1085
16:55
17 Dekabr 2019

"Mətbuat Şurası da qalsın, KİVDF də, amma..." - Vüsalə Mahirqızı

Ölkədə həyata keçirilən kadr və struktur islahatları mətbuatla əlaqələri tənzimləyən strukturdan da yan keçməyib. Prezidentin son sərəncamları ilə Azərbaycan mətbuatı ilə əlaqələrə məsul olan şöbə ləğv olunub, bu sahədə yeni şöbə yaradılıb. Şöbəyə rəhbər təyin olunmasa da, son günlər mətbuata yanaşma, dövlətlə mətbuat arasında münasibətlər, indiyədək mövcud olmuş sistemdə gözlənilən dəyişikliklər barədə aktiv müzakirələr başlayıb. Bəziləri Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) ləğv olunmasını, mətbuata dövlət dəstəyinin tamamilə dayandırılmasını təklif edirlər. Bəs Azərbaycan mediasının tanınmış simaları, medianın durumunu bilənlər necə hesab edirlər: mətbuat siyasətində və mətbuatın özündə hansı dəyişikliklər olmalıdır?

Lent.az məlumat verir ki, “Yeni Müsavat” qəzeti bu bu suala bir neçə KİV rəhbərindən cavab alıb. Həmin cavabları təqdim edirik:

Rəşad Məcid: “KİV-ə maliyyə ya reklamdan gəlməlidir, ya dövlətdən, əks halda...”

Sualı cavablandıran “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcidin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda mediaya dövlət dəstəyinin verilməsi, KİVDF-nin yaradılması obyektiv şəraitin tələbi ilə baş verib: “Azərbaycanda reklam bazarı ölkənin iqtisadi inkişafı ilə adekvat deyil, ona görə də dövlətin mətbuata dəstəyi lazım oldu. 2008-ci ildə müvafiq konsepsiya imzalandı, sonra isə KİVDF yaradıldı, mətbuata maliyyə şəffaflaşdı və dövlət yazılı mətbuatı məhv olmaqdan xilas etdi. O vaxt cənab prezidentlə görüşəndə də mən bunu demişdim, minnətdarlığımı bildirmişdim. Əgər Azərbaycanda dünyanın əksər ölkələrində olduğu kimi, reklam bazarının həcmi ölkənin Ümumi Daxili Məhsulunun 1 faizi həddində olsaydı, KİV-in dövlətin dəstəyinə ehtiyacı qalmazdı. Bizdə illik reklam bazarının həcmi 7-8 milyon manatı ötmür ki, bu da çox kiçik bir həcmdir. Biz istəyiriksə mətbuatımız güclü olsun, onun müstəqil, şəffaf maliyyəsi olmalıdır. Bu maliyyə ya reklam bazarından gəlməlidir, ya da dövlətdən. Belə olmasa, yaxşı yazarları cəlb edib güclü mətbuat formalaşdıra bilmərik. Xüsusilə sosial şəbəkələrin ənənəvi mediaya ciddi rəqabət yaratdığı indiki dövrdə medianın maliyyə təminatının yüksək səviyyədə olması çox vacibdir. Əks halda, biz xaricdən Azərbaycana qarşı şər-böhtan yağdıran şəbəkənin qarşısında müdafiəsiz qalacağıq. Bu informasiya axınını qabaqlayan, müstəqil, ölkədəki nöqsanları yaza bilən güclü media olmalıdır. Medianın əsas vəzifələrindən biri hökumətin fəaliyyətinə nəzarət etmək, gördüyü nöqsanları yaymaqla ictimai təzyiq formalaşdırmaqdır. Bu mənada növbəti mərhələdə Azərbaycanda medianın daha da güclənməsinə, müstəqil olmasına çalışmalıyıq”.

Baş redaktorun fikrincə, cəmiyyətdə, hökumətin fəaliyyətində problemləri işıqlandıra bilməyən media Azərbaycana xaricdən olan böhtan kampaniyasına effektiv müqaviməti də qura bilməz: “Buna görə də biz çalışmalıyıq mediamız güclü olsun, müstəqil olsun. Onsuz da aparıcı media orqanlarında peşəkarlar, bacarıqlı və vətənpərvər insanlar çalışır. Bu mənada, onlara dövlətin yardımı daha da artırılmalıdır ki, daha peşəkar insanları cəlb edə, öz fəaliyyətlərini daha effektiv qura bilsinlər”.

R.Məcid hesab edir ki, bütün dünyada yazılı mətbuat krizis keçirsə belə, Azərbaycanda onun qalmasına ehtiyac var: “Bu gün bir çox yazılı mətbu orqanların klassik ənənəsi var, ekspert və mütəxəssis rəylərini, analitik təhlilləri cəmiyyətə çatdırırlar. Onların bu fəaliyyətinin daha da güclənməsi üçün dövlətin dəstəyi davam etməlidir. Yəni bu dəstək ya reklam bazarından gəlməlidir, ya da dövlətdən. Digər mənbələrdən gələn gəlirlər mətbu orqanları bu və ya digər məmurdan, iş adamından asılı vəziyyətə salır. Dövlət bu amili nəzərə alaraq mətbuata dəstək mexanizmi yaradıb, bu mexanizmin ləğvi mətbuatı bu və ya digər şəxslərdən asılı vəziyyətə sala bilər”.

Mətbuat Şurasının ləğvi ilə bağlı təkliflərə gəlincə, baş redaktor bunu mətbuatın tənzimlənməsi sahəsindən məlumatsız olan şəxslərin təklif etdikləri qənaətindədir: “Mətbuat Şurası mətbuatın özünütənzimləmə qurumudur. Belə qurumlar bütün dünyada var, Azərbaycan onu özü icad etməyib. Mətbuatın tənzimlənməsində iki təcrübə var: ya dövlətin hansısa qurumu aparır bu işi, ya mətbuat özü. Biz yeni Amerika icad edəsi deyilik. Buna görə də indiki halda söhbət yalnız Mətbuat Şurasının fəaliyyətinin təkmilləşdirilməsindən getməlidir. Bu qurumun fəaliyyətində müsbət məqamlar çox olub, mətbuatın bir çox çətin anlarında dövlətlə onun arasında effektiv vasitəçi olub, münasibətlərin normallaşmasını təmin edib. Burada Əflatun Amaşovun mülayim mövqeyinin də böyük əhəmiyyəti olub. Gələn il Mətbuat Şurasının qurultayı keçiriləcək, fəaliyyətin daha dinamik qurulması üçün təkliflər olarsa, nizamnaməyə əlavə edilər və şura öz fəaliyyətində dəyişiklik edər. Lazım olarsa, yeni İdarə Heyəti, yeni sədr də seçilə bilər. Mətbuat Şurası olmasa, onda gərək hansısa dövlət qurumu yaradılsın mətbuatın fəaliyyətinin tənzimlənməsi üçün”.

Peşəkar jurnalist, “APA Group”un prezidenti Vüsalə Mahirqızı hesab edir ki, Mətbuat Şurası bir özünütənzimləmə qurumu kimi lazımdır və olmalıdır: “Bu, Azərbaycanın təcrübəsi deyil, dünyada tətbiq olunan praktikadır. Mətbuat ya hansısa dövlət qurumu tərəfindən tənzimlənməlidir, ya da özünün yaratdığı qurum vasitəsilə. Azərbaycanda müvafiq dövlət qurumu ləğv edilərək Mətbuat Şurası yaradılıb. Hesab edirəm ki, indi bizim qarşımızda onu ləğv etmək deyil, fəaliyyətində ciddi dəyişiklik etmək vəzifəsi durur. Bu şura medianın qarşılaşdığı problemlərin müzakirə olunduğu müstəvi olmalı, bir çox məsələlərə müstəqil münasibət bildirmək imkanına malik olmalıdır. Eyni zamanda tək yerli deyil, xarici jurnalist qurumları ilə müntəzəm işləməli, mediada inkişafa gətirən bir sıra layihələri yerli və xarici maliyyə dəstəyi - qrantı əsasında həyata keçirməli, media ilə dövlət qurumları, cəmiyyət arasında körpü rolunu oynamalı, bəzən problemləri çözməli, bu prosesdə vasitəçi olmalıdır. Əvvəlcədən də demişəm, Mətbuat Şurasının hansısa jurnalistləri, hansısa media orqanını reket elan etməsi, özündən qara siyahı tərtib etməsi və sair kimi məsələlərin qəti şəkildə əleyhinəyəm. Bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq da bildirmişəm. Hesab edirəm ki, mediadan sui-istifadə, yaxud şəxslərin təhdidə, şantaja məruz qalması konkret cinayət hadisəsidir. Bu tip cinayət işlərinin araşdırılması üçün ölkədə hüquq-mühafizə orqanları var. Mətbuat Şurası bu məsələ ilə bağlı fəaliyyətini birmənalı olaraq dayandırmalıdır”.

KİVDF ilə bağlı məsələyə gəlincə, V.Mahirqızı bildirir ki, bu qurum ölkə prezidentinin çox uğurlu bir layihəsidir: “Fond cənab İlham Əliyevin mediaya münasibətinin təzahürü olan çox yaxşı bir ideyadır. Amma fondun fəaliyyətini bu ideyaya uyğun qurmadılar. Yəni fondun fəaliyyəti düzgün qurulmadı: istər seçim meyarlarında, istər KİV-lərə dövlət dəstəyi olaraq ayrılan vəsaitlərin bölüşdürülməsində. Azərbaycanda dövlətin dəstək verməsi zəruri olan 30 yazılı KİV yoxdur. Adını tanımadığımız, hətta media nümayəndələrinin belə bir dəfə də oxumadığı qəzetlərin ”Yeni Müsavat", “525-ci qəzet” kimi tarixi, mətbuatın inkişafında rolu olan qəzetlərlə eyni səviyyədə tutulması kökündən yanlış idi. Fondun vəsaitlərinin bölüşdürülməsi prinsipləri düzgün müəyyənləşdirilmədi. Bu vəsaitləri 5-6 iri media orqanı arasında ədalətlə bölüşdürmək, onların maddi-texniki bazasını yüksək səviyyəyə çatdırmaq, rəngli formada nəşrini qurmaq olardı. Eyni zamanda qəzetlərin olduğu bir sindikat yaradıb, müstəqil mətbəələrini yaratmaq, qəzet yayımı şəbəkəsini formalaşdırmaq mümkün idi. Fondun keçirdiyi müsabiqələr çox ədalətsiz seçim meyarları ilə müşayiət olunur. Bütün bunlara görə hesab edirəm ki, layihə, ideya çox gözəl və vacib ideyadır. Sadəcə, KİVDF-nin fəaliyyət prinsipləri, meyarları kökündən dəyişməli, modern şəkildə yenidən qurulmalıdır. Bu fond yalnız dövlət vəsaitindən asılı olmamalı, xarici qrant vəsaitləri, digər qanuni gəlir mənbələrinə malik olmalıdır. Bizim mediamız hələ o qədər maliyyə mənbələrinə malik deyil ki, bu fond ləğv olunsun. Buna görə də ümid edirəm ki, fondun fəaliyyəti davam edəcək".

Müşfiq Ələsgərli: “Biz dəyişikliklərin əleyhinə deyilik”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin fikrincə, Azərbaycanda Mətbuat Şurasının ləğvini təklif edənlər mətbuatın fəaliyyətinin tənzimlənməsinə dair dünya təcrübəsindən xəbəri olmayan şəxslərdir: “Təbii ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, media sahəsində də islahatlar getməlidir. İslahatlar dalğası böyük bir prosesdir və cənab prezidentin iradəsi ilə başlanılıb, hesab edirəm ki, hələ davam edəcək. Medianın bu proseslərə sonadək peşəkar dəstək verməsi üçün özünün də bir sıra problemləri aradan qaldırılmalı, bu sahədə də islahatlar olmalıdır. Çox təəssüf ki, yaranmış durumdan istifadə edərək məsələləri fərqli yönə istiqamətləndirmək istəyənlər var. Elə vəziyyət yaranıb ki, medianı bilməyən insanlar da mediada islahatlardan danışırlar. Bu gün Mətbuat Şurası və Milli Teleradio Şurası mətbuatın özünütənzimləmə qurumlarıdır. Mətbuat sahəsində tənzimləyici dövlət qurumunun ləğv olunaraq, yerində özünütənzimləmə qurumu olaraq Mətbuat Şurasının yaradılması Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası çərçivəsində baş verib. O zaman ümummilli lider Heydər Əliyev böyük bir məsuliyyətin altına girərək Mətbuat və İnformasiya Nazirliyini ləğv etdi, əvəzində media yığışıb Mətbuat Şurasını formalaşdırdı. İndi onun ləğvini təklif edənlər yerində nəyin olması ilə bağlı heç bir təklif irəli sürmürlər. Yaxşı, bu media necə tənzimlənməlidir? Mətbuat Şurası ləğv olunsa, onda mətbuatın fəaliyyətini tənzimləyən dövlət qurumu yaradılmalıdır. Bunumu istəyir təklif irəli sürənlər? Əlbəttə, medianı tənzimləyən qurumlarda da yenilənmələr olmalıdır, lakin bu prosesdə demokratik dünya təcrübəsi nəzərə alınmalıdır. Xüsusilə sosial medianın inkişafı nəzərə alınmaqla, müvafiq qanunvericilik hazırlanmalıdır”.

M.Ələsgərli də hesab edir ki, Azərbaycan mətbuatının müstəqil fəaliyyətini təmin edəcək şəffaf maliyyə mənbələri olmadığı üçün dövlətin maliyyə dəstəyi davam etməlidir: “Bizim reklam bazarımız çox məhduddur, onun genişləndirilməsi, medianın özü-özünü dolandırmasına şərait yaradılmalıdır. Buna qədərsə mediaya dövlət dəstəyi davam etməlidir. Biz dəyişikliklərin, yenilənmənin tərəfdarıyıq. Lakin bu yenilənmə qurulanı dağıtmaqla deyil, fəaliyyətdə çatışmazlıqları aradan qaldırıb, müasir çağırışlara uyğunlaşmaqla getməlidir”.