sədri qeyd edib ki, model qanunlar əsasında əməkdaşlığın gücləndirilməsi, qarşı-qarşıya qaldığımız, üzv dövlətləri maraqlandıran, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının bir qisminin işğalı kimi problemlərin beynəlxalq təşkilatlarda gündəmə gətirilməsi ilə bərabər, insanlığa qarşı terror cinayətləri ilə mübarizədə əməkdaşlığa önəm verirlər: “Türkiyə olaraq, xüsusən Fətullahçı Terror Təşkilatı, PKK və PYD terror təşkilatları ilə mübarizəni ölkəmizin ən ciddi milli təhlükəsizlik məsələsi olduğunu ifadə edirik. Üzv ölkələrdən Fətullahçı Terror Təşkilatının ölkələrdəki fəaliyyəti və mövcudluğuna qarşı qətiyyətli tədbirlər həyata keçirməyi, Türkiyə tərəfindən onların mal və mülklərinin dondurulması tələblərinin yerinə yetirilməsini gözləyirik. Ən başda qardaşlıq hüququ, ən sonda TürkPA çərçivəsində həyata keçirdiyimiz parlamentar fəaliyyətə uyğun terror və cinayətkar şəbəkələrlə mübarizədə əməkdaşlığımızı daha da gücləndirməliyik. Bu çərçivədə növbəti mərhələdə model qanun kimi seçiləcək qanunlardan birinin beynəlxalq cinayətlərlə bağlı olmasını məmnunluqda ifadə etməliyəm. Suriyada yaşananlarla əlaqədar sərhədlərimizdə yaşanan terror olaylarının qarşısını almaq məqsədi ilə həyata keçirilən “Barış bulağı” əməliyyatına Türk Şurasının toplantısında qardaş ölkələrin dövlət başçılarının dəstəyini də xatırlatmaq istərdim. Türk Şurasına qatılmaq barədə qərar verən qardaş Özbəkistanı bu qərarı ilə əlaqədar bir daha təbrik edirəm. Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayevanı aramızda görməkdən çox məmnunam. Özbəkistan parlamentinin TürkPA-ya qəbulu bizə güc verəcək. Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri və nümayəndə heyətinin bu tədbirdə iştirakından da məmnunluq duyuram. Gələn il 23 apreldə Türkiyə Böyük Millət Məclisinin 100 illiyi qeyd olunacaq və dostluğumuzun nümayişi olaraq hər birinizin gələn il aprelin 23-də keçiriləcək tədbirdə görməkdən böyük məmnunluq duyacağımızı xüsusən qeyd etmək istəyirəm”.